Azərbaycan növbəti lokdaunu gözlərkən
Bu gün Azərbaycanda sosial şəbəkələrin və medianın əsas müzakirə mövzusu növbəti lokdaunun elanı ehtimalıdır. Siyasətçilər, həkimlər və sadə vətəndaşlar karantin rejiminin yenidən sərtləşdirilməsinin “lehinə” və “əleyhinə” arqumentlərini bölüşürlər.
Azərbaycan cəmiyyəti ikinci həftədir ki, ölkədə karantin rejiminin növbəti dəfə sərtləşdirilməsini gözləyərək keçirir. Yayılan israrlı şayiələr və ölkənin əsas bayramı – Novruzun yaxınlaşması bu gözləntiyə yol açıb.
Ekspert rəyləri ilə dəstəklənən şayiələr
Hələ martın əvvəlində KİV-də gedən informasiyaya görə, martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirməli və martın 15-dən növbəti lokdaunun elan olunmalıdır.
Hələ elan olunmamış tədbirlərin təkcə dəqiq tarixi haqda məlumat yox, həm də bir çox ekspertlərin bu informasiyası təsdiqləməsi təəccübləndirir.
Doqquz gün – martın 20-dən 28-ə qədər Azərbaycanda Novruz bayramına görə qeyri-iş günü elan edilib.
“Bayram günlərində insanların çox toplaşdığı yerlərdə məhdudiyyətlərin tətbiqi mümkündür”, – Azərbaycan parlamentinin deputatı Müşfiq Məmmədli deyib.
“Nəzərdə tutulan uzun istirahət günlərində ictimai nəqliyyatın hərəkətində məhdudiyyətlər ola bilər. 65 yaşdan yuxarı insanların evdən çıxmasına da qadağa qoyula bilər”, – həkim, Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm bildirib.
Karantin əleyhdarlarının səsləri
Sözügedən tarix yaxınlaşdıqca bəzi siyasətçilər ehtimal olunan karantin tədbirləri haqda daha sərt danışmağa başlayıblar.
“Bayramqabağı günlərdə qiymətlər bahalaşır. Amma vətəndaşlar adekvat əməkhaqqı almır. Hər şeyi ucdantutma bağlamaq doğru deyil. Deyirlər ki, regionlara gediş bağlanacaq. Amma bu 10 gündə insanlar öz qohumlarını ziyarət edə bilərdilər.
Polislər haqda da düşünmək lazımdır. Onlar temperatur ölçmürlər, sadəcə evdən çıxmaq üçün icazənin olub-olmadığına baxırlar. Belı çıxır ki, xəstə insanlar rahatlıqla hüquq-mühafizəçilərini yoluxdura bilər.
Vaksinasiya tədbirlərini gücləndirmək lazımdır. Bəzi ölkələrdə artıq vaksinasiyadan keçənlər üçün yaşıl pasportlar tətbiq edilir. Bizdə də bu cür tədbirlər görülməlidir”, – Azərbaycan parlamentinin deputatı Fazil Mustafa bildirib.
Karantin mövzusunda zarafatlar
Azərbaycan cəmiyyətində Operativ Qərargahın koronavirusa yoluxanlar və sağalanlarla bağlı gündəlik açıqladığı rəqəmlərə az adam etibar edir.
“Operativ Qərargahda müşavirə:
— Sabah nə qədər yoluxma deyək?
— 703.
— Yox, mənim maşınımın nömrəsi 703-dür. Birdən camaat şübhələnər.
— Yaxşı, gəlin 777 deyək.
— Bu nə rəqəmdir? Sonra adımızı Koroğlu qoyacaqlar ki, onun 7777 dəlisi var idi, bizim də 777 yoluxmuş “xəstəmiz”.
— Bəlkə 801 deyək birdəfəlik, brifinqə az qalıb axı.
— Hə, bu yaxşı fikirdir. Oldu, danışdıq, sabaha 801 deyərik…
Mənə elə gəlir ki, OQ-da yoluxma sayı təxminən, belə açıqlanır”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində yazıb.