Azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıdışı başladı
Birinci Qarabağ müharibəsi zamanı Zəngilandan köçkün düşən 200 məcburi köçkün doğma yurdlarına qayıdır. İlk “ağıllı kənd” – Ağalı istismara verilib. Bu, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə əhalinin məskunlaşdığı ilk yaşayış məntəqəsidir.
- Azərbaycan Avropaya ixrac edilən qazın həcmini iki dəfə artıracaq. Cəmiyyətin reaksiyası birmənalı deyil
- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisi görüşü: Bakı və Yerevandan şərh
- “Cəbhələrin bütün tərəflərində çoxlu uşaqlar var” – Ukrayna və ikinci Qarabağ müharibələri, paralellər
2022-ci il iyulun 19-da ikinci Qarabağ müharibəsindən təxminən 20 ay sonra Azərbaycanın Zəngilan rayonundan olan məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.
Bu gün ilk 10 ailə qayıdıb
Zəngilan rayonunun Ağalı “ağıllı kəndi”nin birinci məhəlləsi istismara verilib. Ağalı ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə inşa edilən ilk yaşayış məntəqəsidir.
Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyində” müvəqqəti yerləşdirilmiş ilk 10 ailə Ağalı kəndinə köçürülüb.
“İyulun 25-dək ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə 41 ailə, təxminən 200 nəfər köçürüləcək”, – mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev bildirib.
“İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər)”, – o bildirib.
Rəsmi məlumata əsasən, hazırda Ağalı “ağıllı kənd”ində 200 evin inşası başa çatıb, daha 150 evin, o cümlədən də bir neçə mənzildən ibarət olan iki və üçmərtəbəli binaların inşası davam edir.
Məcburi köçkünlər arasında sorğu
Rəsmi statistikaya görə, 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfərdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib.
“Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir”, – “Turan” məmura istinadən qeyd edib.
Minalı ərazilər problemi
Minalı sahələrin çox olması ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin kütləvi inşasına mane olur.
2022-ci il iyunun 23-ə olan məlumata əsasən, 44 günlük müharibə başa çatdıqdan sonra bu ərazilərdə 225 nəfər mina qurbanı olub.
Azərbaycanın minalardan təmizləmə üzrə dövlət agentliyi hər həftə zərərsizləşdirilmiş minaların sayı və minalardan təmizlənmiş ərazilərin sahəsi haqda hesabat verir. Beləliklə, iyulun 11-dən 16-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında minalardan təmizləmə tədbirləri zamanı 111 piyada əleyhinə, 5 tank əleyhinə mina və 178 partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 849,2 hektarlıq sahə minalardan və partlamamış sursatlardan təmizlənib.
Ermənistan bir neçə dəfə Azərbaycanda saxlanılan erməni hərbçilərinin azad edilməsi müqabilində Azərbaycan tərəfinə minalanmış sahələrin xəritələrini təqdim edib. Amma rəsmi Bakı bu xəritələrin dəqiqliyinin 25 faizdən çox olmadığını bildirir.
Şuşada əhali gələn ilin sonunda məskunlaşacaq
Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, şəhərdə 23 binadan ibarət birinci yaşayış kompleksinin inşasına başlanılıb.
O qeyd edib ki, ilk şuşalı məcburi köçkünlər doğma şəhərlərinə 2023-cü ildə qayıdacaqlar.
İndi Şuşada hərbçilərin, yerli hüquq-mühafizə orqanlarının, o cümlədən də şəhərdə fəaliyyətə başlayan bir neçə infrastruktur obyektinin əməkdaşlarının ailələri yaşayır.
2020-ci ilin payızında yaşanan müharibə nəticəsində Azərbaycanın nəzarəti altında qayıdan Füzuli şəhərindən Şuşa şəhərinə 100 kilometr uzunluğunda yol çəkilib. Həmin yolla arzu edən Azərbaycan vətəndaşları hər gün avtobuslarla Füzulidən qala-şəhərə səyahət edə bilər.
Ağdam və Şuşanı birləşdirən keçmiş yol Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən keçir və hələlik Azərbaycan tərəfindən istifadə olunmur.