Otuz ildən sonra azərbaycanlılar Qarabağa öz evlərinə qayıtmaq istəyəcəklərmi? Üç şərh
2020-ci ilin payızında yaşanan ikinci Qarabağ müharibəsinin yekunlarına əsasən, Azərbaycan 30 ilə yaxın Ermənistanın nəzarətində qalmış yeddi rayonu (Laçın dəhlizi istisna olmaqla) və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Şuşa və Hadrutu öz nəzarəti altına qaytarıb. Azərbaycanlıların Qarabağa qayıdışı gündəlikdə olan əsas məsələlərdən biridir. Söhbət 1990-cı illərin əvvəllərində birinci müharibə zamanı öz evlərini tərk edən məcburi köçkünlərin qayıdışından gedir.
Emin Əliyev, sürücü, Ağdamdan məcburi köçkün:
“Mən 1972-ci ildə Ağdamda doğulmuşam, mənim uşaqlığım, məktəb illərim orada keçib, ata evim və atamın mənim üçün tikdiyi, amma başa çatdıra bilmədiyi və mənə içində yaşamaq qismət olmayan ev orada qaldı. 1993-cü ildə biz Ağdamdan çıxdıq, bir müddət Qəbələdə yaşadıq, sonra isə Bakıda məskunlaşdıq. İndi mən evliyəm, iki oğlum var, iri şirkətdə sürücü işləyirəm. Atam artıq vəfat edib, anam və üç qardaşım da Bakıda yaşayır. İkinci müharibə başlayanda biz qardaşlarımla və digər qohumlarımızla birlikdə əlimizdən gələni etməyə çalışırdıq, əsgərlər üçün yardım toplayırdıq, əmim oğlu da cəbhəyə aparırdı. Ağdamın azad edildiyi gün o da orada idi və bizim doğma yerləri görə bildi.
Əlbəttə ki, bütün bunlar bizim üçün çox sevincli və həyəcanlı idi. Otuz ilə yaxın bu məqamı gözləyərək yaşamışıq. Budur, zaman yetişdi, ordumuzun sayəsində, ordumuza minnətdarıq. Dövlət orqanlarından mənə zəng edib soruşanda ki, qayıtmaq istəyirəmmi, cavab verdim ki, istəyirəm. Bir də onlar soruşdular ki, mən orada nə ilə məşğul olmaq istəyərdim. Amma bununla bağlı mənim hələ ki, heç bir fikrim yoxdur. Nə iş versələr, o işi də görərəm.
Bir də belə bir məqam var: biz ordan çıxanda ancaq bir ailə idik. Mən və qardaşlarımdan biri evlənəndən, uşaqlarımız olandan sonra isə artıq üç ailə olmuşuq. Deməli, belə çıxır ki, dövlət bizim üçün bir evin əvəzinə artıq üç ev tikməlidir.
Ümumiyyətlə dövlətin qarşısında çox çətin vəzifə durur. Mən belə başa düşürəm ki, onlar indi köçkünlərdən kimlərin həqiqətən də orada yaşayıb, işləyəcəyini aydınlaşdırırlar. Məsələn, biz qardaşlarımla elə planlaşdırırıq.
Oğlanlarımla bağlı isə əmin deyiləm. Axı onlar Bakıda doğulublar, burada böyüyüblər, onların burada öz həyatları var. Düşünmürəm ki, köçmək istəyəcəklər. İsrar etməyəcəm, əlbəttə, qoy özləri qərar versinlər. Təbii ki, onlar ata-babalarının torpağını görmək istəyirlər, axı onlar Ağdamı heç vaxt görməyiblər. Odur ki, əvvəlcə onları ora aparmaq lazımdır”.
Səbinə Abbasova, memar:
“Qohumlarımın və tanışlarımın arasında Füzuli köçkünləri var və onların çoxu ora qayıtmağı çox istəyirlər. Bəziləri hətta torpaqların azad olunmasını gözləməyib və bir neçə il əvvəl yaxın kəndlərə köçüblər, təsərrüfat yaradıblar. Hərçənd insanlar fərqlidir, əlbəttə, hər kəsin öz səbəbləri, öz vəziyyəti var. Ümumilikdə düşünürəm ki, qayıtmaq istəyənlərin sayı daha çoxdur.
Bunun nə dərəcədə real olduğu başqa məsələdir. Sosial evlər lazımdır, sərfəli kreditləşdirmə sistemi və əsaslı iqtisadi plan olmalıdır ki, insanların köçmək üçün real motivasiyası olsun. Ki, onlar uzun illərdir əzab içində olan torpaqlarında dağıntılar arasında ayaqda qalmağa çalışmasınlar, layiqincə yaşasınlar.
Ölkənin digər regionlarının misalından görünür ki, evin/mənzilin və torpaq sahəsinin olması özlüyündə insanları saxlamır və bir çox ailələr və ya gənclər oxumaq və işləmək üçün regionlardan böyük şəhərlərə köçürlər. Müvafiq olaraq, bir ev, məktəb və bələdiyyə hakimiyyəti Qarabağ üçün yetərli olmayacaq, əgər biz nəticədə ölü şəhərlərə sahib olmaq istəmiriksə. Düşünürəm ki, birinci növbədə sosial-iqtisadi tədqiqat aparmaq və müharibədən sonra əhalinin köçürülməsi ilə bağlı analoji misallar tədqiq edilməlidir.
Mən dövlət strukturlarının maraqlı təkliflər axtardığını və fəal şəkildə müxtəlif layihələr hazırladığını görürəm. Bizim dostlarla, həmkarlarla yavaş-yavaş üzərində işləməyə başladığımız ideyamız yaranıb. Bu, fərdi yanaşma prinsipinə əsaslanan və eyni zamanda hazırkı inşaat tempinə cavab verən böyük layihədir.
Amma hər şeyi sıfırdan qurmaq lazım olduğu hazırkı vəziyyətdə istənilən şəhərsalma strategiyası çox sayda səhvlə və yanlışlıqla müşayiət olunacaq. Buna görə də mən şəhər orqanizmləri artıq işə düşdüyü və konkret problemlərin və vəzifələrin həlli gərək olduğu zaman prosesə qoşulmaq istəyərdim”.
Araz Nərimanov, fizik:
“Düşünmürəm ki, Azərbaycanın hazırkı hökuməti köçkünləri evlərinə qaytarmağa səy göstərir. Bu hakimiyyət hətta Bakıda da hər addım başı bütöv məhəllələri sökərək və cüzi kompensasiya ödəyərək insanların evlərini əllərindən alır. Hətta Bakıda onlar indiyə qədər normal infrastruktur yaratmayıblar. Odur ki, onların Qarabağda özlərini birdən-birə fərqli aparacaqlarına inanmaq sadəlövhlükdür.
Hətta əgər ölkə rəhbərliyi istəsə də, bütün məmurlar aparatının rüşvətxorluq və qohumbazlıq içində batdığını nəzərə alsaq, praktiki cəhətdən adekvat şəkildə bərpanı və köçürülməni təşkil etmək mümkün deyil.
Bir də mən inanıram (yaxud inanmaq istəyirəm) ki, idealda, əgər hər iki ölkədə millətçiliyin kökü kəsilsə, iqtisadi problemlər və siyasi ziddiyyətlər çözülsə, o zaman 30 ilin düşmənçilik təbliğatına baxmayaraq, ermənilər və azərbaycanlılar beş ilə birlikdə yaşamağı öyrənəcəklər. İndiyə qədər neçə onillik yaşadıqları kimi”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.