Azərbaycanın əsas universitetinin rektoru niyə işdən çıxarılıb?
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov prezident sərəncamı ilə 20 ilə yaxındır ki (1999-cu ildən) tutduğu vəzifəsindən azad edilib. Bu müddət ərzində o, xalq sevgisi qazanmayıb, əksinə, tələbələr mütəmadi olaraq korrupsiya ilə bağlı şikayətlənirdilər.
• Azərbaycanlı məktəblilərə islam dərsləri lazımdırmı?
• Azərbaycanda cəmi bir il içində azyaşlılar arasında abortların sayı üç dəfə artıb
• Azərbaycanlı tələbələr xaricdə: yaxşı nədir, pis nədir
Musavat.com saytının yaydığı versiyaya görə, işdən çıxarılma səbəbi alkoqol qaçaqmalçılığı və təyyarədə sərxoş vəziyyətdə dava salmasıdır. Bununla bağlı heç bir rəsmi bəyanat yoxdur.
Müsavat.com-un versiyası
Beləliklə, Müsavat.com yazır ki, noyabrın 3-də Azərbaycan nümayəndə heyəti dini tolerantlıqla bağlı beynəlxalq konfransda iştirak etmək üçün xüsusi reyslə Madridə yola düşüb. Abel Məhərrəmov da nümayəndə heyətinin tərkibində olub.
İki saat ərzində təyyarə həddən artıq yükləndiyi üçün heç cür havaya qalxa bilməyib, həmin heyətin tərkibində olan anonim mənbə bildirir. Nəhayət, məlum olub ki, Abel Məhərrəmovun şərab çəlləklərindən ibarət olan iki tonluq baqajı yüklənməyə səbəb olub.
Müsavat.com-un bildirdiyinə görə, Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiri olan oğlu ilə birlikdə şərab biznesinə sahibdir. Onlar qaçaq yolla yerli şərabı İspaniyaya göndərir, orada şüşələrə süzür və elə bu cür qeyri-leqal yolla ispan şərabı adı altında ölkəyə gətirirlər. Sonra isə bu saxta ispan şərabı Abel Məhərrəmova məxsus mağaza və restoranlarda satılır.
Amma Məhərrəmovun işdən azad edilməsinə bu səbəb olmayıb, məsələ onun Madrid səfəri zamanı deputatlardan biri ilə restoranda dalaşmasındadır – Musavat.com bildirir. Deyilənlərə görə, Abel Məhərrəmov sərxoş vəziyyətdə deyib ki, “BDU minlərlə insanın toplaşdığı müəssisədir: tələbələr, ziyalılar. İstəsəm, onların gücündən istifadə edib, ölkədə stabilliyi bir anın içində pozaram”.
Sosial şəbəkələrdə reaksiya
Sosial şəbəkələrdə Azərbaycanın əsas ali məktəbinin rektorunun qalmaqallı işdən çıxarılması açıq sevinclə qarşılanıb, səbəblər haqda mübahisələr açılıb:
“Çoxdan onu bayıra atmaq lazım idi”
“İnanmıram ki, o, ağzından belə söz çıxara. Adam nə qədər içməlidir ki…”
“Gəlin, onun işdən çıxarılması şərəfinə içək”
“Ən gülməlisi odur ki, kimsə bu yerə layiqli insanın təyin olunacağına inanır. Layiqlilər çoxdan gediblər, qalanlar isə növbədə dayanıb”