İki il əvvəl Azərbaycan OPEC üzvlərinin və qeyri-üzvlərinin qoşulduğu hasilatın koordinasiyalaşmış azaldılması haqda sazişin iştirakçısı olub. Bu sazişi çox vaxt “OPEC plyus” adlandırırlar. Bu günlərdə OPEC—in baş katibi Muhammed Sanusi Barkindo Bakıda səfərdədir. O, Azərbaycan prezidenti İlham Əliyev və enerji naziri Pərviz Şahbazovla görüşüb.
“Neft sənayesinin beşiyi olan Azərbaycanın gələcəyi OPEC-dədir. Azərbaycan neft hasilatının azaldılması üzrə “OPEC plyus” sazişinin dəstəklənməsində vacib rol oynayır. OPEC və Azərbaycan dünya bazarında neftin qiymətlinin qorunması üçün ən səmərəli tədbirlərin müəyyən edilməsi üzrə əməkdaşlığı davam etdirir”, – Barkindo mətbuat konfransında bildirib.
Barkindo jurnalistlərə onu da bildirib ki, İlham Əliyev “OPEC plyus” konfranslarından birini Bakıda keçirməyi təklif edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC beynəlxalq təşkilatdır və 1960-cı ildə beş neft hasil edən ölkə tərəfindən neft hasilatı kvotasına nəzarət məqsədilə yaradılıb. Qərargahı Vyanada yerləşir. OPEC-ə son zamanlar iki yeni ölkə – Qabon, Ekvatorial Qvineya daxil olub və təşkilat üzvlərinin sayı 14-ə çatıb. Bununla belə kartelin dünya neft hasilatında payı 1970-ci illərin əvvəllərindəki 55 faizdən təxminən 40 faizə enib.