Azərbaycanda qohum nikahlar: təhlükəli ənənə
“Ənənə şəxsiyyəti yox, bütövlükdə ailəni yaradır. O şəxsiyyət, uşaq ikinci məsələdir. Ola bilər uşaq xəstədir. Ola bilər gəlin-bəy genetik, erotik bir-birinə uyğunlaşmır. Bu, nəzərə alınmır. Təki, ailə olsun. Biz bunu bilirik ki, ənənə ailəni qoruyur. Ailənin sağlamlığı şəxsiyyətin sağlamlığından üstün tutulur”.
Sitat hələ 11 il əvvəl çəkilən “Nikah sirləri” filmində qohum nikahlardan danışan mərhum professor Həsən Quliyevdəndir. Maraqlıdır, bu 11 ildə Azərbaycanda qohum nikahlarla bağlı nələr dəyişib?
Söhbət əmiuşağı, xalauşağı və s. arasındakı nikahdan gedir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da belə nikahlar geniş yayılıb və uzun illər bu hal prinsipcə problem hesab edilməyib. Qohum nikahlara əsasən talassemiya kimi nadir irsi xəstəliyin kəskin artması səbəbilə fikir verməyə, bu haqda danışmağa başladılar. Həkimlər hesab edirlər ki, bu artım məhz qohum nikahların nəticəsidir.
Dövlət Statistika Komitəsi bildirir ki, qurum qohum nikahlarının statistikasını aparmır.
Azərbaycan cəmiyyətində bununla bağlı fikirlər müxtəlifdir: kimsə qohum nikahlarda pis heç nə görmür, kimsə də qohum nikahların qadağan olunmasını istəyir (məsələn, ABŞ-ın bir çox ştatlarında olduğu kimi). Cəmiyyətdə belə nikahlara olan meylin səbəbləri və bu evliliklərin yol aça biləcəyi fəsadlar maraq doğurur.
Reyhan Əhmədova
“Anam biləndə ki, dayım oğlu məni sevir, dedi, səni yada ərə verəcəm. Mən etiraz elədim. Onu çox sevirdim. Həm də qorxurdum ki, yadla evlənərəm, məni atıb, gedər”.
Bir-birilərini dəli kimi sevən 22 yaşlı dayı oğlu ilə 20 yaşlı bibi qızı ailə qurur. Bu evlilikdən üç qızları olan ailə ilk illərdə çox xoşbəxt yaşayır. Evləndikləri vaxt yaxın qohum nikahından şikəst uşaq doğulma ehtimalı haqda ümumiyyətlə xəbərsiz olduğunu deyir Reyhan Əhmədova:
“Vallah, o vaxt belə şey yox idi. Heç bu gün də mən belə şeyə inanmıram. Mində bir olan şeylərdir bunlar”.
Böyük qızı 10-cu sinifdə oxuyanda, Reyhan xanımın 37 yaşlı əri qəfil insultdan dünyasını dəyişir. Beləcə, qızlarını min-bir əziyyətlə yalnız böyütməli olan Reyhan Əhmədova dayısı oğluna – ərinə olan sevgisinə bu gün də sadiq qaldığını deyir:
“Ondan sonra məni istəyənlər oldu, ərə getmədim. O məni tərk edəndən sonra uzun illər süfrəyə bir boşqab artıq qoymuşam”.
Ərinin bu gün də yuxularına gəldiyini deyən Rehyan Əhmədova göz yaşlarını saxlaya bilmir. Kövrəlir, çox sevənlərin heç vaxt qovuşmadığını söyləyib, əlavə edir:
“Mən dayım oğluna ərə getdiyimə heç vaxt peşman olmamışam. Heç vaxt da qohum nikahlarına pis baxmamışam. Qızımın birini uzaq qohumuma vermişəm. Yaxın qohuma da getmək istəsəydilər, ərə verərdim”.
Çətinliklə də olsa, qızlarını böyüdüb, onları gəlin köçürən 65 yaşlı qadın hətta nəvələri də qohumlarını sevsə, bu nikaha tərəddüdsüz xeyir-dua verəcəyini deyir.
