Azərbaycanda tədris ilinin başlanacağı tarix məlum olub, amma bu, hələ son qərar deyil
Bugün Azərbaycanın təhsil naziri Emin Əmrullayev ölkədə ehtimal olunan əyani tədrisin başlanması mexanizmi haqda danışıb, amma hər şeyin epidemioloji vəziyyətdən asılı olacağını da qeyd edib. Beləliklə, tədris ili ənənəvi olaraq sentyabrın 15-dən başlayacaq, amma hamı üçün yox.
• Maska, tənəffüssüz və yeməkxanasız: Ermənistan yeni tədris ilinə hazırlaşır
Koronavirus epidemiyasına görə Azərbaycanın orta və ali məktəblərində əyani təhsil 2020-ci il martın 3-dən dayandırılıb.
Bugün paytaxt məktəblərinin birinin binasında keçirilən brifinq zamanı Əmrullayev bəyan edib ki, sentyabrın 15-dən ibtidai siniflər və uşaq bağçaları fəaliyyətlərini mərhələli şəkildə bərpa edəcək. Əvvəlcə bütün ölkə üzrə yoluxma hallarının ən az olduğu zonalarda yerləşən uşaq bağçaları açılacaq. Bu prosesin sentyabrın 15-dən noyabra qədər həyata keçirilməsi planlaşdırılır.
Təhsil naziri hesab edir ki, tədris prosesinin bərpa olunması koronavirus yoluxmalarının artmasına gətirib çıxara bilər: “Amma eyni zamanda biz anlayırıq ki, gələcək nəslin təhsili çox mühüm məsələdir. Buna görə də, istənilən qərarın qəbulunda çox diqqətli olmaq lazımdır”.
Əmrullayevin sözlərinə görə, 1-4-cü sinif şagirdləri həftədə 2-3 dəfə məktəbə gedəcəklər. “Biz ibtidai siniflərə 650 000 şagird gözləyirik. Bunun 257 000 nəfəri Bakı, Sumqayıt və Abşeron rayonunun məktəblərini əhatə edir. Bunlar yoluxma səviyyəsinin ən çox yayıldığı ərazilərdir. Digər siniflərin şagirdlərinə gəlincə, onların dərsləri onlayn formatda keçiriləcək”, – o deyib.
“Əgər epidemioloji vəziyyət stabil olsa, oktyabrın 15-dən yuxarı sinif şagirdləri üçün ənənəvi tədris prosesinin bərpa edilməsi planlaşdırılıb”, – E.Əmrullayev əlavə edib.
Onun sözlərinə görə, 5-9-cu sinif şagirdlərinin oktyabrın 1-dən ənənəvi tədris prosesinə cəlb olunması nəzərdən keçirilir.
Ali məktəb tələbələrinə gəlincə, sentyabrın 15-dən onlar distant, yəni onlayn formatda təhsilə davam edəcəklər.
“Sentyabrın 15-dən ali məktəb tələbələri distant təhsilə davam edəcəklər. Oktyabrın 15-dən laboratoriya işi tələb edən bir sıra ixtisasların nümayəndələri müvafiq protokollar əsasında təhsilin ənənəvi formasına qayıda biləcəklər”, – Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, oktyabrın 1-də birinci kurs tələbələri öz təhsil müəssisəsi ilə tanışlıq üçün gələcəklər.
Nazir karantin rejimi elan olunduğu üçün Bakını tərk edən və müvəqqəti olaraq qeydiyyatda olduqları rayonlarda yaşayan şagirdlərin valideynlərinin nə etməli olduğu ilə bağlı suala cavab verə bilməyib. Bununla belə, həmin uşaqlar paytaxtda təhsil alırlar. Pandemiyaya görə regionlardan paytaxta gəliş-gediş bağlı olduğu üçün onlar Bakıya qayıda bilməyəcəklər. Nazir qeyd edib ki, bu məsələ onun səlahiyyətində deyil.
Hələlik qeyd olunan məsələlərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur.
Son sutka ərzində Azərbaycanda koronavirusa 137 yeni yoluxma halı qeydə alınıb. İki nəfər ölüb, 83 nəfər COVID-19 xəstəsi sağalıb və xəstəxanadan evə buraxılıb. Yoluxanların ümumi sayı 35844 nəfərə, ölənlərin ümumi sayı isə 524 nəfərə çatıb.