Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib. Siyasətçilər bu qərarın səbəbləri haqda
Azərbaycanda prezident seçkiləri
İlham Əliyev gözlənilmədən və heç bir izahat vermədən Azərbaycanda növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi haqqında sərəncam imzaladı. Hakimiyyəti seçkiləri vaxtından 15 ay əvvəl təyin etməyə nə məcbur edib? Bu qərarın mümkün səbəbləri haqda siyasətçilər Azər Qasımlı və Natiq Cəfərlinin şərhlərində.
- İlk dəfə: Azərbaycan və Ermənistan hakimiyyətlərinin birgə bəyanatı
- İlham Əliyev: “Azərbaycan qarşısına Aİ üzvü olmaq məqsədi qoymayıb”
- Ermənistan parlamenti Dağlıq Qarabağın başqa ölkənin tərkib hissəsi kimi tanınmasının kriminallaşdırılması layihəsini rədd edib
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı:
Prezident seçkilərinin vaxtından 15 ay əvvələ təyin edilməsi ilk növbədə onun göstəricisidir ki, ölkə rəhbəri nə özünə, nə də bundan sonraki proseslərə güvənir.
Bu il iqtisadi artım MDB ölkələrində ən aşağı idi. Ölkədə sosial uçurum və bunun nəticəsi olaraq sosial gərginlik də artmaqdadır. Qarabağ zəfərini inkişafa çevirə bilmədilər. Bu məsələ yalnız müvəqqəti olaraq legitimliyin artmasına və ictimai dəstəyə səbəb oldu.
Əliyev iqtidarının artıq əlində daxildə istifadə edəcəyi hər hansı xarici siyasət kartı qalmayıb. Qarabağ məsələsi axırıncı kart idi ki, istifadə etdilər. Əsas məsələlərdən biri də odur ki, Rusiyanın hərbi kontingenti 2025-ci ildə ölkəmizin ərazisini tərk etməyəcək. Bu da iqtidarın legitimliyini daha da aşağı salacaq.
Qərarın qəbul olunmasına və bu prosesə təsiredici əsas faktor isə məncə Qərblə, ABŞ-la münasibətlərin pisləşməsidir. Əlamətdar haldır ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn dünən Bakıya gəlir, İlham Əliyev isə bu gün səhər tələm-tələsik sərəncam imzalayır. Bir sözlə qopma trendi, böyük ehtimal davam edəcək. Çünki Əliyev iqtidarı Rusiyadan yana seçimini edib. Bu arada AzərTacın ABŞ dövlət katibi Blinkenin zəngi ilə bağlı media açıqlaması Hebbelssayağı idi. Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədində toqquşmaları da istisna etmirəm.
Son ayların repressiyalarını və yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, ölkə daxilində gərginlik artacaq və bu da iqtidar üçün yeni təhdidlər deməkdir.
“Respublikaçı Alternativ” (ReAl) partiyasının liderlərindən biri Natiq Cəfərli:
Növbədənkənar prezident seçkiləri niyə elan edildi? Çox güman, bu sual çox insanı düşündürür. Mən də çalışacam ki, öz ehtimallarımı yazım:
- Son 3 ildə baş verənlər, ərazi bütövlüyünün və suverenliyin bərpası möhtəşəm hadisədir. Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, buna nail ola bildi. Tarixi hadisədir və təbii ki, Ali Baş Komandan kimi İlham Əliyevin bu məsələdə müstəsna rolu var. Əliyev 20 illik hakimiyyəti dövründıə heç vaxt bu qədər populyar olmayıb, reytinqi belə yüksəlməyib – siyasi nəzəriyyəyə görə reytinqinin ən pik nöqtəsində siyasətçilər seçkiyə gedərək “güvən təzələməsi” edirlər. Bu anlamda verilən qərar məntiqlidir.
- Daha bir səbəb odur ki, ölkənin iqtisadi mənzərəsi sürətlə pisləşir, Azərbaycanda bu il ÜDM artımı cəmi 0,5% olub ki, bu da faktiki ressesiya deməkdir. İndiki iqtisadi komanda və idarəetmə sistemi ilə iqtisadi mənzərə getdikcə daha da pisləşəcək və gələn ilin sonunda daha açıq hiss olunacaq. Ona görə də, Əliyev fevralda seçkiyə gedərək iqtisadi mənzərə daha çox pisləşmədən növbəti dəfə 7 illik öz hakimiyyətini uzatmaq istəyir.
- Gələn ilin martında Rusiyada, noyabrda ABŞ-da, il ərzində isə bəzi vacib AB ölkələrində seçkilərdir. Seçki müddəti istənilən halda qeyri-müəyyənlik amilidir, ona görə də Əliyev bu hadisələrdən öncə seçkiləri təyin edərək, digər ölkələrdə baş verəcək hadisələrdən özünü və ölkəni sığortalayır.
- 2025-ci il formal olaraq “rusməramlıların” ölkəmizdə qala biləcəyi son ildir. Onların məmləkətdə qalıb-qalmamaqları müzakirə olunacaq. Həmin il seçki keçirmək problemlər yarada bilərdi. Ona görə də, vaxtından əvvəl seçki keçirərək sonra onların ölkədən çıxarılması məsələsini rahat müzakirə etmək mümkün olacaq.
- Pozitiv gözlənti də odur ki, prezident seçkilərindən dərhal sonra referendum elanı edilə, illərdir danışdığımız sistemli, köklü problemlərin konstitutsional həlli üçün şərait yarana bilər. Yəni, referendumdan öncə 7 illik zəmanət qazanmaq lazım ola bilərdi, Əliyev də buna getdi.
İstənilən halda rəqiblərini, iştirak potensialı və həvəsi olan siyasi partiyaları, siyasətçiləri seçkiləri növbədənkənar elan etməklə fakt qarşısında qoymaq doğru deyil, çox pis bir “ənənədir”, ölkənin siyasi institutlaşmasına mane olan faktordur.
Bütün bunlara baxmayaraq, siyasi partiyalar müxtəlif formalarda seçki prosesində iştirak etməlidirlər, seçkilərdən kənar qalmaq, boykot etmək mənasız və yararsız addımdır – tarix bunu dəfələrlə sübut edib.
İştirakın da müxtəlif formaları var, təcrübəli və düşüncəli siyasi partiyalar və siyasətçilər ən optimal iştirak formullarını tapa bilər. Biz bu formullar üzərində çalışırıq. Əminəm ki, ən doğru olanı seçəcəyik. Siyasi partiyalar əvvəl doğru gedişləri seçməyi öyrənməlidirlər ki, sonda seçkiləri də uda bilsinlər, bu da bir təcrübədir, vacib şərtdir.