Azərbaycan kinosu: var və yox arasında
– Burda nə olacaq?
– Qumarxana. Yaxşı mənada.
“Yaxşı mənada qumarxana”nın nə olduğunu izah etmir, birisi onu artıq kənara çəkir və səsi 80-lərin musiqisində itib-batır.
“La Chateau” barının yanında texnika ilə dolu yük maşını dayanıb, orda bir də qar təpəsini təqlid edən penopalst yığını var. Bu gün burda ilkin adı “Xəyalpərəst” olan filmin epizodlarından biri çəkilir. Bu, gənc rejissor Rüfət Həsənovun sayca ikinci tammetrajlı filmidir. Bu arada, bar öz gündəlik rejimi ilə işləyir, müştərilərlə aktyorlar və çəkiliş qrupu bir-birinə qarışıb. “İlham pərisi” üçün bir qədəh tekila da pis getmir, saatın əqrəbləri onu göstərir, çəkilişlər təzəcə başlayıb, həyətdə qışdır. Qapılar fasiləsiz açıldığından içəri elə soyuqdur ki, hamı üst geyimində gəzir, operator hətta əlçəklərini də çıxarmır.
“Xəyalpərəst” absurd bir şəraitdə platonik sevgi haqqında komediya-melodramdır. Deyəsən, bu, 2017-ci ildə dövlət sifarişi ilə çəkilən yeganə filmdir. Bu il Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı büdcə çətin ki daha bir layihəyə çatsın. Yeri gəlmişkən, Azərbaycan kinosu hazırda əhəmiyyətli bir dönəm keçirir, o, nəhayət ki, “yerindən tərpənib” və bundan belə hara irəliləyəcəyini qərarlaşdırır.
Kino varmı?
Müasir Azərbaycan kinematoqrafı əcaib durumdadır. O sanki mövcuddur, amma eyni zamanda həm də yoxdur. Yəni bir növ filmlər meydana gəlir, amma tamaşaçılar onları görə bilmir.
Nəticədə tamaşaçılar üç kateqoriyaya bölünür.
Birinici – bu kateqoriya üçün Azərbaycan kinosu hardasa 90-ların əvvəllərində sona çatıb və indi onlar, ümumiyyətlə, ölkədə nəyin çəkildiyindən xəbərsizdirlər. Yeri gəlmişkən, belələri çoxluq təşkil edir.
İkinci kateqoriya – ən şəkkak və tənqidi köklənmiş tamaşaçılardır ki, onlar yerli filmlərdən yaxşı heç nə gözləmir və növbəti yeni filmi təsvir etmək üçün uyğun mədəni söz tapmaqda çətinlik çəkirlər.
Və nəhayət, “yerli istehsal”a loyal münasibət bəsləyən və “prosesin getdiyinə” sevinən daha çox sülhsevər üçüncü kateqoriya mövcuddur. Üstəlik hər növbəti filmin ərsəyə gəlməsindən sonra ikinci və üçüncü kateqoriya sosial şəbəkələrdə “əlbəyaxa” olur.
Yeni nə var?
Tammetrajlı filmlərlə rahat məşğul olmaq üçün əvvəlcə digər janrlar haqqında bir neçə kəlmə söyləyək.
Həm bədii, həm də sənədli qısametrajlı filmlər Azərbaycanda tərifəlayiq fəallıqla çəkilir. Əsas səbəb rejissorların lakonikliyə olan sevgisi deyil, tammetrajlı filmlərə çox vaxt vəsaitin çatmamasıdır. Onlardan çoxu beynəlxalq festivallarda mükafat da almır.
Film festivallarını doyunca gəzib qurtarandan sonra növbə yerli tamaşaçıya da çatır, onun üçün mini-nümayişlər təşkil olunur.
Son bir neçə ildə “Yerli istehsalçıya yardım olaq, xarici sabuna “yox” deyək!” şüarını əldə bayraq tutaraq, seriallar da zərbəçi sürətlə çəkilməyə başlayıb. Düzdür, onlar televiziya ilə müntəzəm nümayiş olunsa da, zamanında “Santa-Barbara” və “Tropikli qadın”serialları kimi evdar qadınların ürəyinə yol tapmayıb. Hərçənd bu başqa məqalənin mövzusudur.
Orta statistik azərbaycanlı bu on filmdən neçəsini görüb? Özü kimi “bayağı” komediyaların arasından təkcə “Bəyin qohumları” və “Xoxan” kinoteatrlarda nümayiş olunub. “Pərdə” kinoteatrlarda da nümayiş olundu, sosial şəbəkələrdə də yaxşı yayıldı, qalan filmlərəsə əsasən özü kino sənayesində işləyən tamaşaçı, o cümlədən ekspert və jurnalistlər baxıb.
