Azərbaycanın XIN-i Ermənistanın baş nazirinə şeirlə cavab verib
Azərbaycanın Xarici İşlər Nazirliyi Nikol Paşinyanın Ermənistan parlamentindəki çıxışını şərh edib. Diplomatik qurum öz təcrübəsində ilk dəfə bəyanını nəzmlə ifadə edib, bu da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Azərbaycan XİN mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, 14 apreldə Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan “növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb”.
N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
“ Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda”. — Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Şərhlər
XİN-in məlumatı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə mövzusuna çevrilib. Çoxlarının diqqətini şərhin məzmunu yox, orada məşhur Azərbaycan şairinin ötən əsrin əvvəllərinə aid şeirindən istifadə olunması çəkib.
“Təhsil nazirini xarici işlər naziri təyin edəndə belə olar”.
“Ərdoğan yolu gedirlər. O, da şeiri çox sevir”.
“İndi Ermənistan tərəfinin şeirlə cavabını gözləyirik”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqtisadi və hüquqi təhsil alıb. 1996-2000-ci illərdə Azərbaycanın Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2002-ci ildən 2013-cü ilə qədər fərdi hüquq şirkətinə rəhbərlik edib. 2013-cü ildə təhsil nazirinin müavini, beş il sonra isə nazir təyin olunub. 2020-ci ilin iyulunda Azərbaycanın xarici işlər naziri olub.