Azərbaycan: etirazın nəticələri
– On min adam olar? – izdihamın içindən gənc oğlan xəbər alır.
– Yox, azı on beş min olar, – ikinci cavab verir, – camaat dirçəlir.
– Yenə də inişil olduğu kimi, azdır. Elə bil böhran yoxdur, dollar da var.
Həmin dəqiqələrdə keçmiş deputat Gültəkin Hacıyeva tribunadan deyir ki, Gürcüstanda alındığı kimi bizdə də alınmalıdır.
Bu, şəhərin mərkəzindən xeyli uzaqda, “Məhsul stadionunda keçirilən müxalifətin (Demokratik Qüvvələrin Milli Şurasının) icazəli mitinqidir. Stadion çəpərlənib, giriş ancaq bir yerdəndir. Girişdə polis adamları yoxlayır. Prosedur eynən iki il əvvəl olduğu kimidir.
İldən ilə nə yer, nə də mitinqlərin “mahiyyəti dəyişir: elə həmin şüarlar, həmin Qərb yönlü Gürcüstanın uğurlarına istinad. Hər şey həmişə olduğu kimidir.
Buzovna qəsəbəsində yaşayan Əkrəm kişi bütün mitinqlərdə iştirak edir. Yaşlılar iki-üç il əvvəl olduğu kimi, tribunalardan solda, həmişəki yerlərində əyləşiblər.
“Düşünürəm ki, bura tez-tez gəlməklə etirazı populyarlaşdırmaq olar, – Əkrəm deyir, – buna görə də dayanmaq olmaz. İnsanlara nümunə göstərməyə davam etmək lazımdır, onda da sayımız xeyli çoxalacaq və bu, bütün ölkəni dəyişəcək.
Referendum qabağı üç belə mitinq keçirilib, müxalifətin bildirdiyinə görə, həmin referendum prezidentə mütləq monarx səlahiyyətlərini qazandıracaq. Sentyabrın 11-də keçirilən mitinq hadisəsiz ötüşdü. 17 sentyabr mitinqindən sonra təxminən 30 nəfər saxlanıldı. Sonra kimisə buraxdılar, kimisə yox, nəticədə ondan çox adam hələ də buraxılmayıb. “Onlar bizim ağzımızı bağlamaq istəyir, amma heç nə alınmayacaq, sayımız daha da artacaq, – əlində Azərbaycan bayrağı olan oğlan deyir.
Amma başqa fikirlər də var. “Bu, rejimlə mübarizə deyil, sadəcə onun imitasiyasıdır, – bloqerlərdən biri özünün “Facebook səhifəsində yazıb, bundan sonra da şiddətli polemika başlayıb. 17 sentyabr mitinqi bitər-bitməz yeni həbslər başlayandan sonra mitinqlərin effektivliyi mövzusu aktual olub.
“Hakimiyyət bizi onsuz da eşitmədi, əvəzindəsə bu gəncləri tutdularsa, mitinqlərin mənası nəydi? – Aytac yazıb. – İnsanlar boş yerə əzab çəkir.
“Heç bir iş görməyən, ayağını ayağının üstünə qoyub, mitinqə gedənləri yersiz tənqid edənləri, bax bu adamları heç anlamıram, – Zülfiyyə yazıb.
Həqiqətən də çoxları mübarizə metodları və onların effektivliyi ilə bağlı nikbinliyini itirmir və fəal iştirak etməyə çağırırlar. Bəziləri də (yenə də ötən illərdə olduğu kimi) deyir ki, müxalifət yenə də öz arasında razılığa gələ bilmir – axı Milli Şura və Müsavat partiyası mitinqlərini ayrı-ayrılıqda müxtəlif günlərdə keçirdilər.
«Sentyabrın 17-də də, 18-də də anamla birgə mitinqdə olacağıq, – tanınmış araşdırmaçı jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayıl öz səhifəsində yazıb. – Bir mitinqin başqasına mane olması barədə deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Milli Şura 17 sentyabr mitinqində Müsavatın mitinqinə dəstək çağırışı edib, bunu bir də sübut edə bilər. Bu qədər bəsit. Məncə 17 sentyabr və 18 sentyabr mitinqlərinin bir-birinə maneəsi yoxdur ki, köməyi var. Şənbə günü səhər rayondan gələnlər bir gecə qalıb, bazar günü də mitinqdə iştirak edə bilərlər. Ayrımçılıq haqda yazan adamlar rayondan gələnlərə qonaq qalmağı təklif etsələr, daha doğru olar.
