Azərbaycanda xərçəng xəstələrinin sayının niyə artdığı müzakirə olunur
Azərbaycanda son 14 ildə qeydiyyata alınan xərçəng xəstələrinin sayı iki dəfə artıb. İnsanlar sosial şəbəkələrdə bu statistikadan heyrətlənib və səbəbləri müzakirə edirlər. Nə baş verib: xəstəliyə daha yaxşı diaqnoz qoymağa başlayıblar, yoxsa Azərbaycan sakinlərini sarsıntı və ekologiya öldürür?
• Azərbaycanda diabet: hekayələr, problemlər, miflər
• Ermənistanda həkimlər HİV və QİÇS xəstələrini diskriminasiyaya məruz qoyur
Statistika
Hazırda Azərbaycanda rəsmən 48 685 onkoloji xəstə qeydə alınıb – Trend məlumat verir.
2005-ci ildə onların sayı 23 088;
2010-cu ildə – 28 052;
2015-ci ildə – 40 653;
2017-ci ildə – 45 756 nəfər olub;
Ötən il bu diaqnoz 100 min nəfərlik əhali arasında təxminən 113 nəfərə qoyulub.
Onların əksəriyyətinin yaşı 40-dan yuxarıdır, kişi və qadın bölgüsü təxminən eynidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, xərçəng dünyada hər altı ölümdən birinin səbəbidir. Bu cür ölümlərin 70 faizə yaxını əhalinin gəlir səviyyəsinin aşağı və orta olduğu ölkələrin payına düşür. Bununla belə onkologiya diaqnozu daha çox inkişaf etmiş ölkələrdə qoyulur. Adambaşına düşən diaqnoz sayı üzrə hazırda Avstraliya liderlik edir (hər yüz min insana 468 nəfər).
Xərçəng “epidemiyasının” səbəbləri
Səhiyyə mühitində şişlərin yaranma səbəbilə bağlı yekdil fikir yoxdur. Alimlər hələ də xərçəngə səbəb olan amillər ətrafında mübahisə edirlər: yanlış qidalanma, şüalanma, viruslar, sarsıntı, harmonal pozuntu, genetik meyillilik.
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov hesab edir ki, əsas risk amilləri siqaret çəkmək və artıq çəkidir.
Azərbaycan sosial şəbəkələrində ölkədə xərçəng xəstələrinin sayının getdikcə artması haqda insanlar öz versiyalarını irəli sürürlər:
“Bu fəlakətdir! Bizə nə yedizdirdiklərini düşünəndə, adam dəhşətə gəlir, daha nəfəs aldığımız havanı demirəm”;
“Bu, yaxşı statistikadır! Bu o deməkdir ki, bizdə onkoloji xəstəliklərə daha yaxşı diaqnoz qoymağa başlayıblar. Əgər xəstəlik zamanında üzə çıxarılarsa, sağalmaq şansı çoxalır”;
“Əksinə, Azərbaycanda indiyə qədər nə normal diaqnoz qoymağı, nə də müalicə etməyi öyrənməyiblər! Kimin imkanı varsa, Türkiyədə, Almaniyada, Rusiyada müalicə olunur. Kimin imkanı yoxdursa, burada ölür. Müalicə və dərmanlar bahadır, əksər həkimlərin peşəkarlığı isə aşağıdır”.