Azərbaycan hökuməti Avropa Məhkəməsində müxalif jurnalistə uduzub
Avropa İnsan Haqları Məhkəməsi müxalif jurnalist Qənimət Zahidin əlyazmaları məhv edildiyi üçün Azərbaycan hökumətini 8500 avro [$9350] həcmində cərimələyib. Jurnalist 278 səhifəlik kitabını siyasi motivlə həbsdə olarkən yazmışdı.
- Azərbaycanda qapalı çevrə: seçki pozuntuları və AİHM-in gecikən qərarları
- “Heykəl məhbusu” Prezident Administrasiyası qarşısında özünü yandırmaq istəyib
- Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
Martın 24-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Qənimət Zahid Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb. Məhkəmə Azərbaycanın hüquq sisteminin jurnalistin ifadə azadlığının və ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb.
Qənimət Zahid Azərbaycana qarşı
Hazırda Fransada yaşayan azərbaycanlı jurnalist, müxalif “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid vətənində ifadə azadlığının və ədalətli mühakimə hüququnun pozulması şikayəti ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
2007-ci ildə Qənimət Zahid xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları onun həbsinin qanunsuz və siyasi motivli olduğunu bildiriblər. 2010-cu ildə vaxtından əvvəl azad edilib və Azərbaycanı tərk edib. 2012-ci ildən hazırda YouTube kanalında yayımlanan “Azərbaycan saatı” gündəlik informasiya buraxılışının müəllifidir.
Öz şikayətində Avropa Konvensiyasının 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan Qənimət Zahid bildirib ki, həbsdə olduğu zaman 278 səhifəlik kitab yazıb. Amma onun yeganə nüsxədə olan əlyazması müsadirə olunub və məhv edilib. Jurnalist azadlığa çıxandan sonra bu əlyazma əsasında kitab nəşr etmək niyyətində olub. O, hakimiyyətin əməlini qanunsuz hesab edir.
Qənimət Zahid həmçinin yerli məhkəmələrin onun haqqında çıxardıqları qərarların konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə (ədalətli mühakimə hüququ) əsasən qanunsuz hesab edilməsini istəyib. Belə ki, o, əlyazmanı müsabirə və məhv edən islah müəssisəsinin əməkdaşlarından şikayət edib, amma yerli məhkəmə instansiyalarında ədalətli qərara nail ola bilməyib.
Jurnalistin bildirdiyinə görə, yerli məhkəmələrdə onun şikayəti üzrə işin icraatı qanuna zidd aparılıb, iclaslarda iddiaçının iştirakı təmin edilməyib, şahidlərin məhkəməyə dəvət olunması haqda vəsatətlər əsassızca rədd edilib. Zahid yerli məhkəmələrin qərarlarını da qeyri-adekvat hesab edir.
İddiaçı həmçinin onun hüquqlarının konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə hüququ), 14-cü (diskriminasiyanın qadağan edilməsi) maddələri və konvensiyaya 1 saylı protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) üzrə pozulduğunun təsbit edilməsini də istəyib.
AİHM əlyazmaların müsadirə və məhv edilməsini ifadə azadlığının pozulması kimi tanıyıb. Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, yeganə nüsxədə əlyazmasının məhv edilməsi Azərbaycan hökumətinin “qanunla nəzərdə tutulub” izahına heç cür uyğun gəlmir.
Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti Qənimət Zahidə 8500 avro [$9350] həcmində kompensasiya ödəməlidir.