Azərbaycanda sərt karantin uzadıla bilər
Azərbaycanda koronavirusa yoluxma hallarının kəskin arması səbəbilə iyunun 21-də bərpa olunan sərt karantin rejimi ola bilər ki, əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 5-də sona çatmasın.
Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində karantinin iki həftə uzadılması təklif olunub.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bu təklifi səsləndirib.
“Karantin nəticəsini verir. Görürük ki, yoluxmaların sayı stabilləşib. Yoluxma 500-ün üstü olsa da biz daha çox yoluxmanın qarşısını almışıq”, – bu, TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin) rəsmisi Yaqut Qarayevanın karantin rejiminin uzadılması ilə bağlı arqumentidir.
• Tanınmış azərbaycanlı jurnalist atasının ölümündə səhiyyəni günahlandırıb
• Koronavirusu gizlətmək, yoxsa iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
Azərbaycanda son sutka ərzində COVID-19 koronavirusuna 556 yeni yoluxma qeydə alınıb, yeddi nəfər ölüb.
Epidemiya başlayandan bu günə qədər yoluxanların ümumi sayı 17 524 nəfər təşkil edir, onlardan 9715 nəfər sağalıb, 213 nəfər ölüb.