Azərbaycan İrana hücum edəcəkmi? - "The Washington Post" qəzetinin iddiası barədə
Azərbaycan İrana hücum edəcəkmi?
Ağ Evə yaxın “The Washington Post” qəzetinin analitik yazısında iddia olunur ki, İranda daxili vəziyyət zorakı münaqişəyə çevrilərsə, Azərbaycan öz soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala bilər.
Belə bir senari ilk baxışda radikal görünsə də, müəyyən əsaslara söykənir. Əvvəla, statistik rəqəmlər diqqətçəkicidir: İranda yaşayan etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasındakından çoxdur. İran hökumətinin rəsmi tədqiqatına əsasən, azərbaycanlılar ölkə əhalisinin təxminən 23%-ni (təxminən 20 milyon) təşkil edir.
Bu nəhəng toplum coğrafi baxımdan İranın şimal-qərbində – Azərbaycan və Türkiyə ilə həmsərhəd əyalətlərdə cəmləşib. Uzun illər boyu İran azərbaycanlıları digər etnik qruplarla müqayisədə dövlətə daha sıx inteqrasiya olunmuş sayılsalar da, son dövrlərdə narazılıq əlamətləri artır. Onlar getdikcə daha çox Türkiyə və Azərbaycan mediasını izləyir, öz türk-Azərbaycan köklərinə artan maraq göstərir və ana dillərində məktəblərdə təhsil tələb edirlər.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Bakının İrana müdaxilə niyyəti varmı?
Prezident İlham Əliyev münasibətlərin gərgin olduğu 2022-ci ildə İranla bağlı fikirlərini açıqlayarkən vurğulayıb ki, Azərbaycanda yaşayan etnik azlıqların – rus və gürcü icmalarının ana dilində təhsil hüququ təmin olunduğu halda, İranda azərbaycanlılara belə imkanlar verilməməsi ədalətsizlikdir. O, İranda azərbaycandilli məktəblərin qadağan olunmasını tənqid edərək bunu gündəmə gətirməyi suveren haqqı sayıb.
İran tərəfi isə belə çıxışları daxili işlərə müdaxilə adlandırır.
Əliyev bu ittihamı rədd edərək “Azərbaycan heç zaman digər dövlətlərin daxili işinə qarışmayıb və qarışmayacaq” deyə açıqlama verib. Yəni Bakı rəsmi səviyyədə İrandakı vəziyyətdən narahatlığını dilə gətirsə də, hüquqi olaraq hərbi müdaxilə niyyətini dilə gətirmir.
Bununla yanaşı, Azərbaycan rəhbərliyi “Güney Azərbaycan” adlandırdığı İranın şimal-qərbindəki azərbaycanlı əhalinin taleyini diqqətdə saxladığını gizlətmir. İlham Əliyevin yuxarıda sitat gətirilən “soydaşlarımızın dünyəvi həyat tərzini qorumaq üçün əlimizdən gələni edəcəyik” bəyanatı Azərbaycanda hökümətdəki bəzi çevrələr tərəfindən bir növ doktrina kimi qəbul olunub.
Bu doktrina zəruri halda humanitar müdaxilə və ya siyasi-diplomatik dəstək vasitəsilə “Güney Azərbaycan” türklərinə sahib çıxmağı nəzərdə tutur.
Azərbaycan Konstitusiyasında və qanunvericiliyində xaricdəki soydaşların müdafiəsi ilə bağlı birbaşa norma olmasa da, ölkənin milli ideologiyasında “bir millət, iki dövlət” (Türkiyə ilə bağlı) yanaşmasına bənzər şəkildə İran azərbaycanlıları da tarixi-mədəni diaspora kimi görülür.
Ölkə mətbuatında bu mövzuda yayımlanan yazılarda vurğulanır ki, İranda yaşayan 30-40 milyonluq (bəzi mənbələrdə belə göstərilir) Azərbaycan mənşəli əhali ilə dil, din, mədəni bağlar Azərbaycanın biganə qala bilməyəcəyi qədər güclüdür.
İran hökumətinin həmin icmaya qarşı illərdir həyata keçirdiyi siyasət – ana dilində təhsilin qadağan edilməsi, azərbaycanlı fəalların həbs və edam edilməsi Azərbaycanda birmənalı qınanır və narahatlıqla izlənir. Rəsmi Bakı çalışır ki, bu məsələləri diplomatik kanallarla gündəmdə saxlasın, eyni zamanda açıq hərbi ritorikadan çəkinir.
