“Ermənistanda bir şey deyirlər, amma başqa şey edirlər”. Bakıdan şərh
Azərbaycan anklavların qaytarılmasını tələb edir
Ermənistan ərazisində yerləşən səkkiz anklav kənddən dördü ilə bağlı Bakı ilə Yerevan arasında gərginlik artır. Azərbaycan birinci mərhələdə onların geri qaytarılmasını, qalan 4 kəndin taleyinin isə dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll olunmasını tələb edir. “Ermənistan tərəfinin sözdən işə keçməsini yenə də illərlə gözləmək istəməyən Bakı bu problemin yenidən güc yolu ilə həll oluna biləcəyinə eyham vurur”, – azərbaycanlı siyasi icmalçı Hacı Namazov baş verənləri şərh edir.
- Rusiya-Ermənistan gərginliyi və Azərbaycanın yeri. Bakıdan baxış
- Təzminat məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi kimi. Bakıdan baxış
- “Cənubi Qafqazda müharibə: kim lehinə, kim əleyhinədir?” Bakıdan baxış
Nə baş verib?
Bu günlərdə Azərbaycanın “Caliber” nəşrinin Telegram kanalında aşağıdakı məzmunda məlumat dərc olunub:
“Nikol Paşinyan müasir Ermənistanın sərhəd Tavuş bölgəsində yaşayan ermənilərlə görüşdə Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin geri qaytarılmasının vacibliyini bəyan etməsindən təxminən bir həftə keçir.
Hazırda sözdən əmələ keçid prosesində ləngimə müşahidə olunur. Biz heç bir şəkildə hakimiyyətlə əlaqəsi olmayan adi teleqram kanalı olaraq sadəcə Bakının çox gözləmək fikrində olmadığını bildiririk. Kəndlərin tez bir zamanda qaytarılmaması Yerevanın işğalı davam etdirmək niyyəti kimi qiymətləndiriləcək ki, bu da öz növbəsində Ermənistan Respublikasına qarşı Azərbaycan Silahlı Qüvvələrinin asimmetrik hərəkətlərini ehtiva edən hərbi əməliyyatların başlanmasına səbəb olacaq”.
Bir neçə saat sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sosial şəbəkələrdə yazıb:
“Azərbaycan mediasında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir. Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlar aparılmalı və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilməlidir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Klaarın paylaşımına cavab verib:
“Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. Məlumat üçün bildirək ki, kəndlər ərazi mübahisəsi predmeti deyil”.
Siyasi icmalçı Hacı Namazov baş verənləri JAMnews-un Azərbaycan redaksiyası üçün şərh edib.
Ekspert şərhi
“Azərbaycan-Ermənistan münaqişəsi ətrafında olanları düşünsək və təhlil etsək, istər-istəməz belə bir nəticəyə gələrik ki, son illərdə baş verən bütün silahlı toqquşmalar Ermənistan tərəfinin zamanla oynamaq və praktiki olaraq heç nə etməmək istəyinin nəticəsində yaşanıb.
Bu işdə onlara, demək olar ki, həmişə sözdə vasitəçilər fəal kömək edib. Qərb üçün “kaş ki, müharibə olmasa” şüarı altında gizlənərək hər şeyi olduğu kimi buraxmaq sərfəlidir, lakin bununla onlar özləri “müharibə”ni həmişə yaxınlaşdırıblar. Çünki hərbi toqquşmaların qarşısını almaq üçün boş oturmamaq, nəsə etmək lazımdır.
ATƏT-in Minsk Qrupunun uzunmüddətli “gizlənqaç oyunu” Azərbaycanın əksər problemlərini hərbi yolla həll etməsinə gətirib çıxarıb. 44 günlük müharibədən sonra rəsmi Bakı dəfələrlə Yerevana müraciət edib ki, öz qoşunlarını Azərbaycanın suveren ərazisi olan Qarabağdan çıxarsın, separatçıları silahlandırmasın. Amma yenə də anlaşılmaz mövqe ilə üzləşib, çünki Ermənistanda bir şey deyirlər, başqa şey edirlər.
Paşinyan qonşu ölkənin ərazi bütövlüyünü və Qarabağın Azərbaycana məxsusluğunu şəxsən tanıyıb. Lakin eyni zamanda, onun hökuməti ərazi bütövlüyünü tanıdığı ölkənin ərazisində silahlı separatçı rejimi dəstəkləməyə davam etdi. Bütün bunlar 2023-cü ilin sentyabrında antiterror əməliyyatına səbəb oldu.
İndi biz eyni ssenari üzrə münaqişənin növbəti mərhələsini yaşayırıq. Hər halda, hələlik ssenari təkrarlanır. Azərbaycan birinci mərhələdə dövlət sərhədinə bitişik dörd anklav kəndin qaytarılmasını tələb edir. Ermənistanın baş naziri bu kəndlərin Ermənistanın tərkibinə daxil olmadığını etiraf edir. Vəssalam. İşlər bundan irəli getmir.
Üstəlik, Ermənistan ordusunun rəhbərləri mediaya müsahibələrində kəndlərin Azərbaycana qaytarılması planlarını təkzib edirlər.
Ermənistan tərəfinin sözdən əmələ keçməsini bir daha illərlə gözləmək istəməyən Bakı bu problemin yenidən güc yolu ilə həll oluna biləcəyinə eyham vurur. Bu yerdə məşhur cizgi filmindəki Çip və Deyl kimi Avropa Ermənistanın köməyinə tələsir. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Yerevanı münaqişənin həlli üçün əməli addımlar atmağa çağırmaq əvəzinə, Azərbaycan tərəfini döyüşkən ritorikadan çəkinməyə və danışıqları davam etdirməyə çağırır. Hansı ki, danışıqlar hələ ölü nöqtədən tərpənməyib.
Ermənistanın eyni davranışını regional kommunikasiyaların açılması ilə bağlı məsələdə də müşahidə etmək olar. “Sülh kəsişməsi” kimi səs-küylü tezislər “yerdə” dəstəklənmir. Azərbaycan Zəngəzur dəhlizinin özünə məxsus hissəsinin tikintisini, demək olar ki, başa çatdırmaq üzrədir. Bununla paralel olaraq, Bakı bu dəhlizin işləmədiyi halda İran ərazisindən Naxçıvan Muxtar Respublikasına daha bir yol çəkir.
Bəs Ermənistan nə edir? Yenə də işlər sözdən o yana keçmir. Axı yolun Ermənistan hissəsi öz-özünə əmələ gəlməyəcək, tikinti işlərinə çox vaxt lazım olacaq. Bir şeyi təklif etmək üçün isə o şeyə sahib olmaq lazımdır.
Yalnız ümid edə bilərik ki, Yerevan da bütün bunları başa düşür və sərhəddə növbəti eskalasiyanın qarşısını almağa çalışacaq”.