Nuranə Hacıyeva
“Əslində, qohum nikahlarına müsbət baxmırdım. 2006-cı ildə uşaqlıqdan Qazaxıstanda yaşayan dayım oğlu gəlmişdi. O, mənə yad kimi gəlirdi. Heç görüşməmişdik. Bir il sonra evlənmək istəyəndə, atam qətiyyətlə, “olmaz!” dedi. Uşaqlarımızın xəstə doğulma ehtimalı olduğunu bildirdi. Onu dinləmədim. Həm də dayım oğlunun anasının milliyyəti başqa idi. Yoldaşımla ikimiz də ümid edirdik ki, uşaqlar xəstə olmayacaq”.
Bir il sonra qızını, il yarım sonra isə plansız hamiləlikdən oğlunu dünyaya gətirib və hər iki uşağa serebral iflic diaqnozu qoyulub.
“Əslində, biz bu günəcən də dəqiq bilmirik ki, uşaqlarımız həqiqətən qohum nikahına görəmi xəstədir? Çünki ikisinə də hamiləlik dövründə qanımda virus olub. Virusla müalicəni sona qədər aparmamışam. Cahillik deyək də buna. Universitet bitirməklə deyil. Son olaraq, həkimlər bizə xəstəliyin dəqiq nə olduğunu və hansı səbəbdən yarandığını öyrənmək üçün genetik analiz verməli olduğumuzu dedilər. Buna isə maddi imkanımız çatmadı”.
Qazaxıstan vətəndaşı olduğundan ərinin işləmədiyini deyən 33 yaşlı Nuranə Hacıyeva iki xəstə uşağa baxmağın həm maddi, həm də mənəvi cəhətdən çətin olduğunu bildirir:
“Qızımın 9, oğlumun 7 yaşı var. Təbii ki, fərqli iki uşaq böyütmək asan deyil. Həm fiziki, həm psixoloji cəhətdən öz yaşıdlarından geri qalırlar. Öz yaşıdlarıyla oynamaq istəyirlər, amma fiziki imkanları buna imkan vermir. Harasa gedəndə, qucağımda aparmalı oluram. Amma çox şükür ki, ağılları və şüurları yerindədir. Özləri yeməklərini yeyir, paltarlarını geyinirlər”.
Bu gününün pəncərəsindən sevgi artıq Nuranəyə ötəri hiss kimi görünür. Üstəlik, bu günəcən bircə dəfə də atasından “axı, sənə demişdim” tənəsini eşitməsə də, zamanında onu dinləməməyin yükünü vicdanında daşıdığını deyir. O, yaxın qohumu ilə evliliyə hazırlaşan qadınları diqqətli olmağa çağırır:
“İnanmıram, bizim millət belə bir qadağaya məhəl qoysun. Amma istərdim ki, bu, qanunla tənzimlənsin. Ən azından maarifləndirmə işləri aparılsın. Bizim evləndiyimiz vaxt nikahdan öncə məcburi analiz haqda qanun yox idi. Kaş ki, o vaxt da olardı. Heç olmasa, indi belə nikahlara girən qızlar mütləq analizlərinə diqqət etsinlər. Sonradan bu qədər mənəvi və psixoloji əziyyət çəkməkdənsə, əvvəlcədən hesablarını götürsünlər”.
Həkim rəyi
Qohum nikahların mümkün fəsadları məsələsində Azərbaycan həkimləri həm öz aralarında, həm də digər ölkələrdəki həmkarları ilə həmrəydilər.
Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova:
“Nazirlər Kabinetinin nikahdan öncə vətəndaşların məcburi tibbi müayinədən keçməsini əsas tutan 2015-ci il tarixli qərarı belə evliliklərin fəsadlarından qaçmağa yönəlib.
“Analizlər olunur. Əgər iki şəxsin hansındasa irsi xəstəlik aşkarlanırsa, onlara məlumat verilir. Qərarı hər ikisi verməlidir. Onlar gələcək üçün öz uşaqlarında yarana biləcək xəstəliyi necə qəbul edəcəklərinə özləri qərar verirlər. Qanunla heç kimin onlara qadağa qoymağa ixtiyarı yoxdur.
Qan qohumluğu evliliyi yaxşılığa gətirmir. Nə eybəcərliklər varsa, onu qabardır. Belə evliliklər irsi xətəliklərin ömrünü uzadır”.
