Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edib. Bakıdan şərh
Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edib
AŞPA Azərbaycanın qurumdakı nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. Amma hələ bu qərar qəbul edilməmiş Azərbaycan nümayəndə heyəti kəskin bəyanatla çıxış edərək AŞPA-nı tərk edib. Siyasi icmalçı Hacı Namazovun fikrincə, Avropa strukturu ilə Azərbaycan arasındakı münaqişənin səbəbi “avropalı deputatların qeyri-ardıcıl siyasəti və faktların birtərəfli şərh edilməsidir”.
- Sumqayıtda partlayış baş vermiş yataqxananın sakinləri çarəsiz qalıb
- Azərbaycanda COP29-la bağlı yeni təyinatlar
- Uçurulmuş evlər, dağıdılmış məzarlıq – 32 il sonra Qaradağlıda
Bir gün əvvəl Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. 76 deputat bu qərarın “lehinə”, 10 deputat “əleyhinə” səs verib, daha 4 deputat bitərəf qalıb.
Azərbaycan nümayəndə heyətinin bəyanatı
Amma hələ Parlament Assambleyası tərəfindən yuxarıda qeyd olunan qərar qəbul edilməmiş Azərbaycan nümayəndə heyəti kəskin bəyanatla çıxış edib:
“Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.
Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Şərh
JAMnews baş verənləri şərh etməsi üçün siyasi icmalçı Hacı Namazova müraciət edib.
Ekspertin fikrincə, Avropa strukturu ilə Azərbaycan arasında münaqişənin səbəbi “avropalı deputatların qeyri-ardıcıl siyasəti və faktların birtərəfli şərh edilməsidir”:
“Avropa hadisələrin mahiyyətini və səbəblərini araşdırmadan son xəbərləri yalnız səthi öyrənməklə kifayətlənən savadı kəm oxucu kimi davranır.
Azərbaycan və Ermənistan 2001-ci ildə eyni vaxtda Avropa Şurasına qəbul olunublar. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə başlamazdan əvvəl 19 il ərzində Ermənistanın Azərbaycanın suveren ərazilərinə münasibətdə hərəkətlərinin qanunsuzluğu məsələsi AŞPA-da heç vaxt qaldırılmayıb.
Diqqət yetirin: Ermənistan Konstitusiyasında Avropa Şurasının üzvü olan qonşu dövlətin ərazisində separatçı rejimin dəstəklənməsinə dair bənd var. Bu ölkə on illərdir ki, bu rejimi açıq şəkildə maliyyələşdirir. AŞPA həmişə buna göz yumub.
Amma Azərbaycan öz ərazisində, qonşu ölkə ilə sərhəddə keçid məntəqəsi yaradan kimi Avropada insanlar hiddətlənməyə başladılar. Ancaq heç kim baş verənlərin səbəblərini araşdırmağa belə çalışmadı. Bu sərhəddən Azərbaycana silah-sursat daşınması, Azərbaycanın mədən sərvətlərinin açıq şəkildə istismar edilərək satış üçün Ermənistana aparılması heç kimi narahat etmirdi. Lakin ölkənin öz sərhədlərini və təbii sərvətlərini qorumağa çalışması narahatlıq doğurdu.
Nəzərinizə çatdırım ki, hətta Azərbaycanda cəmiyyətin etiraz təbəqəsi də AŞPA-nın qərarını mənfi qiymətləndirir. Çünki Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsinin səbəbləri əsasən ədalətsizdir.
Assambleya yalnız Azərbaycanda insan haqlarının vəziyyəti ilə məhdudlaşsaydı, bunu başa düşmək olardı. Azərbaycanda söz azadlığı və fundamental insan haqları ilə bağlı böyük problemlər var. Amma bu tezis ölkəyə qarşı açıq-aşkar əsassız iddialardan yalnız biridir.
2001-ci ildən 2020-ci ilə qədər 19 il ərzində Avropa Şurasından kiminsə Azərbaycanın işğal olunmuş ərazilərində mədəni sərvətlərin təhlükəsizliyilə bağlı monitorinq keçirmək təşəbbüsü haqda eşitmisinizmi? Daha yerlə-yeksan olmuş bütöv şəhər və kəndlərin qorunmasından danışmıram. Xeyr, Azərbaycanın dəfələrlə beynəlxalq strukturlara müraciət etməsinə baxmayaraq, bununla bağlı bir işarə belə yox idi. İndi isə AŞPA öz nümayəndəsinin Qarabağa buraxılmamasından inciyir.
Ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir dənə də olsun fakt yoxdur. Belə bir fakt sadəcə mövcud deyil. Ermənilər bu dövlətin qanunları ilə yaşamaq istəmədiklərini bildirərək, yaşadıqları yerləri könüllü şəkildə tərk ediblər. Kimlərinsə bir ölkəni öz iradəsi ilə tərk etdiyinə görə həmin ölkəni cəzalandırmaq kimin ağlına gələr? Axı rəsmi Bakı hər vasitəylə – radio ilə, vərəqələr yaymaqla Qarabağ ermənilərini öz evlərində qalmağa çağırır, onların təhlükəsizliyinə zəmanət verirdi. Necə deyərlər, zorla gözəllik olmaz. Amma Avropa bütün bunları tamam başqa cür, təhrif olunmuş formada görür.
Bundan sonra nə olacaq? Ola bilsin ki, Azərbaycan Avropa Şurasını da tərk etsin, ölkə AİHM-in yurisdiksiyasından da çıxsın. İqtidaryönlü mediada artıq bu haqda yazılıb. Bu, sadə Azərbaycan vətəndaşları üçün yaxşı heç nə vəd etmir. Bütün baş verənlərdə problemləri ədalətlə həll etmək və demokratikləşmə prosesinə kömək etmək əvəzinə, sadəcə olaraq, bütöv bir ölkəni özündən uzaqlaşdırmağa qərar verən Avropa günahkar deyilsə, o zaman kimdir günahkar?”