Müxalifəti “Məhsul stadionuna 2005-ci ildə parlament seçkiləri zamanı sıxışdırdılar. Əvvəlki seçkilər zamanı, o cümlədən də Heydər Əliyevin prezidentliyi dövründə AXCP, Müsavat və digər partiyalar tez-tez şəhərin mərkəzində aksiyalar keçirir və bəzən bu aksiyalar (2003-cü il prezident və 2000-ci il parlament seçkilərində olduğu kimi) polislə qarşıdurmaya çevrilirdi.
Vəziyyət 2005-ci ildə dəyişməyə başladı, bu zaman çoxsaylı mitinq təşkil etmək cəhdlərinin qarşısı alınırdı, onda da “Məhsul, daha doğrusu, həmin vaxt Dövlət Film Fondunun yerləşdiyi keçmiş “Qələbə kinoteatrı qarşısındakı geniş ərazi təklif olundu (stadion bir qədər arxada yerləşirdi). Həmin dövrdən başlayaraq müxalifət özünün icazəli aksiyalarını orada, bəzən də başqa rayonlarda, şəhər mərkəzindən bir qədər də uzaqda keçirir.
Artıq 2012-ci ildə etirazçıları stadionun hasarlanmış ərazisinə göndərdilər. Həmin dövrdən başlayaraq da mitinqləri orada – çəpərin o tayında keçirirlər, yeganə giriş isə polisin nəzarəti altında olur.
“Mitinqlərin harada keçirilməsindən asılı olmayaraq, onlar hələ də faydasını itirməyib, ağır şəraitdə keçirilsələr belə, – politoloq Hikmət Hacızadə deyir. –Çexoslovakiyaya qoşunların yeridilməsinə qarşı etiraza 250 milyon adamdan cəmi 7 nəfərin çıxdığı sovet dövrünü xatırlayaq. Məhz bu insanların adları tarixdə qaldı. Bundan başqa, istənilən etiraz, istənilən mitinq insan kapitalı yaradır və biz başqa ölkələrdə başqa hüququ olmayan qrupların – ayrı-seçkiliyə qarşı mübarizə aparan zəncilərin, seçki hüququ tələb edən qadınların bu etirazının necə böyük effekt verdiyini görürük.
Bu gün müxalifət Konstitusiyaya düzəlişlərin edilməsinə qarşı etiraz edir. Həmin düzəlişlər prezidentin imkanlarını genişləndirir, daha doğrusu, ona parlamenti buraxmaq, vitse-prezidenti təyin etmək (əvvəl belə bir vəzifə olmayıb) icazəsi verir, həmin vitse-prezident də dövlətdə ikinci şəxs olur, prezident həm də yeni prezident seçkilərini təyin etmək imkanı alır, prezident səlahiyyətlərinin müddəti isə 5 ildən 7 ilə uzadılır. Bundan əlavə, prezident olmaqla bağlı yaş məhdudiyyəti aradan götürülür, vitse-prezident olacaq şəxslə bağlı da məhdudiyyət nəzərdə tutulmur. Bu səbəbdən də müxalifət feodal təcrübənin qanuniləşdirilməsi və hazırkı prezidentin hakimiyyəti öz oğlu Heydərə ötürmək niyyəti haqqında danışır.
Maraqlıdır ki, heç kim referendumun alternativ nəticəsi barədə danışmır. Hamı hesab edir ki, referendum keçirilsə, düzəlişlərin qəbulu onun təbii nəticəsi olacaq.
Azərbaycan Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul olunub. Həmin vaxtdan sonra da Konstitusiyaya dəyişikliklər təklif edən iki referendum keçirilib – 2002 və 2009-cu illərdə. Hər iki halda müxalifət konstitusiyaya təklif olunan dəyişiklikləri anti-demokratik adlandırıb. Hər iki halda onlar qəbul edilib.
Referendum sentyabrın 26-da keçiriləcək. Müxalifətın təşviqat aparmasına icazə verilməyib.
Dərc olunub 23.09.2016