Azərbaycanda nikahdan öncə məcburi tibbi müayinənin tətbiqindən iki il keçir. Bu müddət ərzində 279 383 nəfər müayinədən keçib. Onlardan 11 773 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb.
Respublika Talassemiya Mərkəzinin baş həkimi Ceyhun Məmmədov: “Ümumiyyətlə, talassemiya əsasən, qan qohumu nikahlarının nəticəsində yaranan irsi qan xəstəliyidir. Xəstəliyin yaranmasının səbəbi hemoqlobin zəncirində yaranan qüsurdur. Bunun nəticəsində isə qırmızı qan hüceyrələrinin istehsalında problem yaranır”.
2009-cu ildən yaranan qurumda o dövrdən bu ilin avqust ayına qədər ümumilikdə 3045 xəstə dispanser qeydiyyatdan keçib.
Son beş ildə mərkəzdə beta-talassemiya diaqnozu ilə qeydiyyata düşən xəstələrin statistikası isə aşağıdakı kimidir:
2012-ci il – 94 nəfər
2013-cü il – 78 nəfər
2014-cü il – 75 nəfər
2015-cü il – 63 nəfər
2016-cı il – 55 nəfər
Genetika hər şeyi izah edir
“Evrim ağacı” portalının qurucu və idarəçisi, ABŞ-ın Texas Tech Universitetinin bioloq doktorantı Çağrı Mert Bakırcı JAMnews-a verdiyi açıqlamasında qan qohumu olan valideynlərdən dünyaya gələn körpənin xəstə olmaq riskinin niyə yüksək olduğunu izah edir:
“Bir insanla nə qədər yaxın qohumsunuzsa, genləriniz də o qədər bənzərdir. Bu da uşağınızın genlərinin bu oxşar genlərin iki surətinə (biri ana, biri atadan gələn) sahib olacağı deməkdir. Sağlam genlər üçün bu, problem deyil. Sağlam genlər yad biri ilə evlənsəniz də, onsuz da uşağınıza sağlam şəkildə keçəcək. Problem xəstəliklərə səbəb ola biləcək genlərdədir. Bu genlərin böyük əksəriyyəti resessiv xəstəliklərdir. Bu, nə deməkdir? Əgər uşaqda genin bir surəti varsa, o, xəstə olmur. Amma eyni gen həm anadan, həm atadan gəlirsə, yəni, uşaq hər iki geni də daşıyırsa, deməli, xəstə olacaq. Ona görə də yaxın qohumlar evlənməyə qərar verəndə, bu genləri uşağa ötürmə ehtimalı böyüyür. Ata və ana (yaxın qohum olduqları üçün) eyni gendən gəldiyi üçün qeyd etdiyimiz resessiv genə sahib olma ehtimalları 50 faizdir. İki tərəfdən də 50 faiz ehtimalla gələn resessiv genin körpədə xəstəliyə səbəb olma ehtimalı 25 faizdir”.
Ekspert onu da deyir ki, əgər bir fərddə qeyd olunan xəstəliyə aid gen yoxdursa, digərində olsa belə, uşaqların o xəstəlikdən əziyyət çəkmə ehtimalı 0 faiz olacaq:
“Bir şeyi də deyim. Yuxarıda qeyd etdiyim xəstəliyə 25 faiz səbəb olma ehtimalı sizə kiçik görünə bilər. Amma 0-dan 25 faizə çıxdığına diqqətinizi çəkmək istəyirəm. Bu, hər dörd uşaqdan birinin xəstə doğulacağı deməkdir. Daha da önəmlisi odur ki, bu analiz tək bir gen və tək bir xəstəlik üçün keçərlidir. Onlarla xəstəliyin bu şəkildə olduğunu düşünsək, qohum nikahına girənlərin uşaqlarında bu xəstəliklərin birinin tapılma ehtimalı çox-çox yüksəkdir. Hətta bəlkə bəzi situasiyalarda 90 faizi keçən ehtimal da olacaq. Bu səbəbdən qohum evliliklərinin qarşısı birmənalı şəkildə alınmalıdır. Amma hər şeyə rəğmən bu evlilik olacaqsa, genetik analizlər verilməli və həkim nəzarəti altında olmalıdır.
