Azərbaycanın Livana maddi dəstəyi cəmiyyətdə kəskin tənqid olundu
Beyrutda baş vermiş partlayışdan sonra hadisənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Livan Respublikasına bir milyon dollar maddi dəstək göstərəcək. Bu qərar sosial şəbəkələrin Azərbaycan sektorunda heç də birmənalı qarşılanmayıb.
Qeyd olunur ki. bu pul Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan ayrılacaq və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) dollarının manat ekvivalenti məbləğində köçürüləcək. Baş Nazir Əli Əsədov bununla bağlı sərəncam da imzalayıb.
Azərbaycanda sosial-iqtisadi durumun yaxşı olmadığı, manatın stabilliyinin qorunmasında problemlərin yaşandığı dönəmdə hökumət tərəfindən Livan Respublikasına ayrılan bir milyon dollar yardım insanların qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələr onu göstərir ki, insanlar, hökumətin ölkədəki vəziyyətin düzəltməsi əvəzinə başqa ölkələrə yüklü məbləğdə yardım etməsini ədalətsiz hesab ediblər.
Xəbərlə bağlı istifadəçilərin bəzi şərhləri:
“Maraqlıdır, görəsən Azərbaycan öz millətinə niyə yardım etmir? Niyə bu karantin dövründə hər imkansız evə bir quzu da olsa dolu qida, maliyyə yardımı verilmir? Livana kömək bizə yaraşmır, millət 5 aydır acından ölür!”“Yardımı bu xalqa, elə bu körpə uşaqlara et, 18 yaşında hamısını yığıb aparıb yardım elədiyin erməninin qabagına atacaqsan”.
“Hər yerə verməyə pul tapılır, bir öz millətimizə gələndə pul olmur! Pulu Livana verməkdənsə karantindən əziyyət çəkən vətəndaşlarımıza verilsə yaxşı olmazmı?”
“Öz xalqını 5 aydır evdə saxlayıb, 190 manat nə puldur ki, onu da qıymır versin, fəqət Livana miliyon ayırır. Şəxsi maraqlara son qoymaq lazımdır. Xalqı düşünün”.