Hökumətyönlü ekspertlərin baxışı
Hazırda Azərbaycan ictimai rəyində İran məsələsinə dair müstəqil ekspert rəyləri demək olar ki, eşidilmir; mediada çıxış edən siyasi şərhçilər əsasən hökumətyönlü mövqedən çıxış edirlər. Bu ekspertlər Tehranın davranışlarını təhlil edərək Bakının mümkün addımları barədə proqnozlar verir, lakin fikirləri böyük ölçüdə rəsmi mövqeyə uyğunlaşır.
Politoloq Fikrət Sadıqov xəbərdarlıq edir ki, Yaxın Şərqdə vəziyyət gərginləşib, müharibə genişlənərsə, Azərbaycan öz təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görməlidir. O bildirir ki, əgər ABŞ və ya İsrail İranı hərbi zərbələrə məruz qoyarsa və nəticədə uzunmüddətli münaqişə yaranarsa, İrandan qonşu ölkələrə, o cümlədən Azərbaycana qaçqın axını qaçılmaz ola bilər.
Belə bir halda, “fors-major vəziyyət yarandığı halda, rəsmi Bakı adekvat addımlar atacaq” deyə Sadıqov vurğulayır. Bu “adekvat addımlar”ın nədən ibarət olacağı açıq göstərilməsə də, ekspert bunun həm sərhədlərin müdafiəsi baxımından hazırlıq, həm də güneyli soydaşların mümkün köçünün idarə olunması mənasına gəldiyini qeyd edir. Yəni Azərbaycan dövləti İranla sərhəddə baş verə biləcək hərbi-siyasi fövqəladə vəziyyətə hazır olmalıdır.
Digər bir fikir bildirən, hökumətə yaxınlığı ilə tanınan rusiyalı analitik Sergey Markov isə bir qədər də irəli gedir. Onun Modern.az portalına müsahibəsində dedikləri əslində “The Washington Post”un senarisini təkrarlayır: Markovun fikrincə, İranda vəziyyət nəzarətdən çıxıb ölkə parçalanmağa doğru gedərsə, Azərbaycan “Güney Azərbaycan”dakı milyonlarla soydaşının taleyinə biganə qala bilməyəcək.
O, açıq şəkildə bildirir ki, İran daxilində silahlı toqquşmalar və ya dağılma prosesi başlasa, Azərbaycan öz cənub sərhədləri boyu yaşayan azərbaycanlıları qorumaq üçün daha fəal mövqe tutmağa məcbur qala bilər. Markov mümkün senarilərdən bir neçəsini də sadalayır:
- Güney azərbaycanlıların İran tərkibində qalması;
- Cənubi (Güney) Azərbaycanın müstəqil dövlət elan etməsi;
- Güneyin Şimali Azərbaycanla (Azərbaycan Respublikası ilə) birləşməsi;
- Keçid dövründə Güney ilə Bakının müvəqqəti konfederativ ittifaq qurması.
Onun sözlərinə görə, bunlar hər biri olduqca mürəkkəb və həssas məsələlərdir. Yəni belə bir dönüşüm regionda sərhədlərin dəyişməsi demək olacağı üçün zəncirvari geosiyasi reaksiyalar doğura bilər.
Markov xəbərdarlıq edir ki, hadisələrin gedişi çox sürətlə dəyişə bilər və Bakı indidən müxtəlif siyasi-diplomatik və hərbi senarilərə hazır olmalıdır.
Sergey Markov Kremlin ideoloqlarından hesab olunur və onun fikirləri rus siyasi dairələrinin baxışını da əks etdirə bilər. Məhz buna görə onun vurğuladığı nöqtələrdən biri Moskvanın roludur.
Regional risklər və mümkün nəticələr
Azərbaycan ilə İran arasında açıq silahlı münaqişə yalnız ikitərəfli məsələ olmayacaq. Bu cür müharibə qaçılmaz olaraq digər regional və qlobal gücləri də cəlb edəcək.
“The Washington Post” qeyd edir ki, bu gün Azərbaycan NATO standartlarına cavab verən güclü ordusu, müttəfiq Türkiyə ilə dərin hərbi əməkdaşlığı və İsraillə yaxın təhlükəsizlik tərəfdaşlığı sayəsində regionda yüksələn gücdür. Yəni əgər sabah İranda ciddi böhran başlayarsa, Bakı Ankaranın açıq dəstəyi (və yəqin ki, gizli şəkildə İsrailin kəşfiyyat yardımı) olmadan İrana qarşı hər hansı addım atmaz.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Azərbaycanın təhlükəsizliyi və sərhədləri Türkiyənin qırmızı xəttidir. Bu mənada təsadüfi deyil ki, beynəlxalq müşahidəçilər İran daxilində və ya Ermənistanla sərhəddə gərginlik yüksələn kimi, Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirərək güc nümayiş etdirirlər. Belə “çiyin-çiyinə” mesajları Ankara-Bakı alyansının ciddiliyini Tehran üçün nümayiş etdirir.