Bununla belə, demək olar ki, bütün ekspertlər tamaşaçı marağını yüksək qiymətləndirir. Statistika da göstərir ki, hazırda yerli filmlərə tamaşaçı marağı müstəqil Azərbaycan kinosunun mövcudluğundan bəri ən yüksək həddə çatıb. Hərçənd bu meyarı təkcə komediyalara aid etmək olar. Əvəzində dram və digər o qədər də şən olmayan filmlərə çoxları üstünlük vermir.
Bundan başqa, ciddi filmlərin ərsəyə gəlməsi yenə də maliyyə vəsaitinin çatışmazlığına dirənir. Tamaşaçını bu və ya digər filmə baxmağa məcbur etmək üçün ən azından o, həmin filmin mövcudluğundan xəbərdar olmalıdır. Bunun üçünsə reklam lazımdır. Özü də çoxlu reklam. Kommersiya filmlərinin buna imkanı olduğu halda, qeyri-kommersiya filmləri kölgədə qalır.
Odur ki, əksər tamaşaçı ekrana çıxan yeni dramdan xəbərsiz olur. Hərçənd “ekrana çıxmaq” ifadəsi bu hala tətbiq edilə bilməz. Çünki bu cür filmlər nə kinoteatrlarda, nə də televizorda, demək olar ki, göstərilmir. Bircə hansısa “milli kino günləri” çərçivəsindəki nümayuişlər istisna olmaqla. Məlum günlər elə yaxınlarda “Nizami” kinoteatrında keçirilib. Sizcə, bu filmlər günün hansı hissəsində nümayiş etdirilib? Səhər saat 10:30-da. Hansısa tamaşaçının səhər durub kinoya gedəcəyini təsəvvür eləmək olduqca çətindir. Elə həmin kinoteatrda hətta cizgi filmləri daha gec saatlarda nümayiş olunur.
“Nərimanfilm” studiyasının direktoru Nəriman Məmmədov:
“Bizim əsas problemlərimiz – yaxşı texnikanın çatışmazlığı, beynəlxalq təşkilatların proqramlarında iştirak eləmək üçün hüquqi bazanın olmaması, dünyada gedən kino prosesindən ayrı düşmək və ixtisaslaşmış mütəxəssislərin qıtlığıdır. Ən nəhayət, ölkədə həddən az kinoteatr var ki, bu da filmlərin istehsal rentabelliyinə güclü təsir göstərir”.
İradə Bağırzadə, Adari Film studiyasının direktoru:
“Onsuz da bizdə o qədər də çox olmayan sponsor və investorlar heç də filantrop deyil. Onlar təkcə xərcini çıxaracağına ümid bəslədikləri filmlərə pul qoyurlar. Əgər sən qeyri-kommersiya filmi çəkirsənsə və həqiqi incəsənətlə məşğul olmaq isrəyirsənsə, demək olar ki, heç yerdən kömək almayacaqsan. Bu mənada kinonun inkişafı üçün dövlət fondu və gənc kinematoqrafçılara dəstək proqramları zəruridir. Hələliksə yeganə maliyyə mənbəyi Mədəniyyət Nazirliyidir. Bu isə ildə cəmi iki-üç layihədir. Yeri gəlmişkən, bütün layihələr, adətən, təkcə “Azərbaycanfilm” kinostudiyasının bazasında reallaşdırılır ki, məlum studiya prosesə qeyri-peşəkar və qeyri-müasir yanaşdığından, çoxları onunla əməkdaşlıq etməkdən sadəcə imtina edir. Nəticədə tamaşaçılar tərəfindən qəbul olunmayan zəif filmlər çəkilir”.
Hər şeyə rəğmən, necə qazanmalı?
Qeyri-kommersiya filmləri çəkmək istəyən rejissorlar bu sxemlə hərəkət edirlər: ssenari yazır, tizer çəkir, sonra hardasa xaricdə sponsorlar tapırlar. Daha sonra bəxtləri gətirsə, həmin film nüfuzlu kinofestivala gedir. Elə həmin ərəfədə onu Avropa ölkələrindən birinin televiziyasına satmaq olar.
Şübhəsiz ki, belə olan halda azərbaycanlı tamaşaçı onu görməyəcək. Az büdcə ilə çəkilmiş, başdan-başa milli koloritlə, Asiya ekzotikası ilə zənginləşdirilmiş bu qəsdən “evcil” filmlər məhz belə satılır, axı onları ixrac etmək asan başa gəlir. Yeri gəlmişkən, daha çox qısametrajlı filmlər bu cür tale yaşayır.
