“Azərbaycan “Laçın dəhlizini” bağladığını bəyan etməlidir” – Tofiq Zülfüqarov
Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020-ci il 10 noyabrda imzalanan və ikinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın bəzi şərtlərinin reallaşdırılması münaqişə tərəfləri arasında ciddi maneəyə çevrilib.
Ermənistan Azərbaycanı hərbi əsirləri qaytarmamaqda, Azərbaycan isə Ermənistanı “Zəngəzur dəhlizi” üzrə nəqliyyat əlaqəsinin açılması prosesini ləngitməkdə günahlandırır.
- İki azərbaycanlı jurnalist minaya düşərək həlak olub
- Yerevan, Bakı və Moskva nələri müzakirə edir və artıq etmir?
- Azərbaycanda iki Ermənistan vətəndaşı mühakimə olunur
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Azərbaycan adekvat addımlar atmalıdır və cavab olaraq “Laçın dəhlizini bağlamalıdır”.
“Ermənistan vəziyyəti qəsdən gərginləşdirir”
Zülfüqarov hesab edir ki, Ermənistan və Azərbaycan sərhədində təxribat təsadüfi xarakter daşımır:
“Hesab edirəm ki, sərhəddəki təxribatlar Yerevan tərəfindən bilərəkdən törədilir. Məqsədləri yeni münaqişə zonası yaratmaq və 44 günlük müharibənin nəticəsində oyundan kənarda qalan bəzi dünya oyunçularını bölgəyə qaytarmaqdır. Nikol Paşinyan Parisə getməzdən əvvəl müəyyən bəyanatlar səsləndirdi, elə səfəri çərçivəsində də bəzi fikirlər söylədi. Açıq dedi ki, vasitəçilik istəyir”, – keçmiş nazir qeyd edib.
Azərbaycanın keçmiş XİN rəhbərinin fikrincə, Azərbaycan Minsk Qrupunu demək olar ki, oyundan kənarlaşdırıb. “İndi sərhəd yeganə yerdir ki, Ermənistan orada nəsə edə bilər. Bu səbəbdən də istəyir ki, prosesləri qızışdırsın və sərhəddən sonra gərginlik Qarabağa keçsin, nəticədə əvəlki kimi bəlli oyunçular – Fransa və ola bilsin ki, ABŞ bölgədə söz sahibi olsunlar”.
“Ermənistan öz sərhədində kimi istəsə, yerləşdirə bilər”
“İstəyirlər [Ermənistan] ayrı bir oyun oynasınlar. Əlbəttə, Azərbaycanın öz sərhədlərində öz sərhədçiləri duracaq. Yəni, bu oyuna gedən deyilik. Onlar öz sərhədləri boyunca kimi istəyirlərsə, yerləşdirsinlər.
İndi Ermənistan sərhədlərində ruslar da var və onlar rəsmi şəkildə Ermənistan sərhədlərinin qorunmasında iştirak edirlər. Əgər, indi başqa ölkələrin də hərbçilərini prosesə cəlb etmək, sərhədlərində yerləşdirmək istəyirlərsə, bu, Yerevanın öz işidir. Bzim Ermənistanın bu istəyinin qarşısını almaq imkanımız yoxdur.
Biz öz sərhədlərimizi müəyyən etməli, onu nəzarətə götürməliyik. Məncə, kiminsə vasitəçilik funksiyasını qəbul etmədiyimizi qəti şəkildə ortaya qoymalıyıq”.
“Bizim işimiz bu prosesi müşahidə etməkdir”
Ermənistanın başqa beynəlxalq vasitəçilərin regiona dəvətinə Rusiyanın reaksiyası məsələsinə gəlincə, Tofiq Zülfüqarov düşünür ki, Rusiya burada ən maraqlı tərəfdir:
“Rusiya Ermənistanla dost olmaqda qərarlıdırsa, buyurub Ermənistana “dostum, siz nə edirsiniz?” sualını versin. Biz də kənardan baxıb prosesləri müşahidə edək, lazım olsa, alova bir az da nöyüt tökək ki, yaxşı yansın”.
“Üçtərəfli razılaşmanın təminatçısı Rusiya və şəxsən onun prezidentidir. Günlərin birində biz ruslara sual verəcəyik. Deyəcəyik ki, Ermənistan üçtərəfli sazişdən imtina edir. Onlar sazişin bir qismini yerinə yetirsələr də, bir qismini yetirmirlər. Əgər onlar öhdəliklərdən imtina edirlərsə, bu o deməkdir ki, üçtərəfli saziş yoxdur. Deməli, biz də imtina edə bilərik.
İkincisi, Prezident Vladimir Putin 10 noyabr razılaşmasından sonra elan etdi ki, əgər Ermənistan razılaşmadan imtina edərsə, bu, onun üçün fəlakət olacaq… Heç kimin şübhəsi yoxdur ki, Azərbaycan öz sərhədini tam şəkildə bərpa edəcək. Üstəlik, bu halda Naxçıvanla kommunikasiyanı da yaradacaq. Çünki bu, Azərbaycan üçün vacib məsələdir. Bu baxımdan ermənilər istəyirlərsə, hansısa əcnəbi hərbçiləri sərhədlərində yerləşdirsinlər. Guya orada fransız və ya alman əsgəri duracaq? Mən bu ehtimalları ciddi qəbul etmirəm”, – Zülfüqarov əlavə edib.
“Heç kim Ermənistana görə Rusiya ilə müharibə başlatmayacaq”
Onun sözlərinə görə, üçtərəfli bəyanatın maddələrinin yerinə yetirilməməsi Putinin imicinə zərbədir: “Razılaşmanın da qarantı Rusiyadır. Ermənistanın son davranışları bizə deyil, əslində, Rusiyaya qarşıdır. Ümumiyyətlə, indiki mərhələdə Ermənistan üçün əsas təhlükə onunla bağlıdır ki, Rusiya və Qərb burada toqquşmağa hazırdır. Bu toqquşmada əsas oyunçu Azərbaycan olmayacaq. Bu baxımdan Ermənistan üçün mürəkkəb və riskli vəziyyət yaranır. Təbii ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün hazır olmalıdır.
Ermənistan isə yenə də öz çapına uyğun olmayan oyun aparmaq istəyir, amma bu, mümkün deyil. Heç kəs Ermənistana görə müharibəyə başlayan deyil. Biz bunu həm Gürcüstanın, həm də Ukraynanın timsalında gördük. Odur ki, bu, ermənilərin illüziyaya qapanmasından başqa bir şey deyil”.
““Laçın dəhlizində” öz postumuzu quraq”
“Siyasi təhlillər onu göstərir ki, Ermənistan tərəfindən belə bəyanatlar artmaqda davam edəcək. Bu halda bir müddət Azərbaycan Rusiya ilə açıq və gizli məsləhətləşmələr aparacaq. Mövzu da Ermənistanın razılaşmadan imtina etməsi məsələsi olacaq. İstisna etmirəm ki, biz də bəzi bəndlərin icrasından imtina edə bilərik. Məsələn, “Laçın dəhlizində” öz postumuzu qura, özümüz istədiyimiz şəkildə bundan istifadə edə bilərik.
Burada söhbət konstatasiya, yəni faktın təsdiq edilməsi mərhələsindən gedə bilər. Əgər sən razılaşmadan imtina edirsənsə, buna cavab olaraq hansısa siyasi hadisələr baş verməlidir”, – Zülfüqarov AzPolitika saytına müsahibəsində bildirib.