Azərbaycanın ilk müstəqil teatrı Milli teatr günündə küçəyə atılıb
Azərbaycanın ilk müstəqil teatrı olan ADO yerləşdiyi məkandan çıxarılıb. Bununla bağlı teatrın təsisçisi sosial şəbəkə hesablarından məlumat yayıb. Milli teatr günündə baş vermiş hadisənin səbəbləri və teatrın bundan sonra nə edəcəyi haqqında ADO-nun təsisçisi Elmin Bədəlov JAMnews-a danışıb.
- Karantin dövründə kino: Azərbaycan gəncləri üçün bu nə deməkdir?
- Edam olmaz əfv – vergülü həkim qoyur: Səudiyyə Ərəbistanında səhiyyə və həyat haqda
- Gürcüstanlı azərbaycanlılar nəyə baxırlar?
ADO nədir?
ADO (Azərbaycan Dağınıq Oda) teatrı 2012-ci ildən fəaliyyət göstərir. Təsis olunduqdan bir il sonra teatr icarəyə məkan götürüb və ODA adı altında fəaliyyətinə başlayıb.
Ölkənin ilk və tək müstəqil teatrı bu illər ərzində bir çox yeniliklərə imza atıb. Bir müddətdən sonra adını dəyişib və ODA tərsinə çevrilərək, ADO olub.
Sərgilər, müsabiqələr və kitab çapı
ADO-nun təsisçisi Elmin Bədəlovun sözlərinə görə, onlar yalnız tamaşa qoyuluşları ilə kifayətlənməyiblər. Həm əlavə maliyyə mənbəyi əldə etmək, həm də özlərini incəsənətin digər sahələrində sınamaq üçün qrup, yaxud fərdi şəkildə çalışan rəssamlar üçün sərgilər təşkil ediblər. İki dəfə karikatura müsabiqələri keçiriblər.
ADO eyni zamanda kitab çapı, film nümayişləri ilə də məşğul olub.
Nə baş verib?
ADO teatrının yerləşdiyi məkanın sahibi icarə haqqının ödənilməməsinə görə truppanın binanı tərk etməsini tələb edib. Maraqlıdır ki, bu tələb martın 10-da – Milli teatr günündə səslənib.
“Məkanla bağlı problem yaransa da, bildirmək istəyirəm ki, mən ADO-nu sonsuzluğa buraxmışam. ADO var, hər zaman olacaq. O, M.Ağayev, 245 ünvanında yox, Dilarə Əliyeva küçəsində yox, tarixdədir. ADO insanların ürəyindədir”, – Elmin Bədəlov müxbirimizə bildirib.
Hal-hazırda yerləşdiyi məkan ADO-nun altıncı yeri idi. Lakin Elmin deyir ki, məkanı itirsələr də, ADO bitməyəcək.
“ADO hər cür təklifə, dəstəyə açıqdır”
İlk müstəqil teatrın qarşılaşdığı problem onu sevənlərin etirazına səbəb olub. ADO-nun daimi tamaşaçılarından olan Seymur Nazar öz düşüncələrini müxbirimizə danışıb:
“Mən ilk dəfə ADO-nun tamaşasını 2015-ci ildə izləmişəm. Həqiqətən, mənə çox təsir etmişdi və başa düşmüşdüm ki, teatrda azadlıq necə olur. ADO-nun bu zamana qədər göstərdiyi tamaşalar həm gender, həm də LGBTQI+ stereotiplərini qıran tamaşalardır.
“Yağış-yağış” tamaşası buna ən gözəl misaldır. Əsas obraz homoseksual idi.
Cəmiyyətin, dövlətin ADO-ya layiq olduğu dəyəri verə bilmədiyini düşünürəm. Bu məkan probleminə görə çox təəssüf hissi keçirirəm. Pandemiya dövrü ərzində də dövlət tərəfindən heç bir dəstək, yardım görmədilər”.
Seymur deyir ki, ADO iki il əvvəl də məkan problemi yaşayırdı: “Cəmiyyətin dəstəyi ilə problem həll olundu, imza kampaniyaları keçirildi. ADO sevərlər düşünür ki, hər bir ölkədə müstəqil teatrlara maraq olmalıdır. Bu, dövlətin nə qədər demokratik olduğunu, incəsənətə nə qədər önəm verdiyini göstərir. Lakin təəssüf ki, bu, ölkəmizdə baş vermir və nəticə göz qabağındadır”.
“Bu qədər çağırışlara, müraciətlərə baxmayaraq, dövlət heç bir reaksiya vermədi və ölkənin ilk müstəqil teatrı məkanını itirdi. Açıq-aydın görünür ki, onlar müstəqil incəsənət marağında deyil və hər şeyi özəlləşdirmək istəyirlər.
ADO küçə tamaşası ilə bağlı məhkəməyə müraciət edəndə tələb etmişdilər ki, tamaşanı öncə onlara, daha sonra cəmiyyətə göstərsinlər. Bu, müstəqil teatr üçün gülünc vəziyyət idi. Tamaşalara müdaxilə oluna bilməz.
Böyük bir məğlubiyyətlə üz-üzəyik. Əslində, hazırkı cəmiyyət də bu tamaşalara layiq deyil. Açığı, bilmirəm, bundan sonra nə baş verəcək. Kimsə nəsə etməlidir və təsisçilər artıq yorulub kimdənsə nəsə istəməkdən. Yenə də ADO hər cür təklifə, dəstəyə açıqdır”.
Şərhlər
Sosial şəbəkələrdə də gənclər öz etirazını bildirir və ADO-ya dəstək olur. Bir qrup şəxs status yazır, profil fotosunu ADO-nun loqosuna dəyişir. Hadisənin məhz Milli teatr günündə baş verməsi yazılan statusların əsas kinayə hədəfidir.
Ömər Xəyyam adlı istifadəçi özünün “Facebook” səhifəsində yazır: “Əlbəttə, bu hadisə diqqətdən kənarda qalmamalı, birbaşa gündəm olmalıdır. Ölkənin ilk müstəqil teatrı icarə haqqını ödəyə bilmir, sahibkar binanı tərk etmək üçün müddət qoyub. Bilmirəm, bu, teatrın neçənci köçüdür. İnqilab ancaq mədəniyyətlə mümkündür! Bu teatrı Elmin özü üçün, ailəsi üçün qurmayıb. Bizimdir, ölkəmizindir, mədəniyyətimizindir. Əl-ələ, baş-başa verib sahib çıxmalıyıq!”
Etiraz edən gənclərdən biri də Orxan Bahadırsoydur: “ADO teatrının bugünkü durumu ölkə və toplum adına böyük utancdır. Lakin bu utanc hissini keçirən, pərt və xəcil olan, əlindən heç nə gəlməsə də, sadəcə, ölkənin ilk müstəqil teatrının göz görə-görə dağılmaqda olduğunu görüb, heç olmazsa, narahat olan neçə nəfər var?”