“İsrail və Türkiyə arasındakı gərginlik yenə Azərbaycana təsirsiz ötüşmədi”
Azərbaycan İsrail və Türkiyə arasında
Türkiyə prezidenti COP29-da iştirakla bağlı Bakıya uçmaq üçün İsrail prezidentinin təyyarəsinə ölkəsinin hava məkanından istifadə etməyə icazə vermədiyini təsdiqləyib. Azərbaycanlı analitik hesab edir ki, Ankaranın bu addımını rəsmi Bakının Türkiyənin mövqeyindən çox fərqli olan İsrailə münasibətinə cavab kimi şərh etmək olar. “Ancaq Türkiyə Azərbaycan üçün COP29-da təmsilçilik səviyyəsi kimi həssas məsələdə fərqli davrana bilərdi” deyə siyasi şərhçi Əhməd Əlili bildirib.
- Bakı bulvarında dəniz gəzintiləri iki illik fasilədən sonra bərpa edilib
- “Biz geri çəkilməyəcəyik” – Tbilisidə müxalifətin etiraz aksiyası davam edir
- “Cənubi Qafqazda əməkdaşlığa dəstək” – Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono JAMnews-a müsahibəsində
Nə baş verib?
İsrail prezidenti İshaq Hersoq noyabrın 19-da COP29-da iştirak etmək üçün Bakıya gəlməli idi.
Bununla belə, noyabrın 17-də prezident ofisindən Hersoqun səfərinin “təhlükəsizlik səbəbindən” ləğv edildiyi bildirilib, amma məsələ ilə bağlı ətraflı məlumat verilməyib.
“Vəziyyətin qiymətləndirilməsi fonunda və təhlükəsizlik səbəbi ilə dövlət (İsrail) başçısı Azərbaycanda iqlim konfransına səfərini ləğv etmək qərarına gəlib”, – rəsmi məlumatda deyilir.
Ev sahibi olaraq Azərbaycan səbəbin Türkiyənin “Wing of Zion” təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi ilə bağlıolduğunu bildirib.
“Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar nəticə vermədi. Azərbaycan iqlim konfransında bütün tərəflərin iştirakı üçün müvafiq şərait yaradıb, lakin İsrail prezidentinin səfəri ilə bağlı bu vəziyyət bizim ölkədən asılı olmayan səbəblərdən yaranıb”, – Azərbacan Xarici İşlər Nazirliyinin rəsmisi mediaya bildirib.
“Biz hava məkanımızdan istifadə etməyə icazə vermədik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidentinin təyyarəsinin Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədiyini təsdiq edib.
“Biz İsraillə ticari əlaqələri kəsmişik və onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik”, – deyə o, Braziliyada G-20 sammiti zamanı keçirdiyi mətbuat konfransında bildirib.
“Bildiyiniz kimi, biz İsraillə ticari əlaqələri tamamilə kəsmişik. İsrail prezidentinin COP29 sammitində iştirak etmək üçün Azərbaycana səfərinə gəlincə, biz onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik”, – deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Hersoqun Bakıya getmək üçün başqa marşrutları da var idi.
“Türkiyə bir sıra məsələlərdə öz mövqeyini nümayiş etdirməlidir və biz bunu edəcəyik”, – deyə o əlavə edib.
Xatırladaq ki, İsrail nazirləri Bakıya Gürcüstandan keçən ticari reyslərlə gəliblər.
Türkiyə və İsrail kəşfiyyat rəhbərlərinin görüşü
Bu arada, noyabrın 19-da İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar Türkiyəyə səfər edərək Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, kəşfiyyat xidmətlərinin rəhbərləri Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası səylərini və Ankaranın bu işdə köməklik göstərməsi imkanlarını müzakirə ediblər.
Daha əvvəl adı açıqlanmayan ərəb rəsmisi “The Times of Israel”ə bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatı rəhbərliyinin nümayəndələri hazırda Türkiyədədir.
Rəsmi Ankara isə öz növbəsində HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçürülməsi ilə bağlı ittihamları rədd edib. Türkiyə Xarici İşlər Nazirliyi ittihamların həqiqətə uyğun olmadığını bildirib.
Ekspert şərhləri
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə-İsrail münasibətlərindəki gərginliyin yenə də Azərbaycana təsir etdiyinə diqqət çəkir:
“Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi.
Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi.
Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə “Həmas” təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, “Həmas” ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar”.
Siyasi analitik Əhməd Əlili “Turan”a müsahibəsində qeyd edib ki, Türkiyə COP29-da təmsilçilik səviyyəsi kimi Azərbaycan üçün həssas məsələdə fərqli davrana bilərdi:
“Təbii ki, bu vəziyyət Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı müəyyən suallar ortaya çıxardı. Amma məsələ ondan ibarətdir ki, İsrail məsələsində Azərbaycanın mövqeyi həmişə fərqli olub.
Azərbaycanın xarici siyasətini çox zaman ittiham edirlər. Məsələn, Avropa İttifaqı və ABŞ-da Azərbaycanı uzun müddət Rusiyadan asılı olmaqda ittiham ediblər. 2020-ci il Qarabağ müharibəsindən sonra isə Azərbaycanın xarici siyasətini Türkiyədən tam asılı olmaqda ittiham etdilər.
Amma İsrail, Kosovo və bir sıra digər məsələlərdə Azərbaycan xarici siyasətində Türkiyədən fərqli, hətta bəzi hallarda Türkiyənin istəyinin əksinə mövqe nümayiş etdirir. Bu da Azərbaycanın xarici siyasətinin müstəqil olduğuna dəlalət edir.
Mümkündür ki, İsraillə bağlı məsələlərdə Azərbaycanın bu cür müstəqilliyi Ankaranın daim nəzərində olub. Türkiyə rəhbərliyində də belə bir fikir formalaşmış ola bilər ki, əgər Azərbaycan İsraillə bağlı müstəqil mövqe nümayiş etdirirsə, deməli, Türkiyə də eyni cür davrana bilər. Bu səbəbdən də rəsmi Ankara belə bir addım atmış ola bilər. Bu, əslində standart praktikadır.
Amma açığı COP29-da təmsilçilik səviyyəsi, Azərbaycana dünya liderlərinin gəlməsi kimi Azərbaycanın həssas olduğu bir məsələdə düşünürəm ki, Ankara fərqli davrana bilərdi”.