Azərbaycan hökuməti Yadigar Sadıqlıya kompensasiya ödəməli olacaq
Yadigar Sadıqlı Azərbaycana qarşı
Doqquz ildən sonra AİHM Müsavat Partiyasının üzvü, keçmiş siyasi məhbus Yadigar Sadıqlının işi üzrə qərar qəbul edib. Avropa Məhkəməsi Azərbaycanın məhkəmə orqanları tərəfindən onun hüquqlarının pozulduğunu təsdiqləyib. Qərara görə Azərbaycan hökuməti ona 3500 avro kompensasiya ödəməlidir. Sadıqlı kompensasiyanın həcmini yetərsiz sayır.
AİHM Azərbaycandan olan daha üç şikayətlə bağlı qərar çıxarıb. Bu işlər üzrə Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 12 min avro ödəməlidir.
- Azərbaycan hökuməti qətlə yetirilmiş yazıçının ailəsinə kompensasiya ödəyəcək
- Azərbaycanda qapalı çevrə: seçki pozuntuları və AİHM-in gecikən qərarları
- “Heykəl məhbusu” Prezident Administrasiyası qarşısında özünü yandırmaq istəyib
2022-ci il sentyabrın 1-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 yeni qərarını elan edib. Məhkəmə 3 işdə pozuntu iddialarını tanıyıb, 1 işdə ərizəni qəbul edilməz sayıb. “Avropa Məhkəməsi Gündəliyi”nin məlumatında deyilir.
Yadigar Sadıqlı Azərbaycana qarşı
Avropa Məhkəməsi məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə iddia olunan pozuntunu tanıyıb. Qərara görə, milli məhkəmələr Sadıqlıya münasibətdə Konvensiyanın 5.3-cü maddəsinin pozuntusuna yol veriblər. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.
Bu iş hadisələrin baş verdiyi vaxt müxalif Müsavat Partiyasının başqanının müşaviri olan Yadigar Sadıqlının Lənkəran şəhərində təxribata məruz qalması olayı ilə bağlı idi. Olay 2013-cü ilin iyun ayında baş vermişdi. İşin faktlarına görə, kimliyi bilinməyən şəxs dostları ilə çay içən Sadıqlıya yaxınlaşıb, onu təhqir etməyə başlayıb.
Bunun təxribat olduğunu anlayan müxalifətçi mübahisə etməyib, çay evini tərk edib. Ertəsi gün hökumətə bağlı medialarda, eləcə də “Azərtac” Dövlət İnformasiya Agentliyində “Müsavat Partiyası başqanının müşaviri müharibə veteranı R.S.-ni döyüb” başlıqlı xəbərlər dərc edib.
Xəbərin dərcindən sonra Sadıqlı təxribatla üzləşdiyini, barəsində cinayət işi açılacağını güman edib. Səhəri gün polis əməkdaşları evinə gələrək onu polis idarəsinə aparıb. Şübhəli şəxs qismində tutulan ərizəçiyə 2 gün sonra xuliqanlığa görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər 2 aylıq həbs qəti imkan tədbiri seçilib.
Sadıqlı yuxarı məhkəmələrə şikayət etsə də, həbs tədbirinin ləğvi və həbsin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətləri də rədd edilib.
Onun məhkəməyə qədər həbsdə saxlanılması müddəti sonradan bir neçə dəfə artırılıb, həmin qərarlardan verilən şikayətləri də yuxarı məhkəmələr tərəfindən təmin olunmayıb.
Yadigar Sadıqlı AİHM-nin ona 3500 avro kompensasiya ödənməsi haqda qərarını Facebook səhifəsində belə şərh edib:
“Lənkəran məhkəməsinin 2013-cü ildə haqqımda həbs qətimkan tədbiri seçməsi və iki dəfə uzatması, üstəlik iş məhkəməyə göndərildikdən sonra qətimkan tədbirinin vaxtı keçdiyi halda həbsdə saxlanılmağım haqqında hökm çıxarıb və 3500 avro (500 avro vəkil üçün) kompensasiya kəsib.
Mənimlə yanaşı bir xanımın işi ilə bağlı da hökm çıxarılıb. Həmin qadını qanunsuz olaraq polisdə bir neçə saat saxlayıblar və inzibati məsuliyyətə cəlb ediblər. AİHM ona da 3500 avro kompensasiya kəsib. Bəzi ağzıgöyçəklər də iddia edirlər ki, bizi Avropa, Amerika bəsləyir”.
Xatirə Quliyeva Azərbaycana qarşı
Bu iş Xatirə Quliyevanın xırda xuliqanlıqda və polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması, inzibati məsuliyyətə cəlb olunması ilə bağlıdır. Ərizəçi iddia edirdi ki, barəsindəki icraatlar zamanı onun azadlıq və toxunlumazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.
Avropa Məhkəməsi ərizəçinin iddialarını əsaslı sayıb, ona münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanıyıb, amma ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddialarını araşdırmağa lüzum görməyib. Qərara əsasən, ərizəçiyə 3500 avro təminat ödəniləcək.
Rafiq Səfərov Azərbaycana qarşı
Bu işdə AİHM Rafiq Səfərovun mülkiyyət hüququna müdaxilənin baş verdiyini təsbit edib. Qərara görə, hökumət ərizəçiyə 5000 avro təzminat ödəməlidir.
Bu işin faktlarına görə, Rafiq Səfərov 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirib. Məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıydı.
Səfərov məhkəmədə mülki iddia qaldırsa da, yerli məhkəmələr onu rədd ediblər.
AİHM-nın qərarına əsasən Səfərovun mülkiyyət və ədalətli mühakimə hüquqları pozulub.