Azərbaycan hakimiyyəti jurnalistlərə ev paylayacaq
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Prezidenti yanında KİV-ə Yardım Fondu ikinci “Jurnalistlər evində” mənzil almaq üçün şərtləri açıqlayıb. Ödənişsiz mənzillərə bir redaksiyada azı 3 il davamlı işləyən, jurnalistikada 10 ildən çox iş stajı olan jurnalistlər iddia edə bilər.
Dövlət büdcəsi hesabına inşa edilən bu bina Bakıdakı ikinci “Jurnalistlər evi” olacaq. Birinci analoji bina 2013-cü ildə təhvil verilib, orada cəmi 155 jurnalist yaşayış yeri ilə təmin olunub.
Namizədlər mayın 22-dən iyunun 22-ə qədər sənəd təqdim edə bilərlər. Komissiya toplanmış sənədləri Azərbaycanın Prezident Administrasiyasına iyunun 30-a qədər çatdırmalıdır. Tele və radio şirkətlər 10 nəfərə qədər, gündəlik qəzetlər və informasiya agentlikləri 6 nəfərə qədər, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytlar isə üç nəfərə qədər namizəd irəli sürə bilər.
Mənzillərin paylanması ilkin olaraq bu il iyulun 22-ə, Azərbaycanın Milli Mətbuat Gününə nəzərdə tutulub.
Bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir sıra müstəqil jurnalist, QHT fəalı və sosial şəbəkə istifadəçisi hesab edir ki, mənzillərin paylanması rüşvətin və jurnalistlərin satın alınmasının pərdələnmiş formasıdır.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, pulsuz mənzil alan jurnalistlər istənilən halda hakimiyyətin təsiri altına düşürlər. “Onlar artıq müstəqil jurnalist deyillər. Hakimiyyətdən tulapayı qəbul etməklə onlar bunun haqqını vermək məcburiyyətində qalacaqlar”.
ReAl müxalif hərəkatın liderlərindən biri, iqtisadçı Natiq Cəfərli bu qərarda peşə fəaliyyətilə bağlı diskriminasiya əlaməti görür: “KİV, QHT və digər müxtəlif peşəkar birliklərə dövlət büdcəsi hesabına ev paylanması ölkədə vətəndaş və peşə azadlıqlarına qarşı təzyiqdir. Azad rəqabət olan ölkədə bütün bu kateqoriyalar pul qazanıb, özünə ev almaq üçün vasitələr tapa bilər”.
Media məsələləri üzrə ekspert Seymur Kazımov hesab edir ki, pulsuz evlər paylamaqdansa güzəştli kreditlər vermək daha yaxşı olardı: “Əlbəttə, dövlət jurnalistlərə pulsuz mənzil verməməlidir, amma onların sosial problemlərinin yüngülləşdirilməsi üçün addımlar atıla bilər, çünki jurnalistlər aztəminatlı təbəqədir. Hökumət müxtəlif banklarla danışıb, ancaq jurnalistlərə dövlət zəmanəti ilə güzəştli kreditlərin verilməsi haqda razılıq əldə edə bilər. Jurnalist o kreditlə özünə mənzil ala bilər. Və bu durumda peşəkar etika da pozulmamış olur, vəsait də müəyyən zamandan sonra dövlət büdcəsinə qaytarılır”.