Azərbaycanlı bloger üç ay sonra azadlığa çıxmalı idi, amma indi onu daha yeddi il həbs gözləyir
Azərbaycanlı bloger və ictimai fəal Mehman Hüseynova qarşı yeni cinayət işi qaldırılıb. O, üç ay sonra azadlığa çıxmalı idi – iki illik məhkumluğu artıq sona çatmaq üzrədir. Həbsxana administrasiyası bildirir ki, Hüseynov mühafizəçini – ədliyyə leytenantını döyüb. Məhkəmə iddianı qəbul etsə, bloger yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.
• Azərbaycanlı bloger iki il həbs cəzasına məhkum olunub
26 yaşlı Mehman Hüseynov populyar video-kanal və “Sancaq” Facebook səhifəsinin yaradıcısı və aparcısıdır. Öz videosüjetlərində o hakimiyyəti tənqid edirdi.
Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əsasını qoyanlardan biridir.
Hüseynov 2017-ci ilin martında Bakının rayon polis idarələrindən birinin rəisinə böhtan atmaqda ittiham olunaraq iki il cəza alıb. O deyirdi ki, ona polis idarəsində işgəncə verilib, amma məhkəmə bu sözləri böhtan hesab edib.
Hüquq müdafiə təşkilatı Amnesti International Hüseynovu “vicdan məhbusu” elan edib. Yerli hüquq müdafiəçiləri onun adını siyasi məhbus siyahısına daxil ediblər.
Mehman Hüseynovun böyük qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov (hazırda İsveçrədə siyasi mühacirətdədir) blogerə qarşı cinayət işini təxribat adlandırıb.
“Ona həbsxanada xəbərdarlıq etmişdilər ki, martda cəza müddəti başa çatdığı zaman o, azadlığa çıxa bilməyəcək”, – Emin Hüseynov “Turan” informasiya agentliyinə bildirib.