Asif Rüstəmov, rejissor, Buta Film studiyasının nümayəndəsi:
“Mədəniyyət və Turizm Nazirliyi filmlərin çəkilişinə hər il müəyyən vəsait ayırır. Müstəqil kinostudiyalar və rejissorlar öz layihələrini təqdim edirlər və maraqlı hesab olunduqları təqdirdə onlara maliyyə ayrılır. Hələ bir neçə il əvvəl bu sistem uğurla işləyirdi. Lakin 2012-ci ildə “Azərbaycanfilm”in direktoru vəzifəsinə Müşfiq Hətəmov gəldi və hər şey korlandı. İndi bütün layihələr dövlət kinostudiyasının bazasında çəkilir, Hətəmov özüsə nədənsə prodüser rolunda çıxış edir, halbuki onun “prodüserliyi” sərt və tamamilə fərsiz qənaətə, müddətin kəsilməsinə və s. gətirib çıxarır. Nəticədə ortaya keyfiyyətsiz filmlər çıxır”.
Müşfiq Hətəmov, “Azərbaycanfilm” dövlət kinostudiyasının direktoru:
“Mən ünvanıma deyilmiş ittihamlarla bağlı heç nə söyləməyəcəm. Kino faktları sevir. Bu da onlardan biri: son bir neçə ildə Azərbaycan filmləri əlli iki ölkənin, demək olar ki, yüzlərlə festivalında iştirak edib və çox sayda mükafat alıb. Bundan başqa, üç yüz gənc mütəxəssis, – onların arasında rejissorlar, ssenaristlər və operatorlar var, – “Azərbaycanfilm”lə əməkdaşlıq etməklə bacarıqlarını göstərmək imkanı qazanıblar”.
Buta Film
Yeni qanun
Mədəniyyət və Gənclər Nazirliyinin sifarişi ilə hazırlanmış yeni qanun artıq Milli Məclisin (parlament) müzakirəsinə təqdim olunub. Bu qanun qəbul edilərsə, ola bilsin ki, xaricdən kinotexnikanın alınmasının rüsumu azaldılsın, kinoteatrlar və telekanallara isə Azərbaycan filmlərinin nümayişi üçün rəsmi faiz müəyyənləşdirilsin.
Müşfiq Hətəmov gələcəkdə baş verəcək dəyişikliklərə münasibətdə xüsusilə nikbindir. Asif Rüstəmovsa, əksinə, yaxşı heç nə gözləmir:
“Qanun layihəsi tələsik və heç bir real problemlər, ehtiyaclar nəzərə alınmadan müstəsna olaraq məmurlar tərəfindən hazırlanıb. Üstəlik qadağalar və məhdudidyyətlərlə dolu məlum qanun layihəsi heç də kinonun inkişafına xidmət eləmir, əksinə, müstəqil studiyaların senzura atəşinə tutulması və incidilməsinə zəmin yaradır”.
Bu gün Azərbaycan filmlərini kim çəkir?
Ötən nəsillərin rejissorlarını hamımız xatırlayırıq – Eldar Quliyev, Rasim Ocaqov və başqaları. Gəncləri isə təkcə “öz çevrələri” tanıyır.
Onların 28-38 yaşı var. Çoxu xaricdə təhsil alıb, bəzilərisə “rejissorluğa qaçmazdan” öncə, məsələn, iqtisadçı diplomu almağa macal tapıb. Azərbaycanda kino tamamilə gəlirsiz və hətta maddi zərər gətirən məşğuliyyət olduğundan, bu sahəyə təkcə incəsənətə olan sevgilərindən gəlirlər. Ya da ən çoxu şöhrətpərəstlikdən. Odur ki, azərbaycanlı rejissorlar (xüsusilə də müəllif kinosu çəkənlər) başdan-başa romantiklərdən ibarətdir.
“La Chateau” barındakı çəkilişlərdən iki həftə keçib. Penoplast qar təpələri “əriyib”, film çəkilib və dekabrda prokata çıxmalıdır. Deyəsən, Rüfət Həsənov filminə hər kəsin baxması üçün əlindən gələn hər şeyi etmək niyyətindədir. Axı sonunda o, ilk dəfə öz mənafeyindən əl çəkib.
“Əvvəllər kinematoqrafa kifayət qədər tənqidi yanaşmam olub – mən sinefillər (kinosevərlər) üçün film çəkmək istəmişəm. Bu filmsə tamamilə başqa cür alınıb. O, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulub – kifayət qədər yumor var, hekayə də rahat həzm olunandır. Bir sözlə, normal kütləvi kino. Tamaşaçılar ona baxmağa gələcək. Daha sonrasa geniş auditoriaynı dərin filmlərə alışdırmaq olar. Mən, demək olar ki, buna əminəm”.