Azərbaycanla Türkiyə arasında ittifaq müqaviləsi nə qədər inandırıcıdır? – Bakıdan şərh
Regionda geosiyasi dəyişikliklər, Rusiyanın qonşu ölkələrə – keçmiş SSRİ respublikalarına təzyiqi artırması Azərbaycanın müstəqilliyi üçün real təhlükə törədir. Siyasətçi Natiq Cəfərlinin fikrincə, Türkiyə ilə ittifaq müqaviləsi ölkə üçün yeganə xilas yolu ola bilər.
- “Bağışlayın, Ərdoğan Krımı tanımayıb”. Rusiya Türkiyə ilə hava əlaqəsini niyə kəsib?
- Yeni köhnə sərhəd: Ermənistan kəndləri niyə Azərbaycan ərazisində qalıb?
- Gürcüstanda böhranın sonu? Hökumət və müxalifətin bir hissəsi razılaşmanı imzalayıb
Azərbaycanın müxalif “Respublikaçı alternativ” partiyasının liderlərindən biri olan Natiq Cəfərli hesab edir ki, bölgəmiz “yenə qaynayır, çox vacib, həm də təhlükəli proseslər gedir, Rusiya öz rolunu gücləndirir”. Bu isə həm Azərbaycanın, həm də Sovet SRİ-nin dağılmasından sonra yaranmış yeni suveren dövlətlərin müstəqilliyi üçün təhdiddir.
“Hələ ki, udan Rusiyadır”
“Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur. Ola bilər ki, orta və uzun vadədə Qərb yenə öndə olsun, amma ABŞ və Avropa İttifaqında ciddi cari liderlik problemi var, ən pisi odur ki, məsələ bugünün problemi deyil – 2007 Münxen Konfransında başlanan proses Rusiyanln güclənməsi xətti ilə gedir”, – siyasətçi yazır.
“Sonra 2008 Gürcüstan hadisələri oldu – Qərb heç nə edə bilmədi, sonra Krım, Donbas, Belarus hadisələri, nəhayət, ərazimizə “sülhməramlı” adı altında ordu soxması – bütün bu hadisələr zəncirində hələ ki, udan Rusiyadır”, – o, sözlərinə belə davam edib.
Cəfərli düşünür ki, Qərb postsoveti ya tanımır, ya tanımaq, öyrənmək istəmir, ya da ən pisi – Qərb postsovet məkanını Rusiyaya təslim edir, uzun zamana oynayır.
“Qərbin son bir ildə ən böyük səhvlərindən biri…”
“Qərb düşünür ki, bütün postsovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandlr, hətta baş tutsa belə, bu, keçmiş SSRİ respublikalarının bu gününü qaralayır, xalqların gözünü qırır.
Qərbin son bir ildə ən böyük səhvlərindən biri Belarusda oldu – Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu, Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşmaq istəyirdi.
Hətta Avropa İttifaqı və ABŞ ilə danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı, daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq Rusiya ilə “İttifaq Dövlətinin” yaranmasına mane olurdu.
Son seçkilərdən öncə Kreml orada oyun qurdu – “Batka”nın əsas rəqibləri məhz Kremlin adamları idi, seçkilərdən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu aşağılamaqla məşğul idilər. Hətta “müxalifətin” əsas tribunası Rusiya kanalları idi. Sonra seçkidən sonra Qərb səhv strategiya yürüdərək Rusiyanın əlinə oynadı, faktiki olaraq, “Batka”ya seçim qoymayaraq, onu Kremlin qucağına itələdi.
“Bizim üçün ağır dövr gələcək”
Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq, Moskva artıq elə bir vəziyyət yaratdı ki, “Batka” indi hər şeyə razıdır – ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək – bu SSRİ-nın xortlamasının təməli ola bilər.
Kreml sonra çox asanlıqla Qırğızıstanı “udacaq” – orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi, daha sonra növbə Qazaxıstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq, amma bizim üçün ən təhlükəli məqam Ermənistandır – əgər Kreml yayda bu ölkədə keçirilən seçkilərdə planladığını etsə, rəsmi İrəvan yeni “SSRİ”yə daxil olacaq, zatən son hərbi məğlubiyyət bunun əsasını yaratmağa səbəb oldu – Ermənistana mesaj verildi ki, təkbaşına, Ayının dəstəyi olmasa ölkə kimi mövcudiyyəti sual altına düşəcək.
Vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək, hətta Kreml artıq açıq-açıq Duginin dili ilə həm təhdid edir, həm də Azərbaycanı “SSRİ”yə dartır.
“Əgər seçim ya “SSRİ”, ya da Türkiyə ilə konfederasiyadırsa…”
Yaxşı, bəs nə edək?! Əgər 22 apreldə Moskvada “SSRİ”nin xortlaması layihəsinə start verilsə, biz həmən Türkiyə ilə “İttifaq Dövləti” müqaviləsi bağlamalı, Türkiyə ordusu üçün həmən bazalara icazə verməliyik. Başqa yol yoxdur, əgər seçim ya “SSRİ”, ya da Türkiyə ilə konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır, seçim bəllidir, yeni konfedarativ dövlət, Ankara-Bakı birliyi – ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik.
Çox təəssüf ki, Kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır, qısa vadədə hamımızı “yem” kimi Kremlin ağzına atır, bilir ki, Moskva bunu “həzm” edə bilməyəcək, sonda “boğulacaq”, amma buna böyük zaman lazımdır, bizim isə zamanımız yoxdur – ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər…
P.S. Əgər aprelin 24-də Bayden qondarma hadisəyə “genosid” desə, bu Qərblə Türkiyə, Azərbaycan arasında gərginliyi artıracaq, buna da hazır olmalayıq. ABŞ bunu etsə, Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıracaq, bizim isə başqa gedəsi yerimiz yoxdur, deməli birgə addımlamaq lazımdır…” – Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.