“Azərbaycanın şəhər infrastrukturu əlillərə hesablanmayıb”
Azərbaycanda əlillər
Xədicə Səxavət
“Gənc tələbə olaraq könüllük proqramalarına yazılıram, lakin şəraitsizlikdən iştrak edə bilmirəm. Heç kəsin ağlına gəlmir ki, bizim kimiləri düşünsünlər, liftlər quraşdırılsın və ya pilləkənlərin başlanğıcında araba ilə keçməyə keçidlər qoyulsun”.
25 yaşlı Aysel Cəfərli Mingəçevir şəhərində turizm kollecində təhsil alır. Dostlarının və ailə üzvlərinin köməkliyi ilə təhsil ocağına gedib-gəldiyini deyir. Subbakalvr kimi Mingəçevir Universitetində təhsilini davam etdirmək istəsə də, orada əlilliyi olan şəxsləri üçün şəraitin nəzərdə tutulmaması onun bu istəyinə mane olur.
- Yarım ayda “İşçi Masası”nın 3 üzvü həbs edilib, dördüncü risk altında oduğunu deyir
- Kaxovkadan sonra Gürcüstanın Qara dəniz sahili – dənizi, turizmi və iqtisadiyyatı hansı aqibət gözləyir
- “BMT Təhlükəsizlik Şurasının qətnaməsi güc dəstəyi olmadan adi kağızdır”. Bakıdan baxış
“Marketlərə rahat gedə bilmirəm, həmçinin də küçədə rahat araba ilə gəzmək mümkün deyil. Yollar bərbad vəziyyətdədir. 3 ay öncə araba ilə yıxılmışam və başımdan zədə almışam. Rayonun ən böyük parklarından biri olan Kür kənarı ərazidə belə, normal şərait yoxdur ki, çıxıb asudə vaxt keçirə bilək. Məcburiyyətdən çox yerə avtomobil yolunun kənarı ilə gedirəm, bu da həyatıma bir başa təhlükədir.
Yalnız ASAN xidmətdə rahat könüllü ola bilmişəm. Orada bizim üçün hər şərait var idi.
Dəfələrlə bizim üçün şərait yaradılsın deyə müraciətlər etmişəm, vədlər verilib. Amma hələ heç nə yoxdur. Aktiv gənc olaraq mən də istəyirəm ki, günlük normal həyatımı yaşayım, tədbirlərə və təlimlərə qoşulum”, – Aysel deyir.
“Bütün ölkədə vəziyyət eynidir”
Əlillərin şikayətlərindən yola çıxaraq demək olar ki, əslində təkcə Mingəçevirdə yox, Azərbaycanın paytaxtından tutmuş bütün şəhər və rayonlarında vəziyyət aşağı-yuxarı eynidir. Yollar salınarkən, yaxud təmir-bərpa işləri aparılarkən əlillər nəzərə alınmır.
Düzdür, müəyyən yerlərdə səkilərdə, pilləkənlərin kənarında panduslar görürük, amma hər yanda deyil. Üstəlik, bir çox pandusların maililik dəcəsi nəzərə alınmadığından, onlar demək olar ki, yararsızdır.
Tikinti üzrə son təlimata əsasən, yeni binaların layihələndirilməsi zamanı əlil arabalarının hərəkəti məsələsinə xüsusi diqqət yetirilməlidir. Yəni liftlərin, dəhlizlərin, tualetlərin ölçüləri əlil arabalarının hərəkəti üçün yararlı olmalıdır. Amma reallıqda bu təlimatlara heç də hər vaxt riayət olunmur. Ölkədə yeni tikilən binaların çoxunda əlillərin hərəkəti üçün şəraitin yaradılmadığını müşahidə etmək mümkündür.
“Əlillərin cəmiyyətə inteqrasiyası üçün psixoloqa yox, infrastruktura ehtiyacı var”
“Əlilliyi olan insanların cəmiyyətə inteqrasıyası üçün psixoloqa və ya həkimə ehtiyac yoxdur, hamı kimi biz də insanıq. Bizim ən başlıca problemimiz şəhər infrastrukturunun əlillər üçün uyğun olmamasıdır”, – birinci qrup əlil Umud Rüstəmov deyir.