Lakin İran istiqamətində potensial hərbi avantüranın əleyhinə olan güclər də az deyil. İlk növbədə, Rusiya İranın parçalanmasında maraqlı olmadığını açıq göstərir. Kreml Tehran rejiminə diplomatik dəstəyini ifadə edib və bəyan edib ki, İranda sabitliyin pozulmasına yönələn xarici müdaxiləyə qarşıdır. Rusiyalı ekspert Sergey Markov da xatırladır ki, Moskva İranın ərazi bütövlüyünü qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq və İranın dağılmasına yol vermək istəmir.
Bunun bir səbəbi İranın Rusiya üçün Yaxın Şərqdə önəmli müttəfiq olmasıdırsa, digər səbəbi mümkün dağılma nəticəsində bölgədə yaranacaq güc boşluğudur. Rusiya strateqləri ehtiyat edir ki, İranın zəifləməsi Cənubi Qafqazda tamamilə Türkiyə-Qərb üstünlüyünün qurulması ilə nəticələnə bilər. Bu isə Kremlin regiondakı maraqlarına ziddir.
Həmçinin nəzərə almaq lazımdır ki, İran daxilində etnik parçalanma senarisi gerçəkləşərsə, bunun zəncirvari reaksiyası digər çoxmillətli ölkələrə də sirayət edə bilər.
Türkiyə özü İran kimi çoxsaylı etnik qruplara malik dövlətdir (kürd məsələsi nəzərdə tutulur) və Tehran rejiminin devrilməsi fonunda etnik separatizm dalğasının haraya qədər yayılacağını proqnozlaşdırmaq çətindir. ABŞ və Avropa İran daxilində demokratik dəyişiklikləri prinsipcə arzulasa da, onun Yuqoslaviya kimi parçalanması perspektivinə ehtiyatla yanaşırlar.
“The Washington Post” yazır ki, Vaşinqton üçün Tehran rejiminin birdən-birə dağılması regionda böyük qeyri-müəyyənlik yaradar; ona görə də ABŞ hazırda vəziyyətdən asılı olaraq həm İranla anlaşma, həm təzyiq senarilərinə eyni anda hazır olmağa çalışır.
Bu isə o deməkdir ki, Qərb açıq şəkildə Azərbaycana “İrana qarşı müharibə başlat” deyən deyil. Əksinə, ABŞ Dövlət Departamenti dəfələrlə bəyan edib ki, İranla sərhədlərin təhlükəsizliyi məsələsində Azərbaycanla həmrəy olsa da (məsələn, “Zəngəzur dəhlizi” bölgəsində İran hərbi müdaxilə etsə, ABŞ Bakını dəstəkləyəcək mesajları verilib), Tehran rejiminin taleyini ilk növbədə iranlıların özünün müəyyən etməsini istəyir.
Yekun olaraq, “Azərbaycan İrana hücum edəcəkmi?” sualının cavabı birbaşa İran daxilindəki proseslərdən və regional güclər arasındakı tarazlıqdan asılıdır. Hazırda nə Bakı, nə də Tehran açıq müharibə istəmir. Hər iki paytaxt yaxşı anlayır ki, belə bir qarşıdurma fəlakət senarisidir və nəzarətdən çıxaraq geniş müstəviyə yayıla bilər.
Bununla belə, reallıq budur ki, iki ölkə münasibətləri son dərəcə gərgindir və qarşılıqlı inamsızlıq pik həddədir. Tehran öz rejiminin yaşaması naminə Azərbaycanı “xarici düşmənlərin əlaltısı” kimi təqdim etməyə davam edəcək. Bakının isə öz təhlükəsizlik maraqlarını qorumaq və “soydaşlarının səsini müdafiə etmək” adı ilə imkanlarını səfərbər edəcəyi ehtimal edilə bilər.
İndiki situasiyada Azərbaycan təkbaşına İranla müharibə başlatmaq niyyətində deyil. Ən real ssenari, əgər sabah İranda genişmiqyaslı vətəndaş qarşıdurması başlayarsa Azərbaycanın Türkiyənin açıq dəstəyi ilə öz sərhədi boyu təhlükəsizlik zolağı yaratmaq və humanitar müdaxilə adı altında Güney Azərbaycan bölgəsinə müvəqqəti nəzarət götürmək cəhdi ola bilər.
Bu da yalnız müəyyən şərtlər daxilində, yəni İran mərkəzi hakimiyyətinin iflic olduğu bir şəraitdə mümkündür. Əks halda, Azərbaycan-İran gərginliyi yaxın perspektivdə daha çox informasiya müharibəsi, kəşfiyyat qarşıdurması və diplomatik təzyiq müstəvisində davam edəcək.
Azərbaycan İrana hücum edəcəkmi?