Belə nikahlarda özünü göstərə biləcək xəstəliklərə gəlincə, bunlar serebral iflic, karlıq, kistozlu fibroz, hemofiliya, uşaq diabeti, şizofreniya və daha 15-20 fərqli xəstəlik ola bilər”.
Adət və ənənələr
Sosioloq Sənubər Heydərova qohum nikahların sosioloji səbəblərinin kökünün qədim zamanlara qədər getdiyini bildirir:
O dövr üçün icmanın daxilində ailə qurmaq daha çox qəbul olunan idi. İmkanlı insanlar ailənin var-dövlətini kənara çıxarmaq istəmirdilər. Bəzi icmalar bunu hələ də saxlayır. Məsələn, bəzi Bakı kəndlərində kənddən kənara nə qız verərlər, nə oğul evləndirərlər. Kasıb ailələrin belə evliliyə meyl etməsi isə daha əvvəlki nəsillərdən onlara miras qalan adət-ənənələrini qorumaq istəyilə bağlıdır. Onlar səbəbini anlamadan özlərini buna borclu hesab edilər. Çox vaxt əmi uşaqları, xala uşaqları arasında hisslərin yaranması onların ünsiyyət çevrələrinin əsasən ailə daxilində olması ilə bağlı olur. Halbuki, evdən kənar mühitdə sosiallaşsalar belə olmazdı”.
Problemin həlli
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Aynur Veysəlova:
“Bizim müxtəlif tədbir və layihələrimiz olur. Bununla bağlı sənədli filmlər, çap məhsulları hazırlayırıq. Bunlar əsasən, qabaqlayıcı tədbirlərdir. Bir də var ki, artıq evlənib, xəstə uşaq dünyaya gətirən ailələr. Biz onlarla da işləyirik. Belə ailələrdə, atanın ananı xəstə uşaq doğmaqda günahlandırması üzündən baş verən boşanmalar və digər bu kimi problemlər olur. İl ərzində bizə hardasa onlarla belə ailələr müraciət edir.
Bununla belə biz insanların seçiminə qarışa bilmərik, onlara qadağa qoya bilmərik. Bizim borcumuz sadəcə onları risklərlə bağlı məlumatlandırmaqdır. Biz həmişə gənclərə tövsiyyə edirik ki, mütləq nikahdan öncə tibbi müayinədən keçməyə xüsusi diqqət etsinlər”.
Qadağalar: оnlar nə dərəcədə qanunidir?
2016-cı ildə Tacikistanda yaxın qohum evlilikləri dövlət səviyyəsində qadağan olundu. Azərbaycanda belə bir qadağa ola bilərmi? Ümumiyyətlə, belə evliliklərin qadağan olunması insan haqlarına zidd deyilmi? Hüquqşünas Samirə Ağayeva şərh edir:
“Alimlər və araşdırmalar təsdiq edir ki, bu nikahlardan doğulan uşaqlarda irsi xəstəliklər yaranır. Bu, böyük miqyasda baxanda, bir millətin, ümumilikdə, xalqın sağlamlığına zərbədir. Ona görə də hansısa bir dövlət belə nikahları qadağan edirsə, bu, zənnimcə, müsbət haldır. Biz Avropa Konvensiyası və ya istənilən beynəlxalq sənədə baxsaq, hər bir insanın hüquq və azadlıqlarının olduğunu görəcəyik. Amma bu hüquq və azadlıqların da özünə görə məhdudiyyət və istisnaları var.
Amma bütün bunlara rəğmən, inanmıram ki, Azərbaycanda bu evliliklər qadağan olunsun. Bundan başqa, ölkəmizin girdabında batdığı korrupsiya kimi bir amil də var. Həkimə rüşvət verib analizlərin cavablarını dəyişdirməsini istəməyə heç nə mane ola bilməz, məsələn, gələcək həyat yoldaşının ailəsindən xəstəliklərini gözlətmək üçün”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova nikahdan öncə tibbi müayinələrin nəticələrinin rüşvətlə dəyişdirilməsini əsassız iddia hesab edir: “Onsuz da bu xəstəliklərin olması o şəxslərə evliliyi qadağan etmir. İnsanlar nəyə görə bu nəticəni dəyişdirməlidir? Biz sadəcə belə xəstəlikləri olan insanlara məlumat veririk. Və onları müalicəyə dəvət edirik”.