Azərbaycanda sərt karantin rejimi daha iki həftə uzadıla bilər
Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, prezidentin köməkçisi Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının planlaşdırıldığını bildirib.
“Təəssüf hissi ilə deməliyəm ki, operativ qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edib. Biz karantin rejiminin əlavə iki həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq”, – deyə, Mövsümov vurğulayıb.
Mart ayının sonunda qüvvəyə minmiş sərt karantin rejimi aprelin sonlarında yumşaldılsa da, yoluxanların sayının çoxalmasına görə iyunda yenidən qüvvəyə minib.
İyunun 21-dən Bakı və Azərbaycanın bir neçə digər şəhər və rayonunun sakinləri faktiki evlərinə qapadılıblar. Onlar evdən yalnız ərzaq almaq və ya həkimə getmək üçün sms-icazə ilə iki saatlıq çıxa bilirlər. Beş nəfərdən artıq bir yerdə toplaşmaq isə qadağandır. Ölkə ərazisinda market və apteklərdən başda bütün ticarət mərkəzləri, salon və obyektlər bağlıdır. Sərtləşdirilmiş karantin rejimi yenidən qüvvəyə mindiyindən hökumət işini itirmiş vətəndaşlara yenidən, 3-cü dəfə 190 manat müavinət ödəyib. İyulun 16-na olan koronavirus rəqəmlərində ilk dəfə azalma müşahidə olunub. Dünən virusa yoluxanların sayı 493, sağalanların sayı isə 561 nəfər təşkil edib, 8575 nəfər virusdan müalicə olunur.