Umud Rüstəmov qrafik dizaynerdir. İş prosesində heç bir çətinliyi olmasa da, bütün əlillər kimi o da şəhərdə sərbəst və rahat hərəkət edə bilmədiyindən şikayətlənir:
“İçəri şəhərə getmək üçün “Sahil” metrosu ətrafında yeraltı keçid var. Bir dəfə o keçidə kənardan baxdım. Elə şəkildə pandus qurulub ki, sanki düz divardan neçə metr tullanmalısan aşağı. Arabanın həmin pandusun üzərində durması real deyil, o pandusla aşağı düşməklə mən özümü təhlükəyə atmış olaram. Neçə nəfər kömək etsə belə, araba ilə oradan aşağı düşmək mümkünsüzdür. Mən keçidin əvəzinə məcburam “Azneftin kruqu” adlanan yerdən avtomobil yolu ilə gedim. Maşınların arası ilə gedərkən özümü daha az təhlükədə hiss edirəm, nəinki həmin yeraltı keçiddəki pandusdan istifadə etməklə”.
AYNA: 6 ilə 2500 pandus quraşdırılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirirlər ki, şəhər nəqliyyatında əlçatanlığın təmin olunması baxımından vacib olan məqamlardan biri də küçə yol şəbəkəsinin uyğunluğudur.
“Qeyd edək ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub. Elə həmin il mühüm sosial əhəmiyyət kəsb edən layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri həyata keçirilir. Bu çərçivədə səkilərdə panduslar quraşdırılır. Dünya standartlarına uyğun tikilən pandusların maililiyi də tələblərə cavab verən səviyyədədir. Həmçinin onların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyada keçidindən istifadəsini stimullaşdıran və təhlükəsizliyini artıran məhəccərlər quraşdırılır. Ümumilikdə ötən dövrdə 200-ə yaxın küçə və prospektdə 2500-ə yaxın pandus quraşdırılıb”.
AYNA həmçinin bildirir ki, bucaqları düz qurulmayan panduslar əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tikdiyi panduslardır.
AAYDA-nın rəsmi nümayəndəsi isə deyir ki, piyada səkiləri onların xidmət sahəsinə daxil deyil: “Hansı ərazidə səkidə nəsə problem varsa BNA tərəfindən həmin problem aradan qaldırılmalıdır”.
“Sivil cəmiyyətdə təkcə sağlam yox, həm də əlil insanlar üçün rahat şərait yaradılmalıdır”
Memar-dizayner Aysel Hüseynova şəhərdə quraşdırılan pandusların çoxunun maililiyinin yanlış olması haqda danışarkən qeyd edir ki, hazırda panduslar quraşdırılarkən uzunluğa görə bucaqların təyin edilməsi üçün hazır proqramlar var.
“Əslində heç əziyyət çəkmək də lazım deyil. Bu proqramlar vastəsilə maililiyi dəqiq təyin etmək mümkündür. Həmçinin panduslarda material seçərkən diqqətli olmaq lazımdır. Bu gün panduslar qoyulan bir çox yerlərdə maneələr mövcuddur. Pandus bitən kimi divar və ya yaşıllıqların başladığını görmək mümkündür. Unutmaq lazım deyil ki panduslardan tək əlillər deyil, uşaq arabaları, yaşlılar da istifadə edir. Biz memarların əsas məqsədi estetik görünüşlə paralel rahat, maneəsiz şəhər mühiti yaratmaqdır”.
Gənc memar deyir ki, təkcə sağlam vətəndaşlar üçün deyil, əlilliyi olan insanlar üçün də təhlükəsiz və rahat həyat şəraitinin təşkili sivil cəmiyyətin əlamətidir.
“Cinsindən, yaşından, sağlamlıq və sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın istənilən ictimai yerdə – parklarda, səkilərdə, mağazalara, klinikalara, təhsil müəssisələrinə… sərbəst hərəkət edə bilməlidir”.