Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Arif və Leyla Yunus haqqında axtarış elan ediləcək
Paylaşmaq
Paylaşmaq
Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi Arif və Leyla Yunusların məhkəmənin növbəti iclasına məcburi gətirilməsi haqda qərar qəbul edib. Növbəti iclasa gəlmədikləri təqdirlə onlar haqqında axtarış elan olunacaq.
“Sülh və Demokratiya İnstitutu” insan haqları QHT-nın direktoru Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq və tarixçi Arif Yunus 2014-cü ilin yayında onlarla yerli və xarici QHT-lərin təqibi kampaniyası çərçivəsində həbs olunmuşdu. İlk olaraq onlara qarşı Ermənistanın xeyrinə casusluq ittihamı irəli sürülsə də, 2015-ci ilin avqustunda cütlük iqtisadi cinayətlərdə günahkar bilinmiş və uzun müddətə azadlıqdan məhrumetmə cəzası almışdı.
Beynəlxalq təşkilatların etirazlarından sonra 2015-ci ilin dekabrında real azadlıqdan məhrumetmə cəzası şərti cəza ilə əvəzlənmiş və onlar həbsdən buraxılmışdılar. 2016-cı ilin aprelində cütlüyə müalicə üçün xaricə getməyə icazə verildi.
Yunusların özləri məhkəmə qərarından şikayət veriblər. Azərbaycanın Ali Məhkəməsi dəfələrlə onların şikayətinin baxışını təxirə salıb. Nəhayət, ötən il dekabrın 27-də Ali Məhkəmə təkrar baxış üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
İşə təkrar baxış aprelin 19-da başlanıb və dövlət ittihamçısının vəsatəti ilə məhkəmə təkrar istintaq keçirilməsi haqda qərar qəbul edib. Prokuror Yunus cütlüyünün məhkəmə iclasında bilavasitə iştirakında israr edib.
Mayın 17-də keçirilən iclasda Yunusların vəkili Elçin Sadıqov uzunmüddətli müalicə ilə əlaqədar xaricdə olduqları üçün müvəkkillərinin internet vasitəsilə dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə isə vəsatəti təmin etməyib və növbəti iclası mayın 31-i saat 12:00-da təyin edərək cütlüyün məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.
Cütlüyün məhkəməyə gətirilməsinin təmin edilməsi polisə həvalə olunacaq, növbəti addım isə onlar haqqında axtarış elan edilməsi olacaq, – vəkil bildirib və məhkəmənin “məcburi gətirilmə” ilə bağlı qərarını hüquqa zidd adlandırıb.
O izah edib ki, Yunuslara qarşı apelyasiya şikayəti və ya protest olmayıb və təkrar məhkəmənin keçirilməsi əsassızdır.
“Görünür ki, Ali Məhkəmənin işin Apellyasiya Məhkəməsinə qaytarılması ilə bağlı qərarı elə əvvəlcədən onlar haqqında beynəlxalq axtarış elan etmək məqsədi güdüb”, – Sadıqov “Turan” agentliyinə bildirib.