Azərbaycanda parlament seçkilərinin yekun nəticələri elan olunub
Azərbaycanda parlament seçkiləri
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini elan edib.
- Fransalı qraffiti rəssamı Azərbaycanda 3 il azadlıqdan məhrum edilib
- Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri
- Həbsdə olan iqtisadçı alim 90 gündür aclıq aksiyası keçirir
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 16-da keçirilən iclasda parlament seçkiləri ilə bağlı komissiyaya daxil olan müraciətlərə baxılıb.
35 məntəqə seçki komissiyasının buraxılması barədə qərar qəbul edilib. Bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov çıxış edib. Onun sözlərinə görə, bəzi məntəqələrdə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb:
“Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
R.Qasımovun təklifi MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
35 seçki məntəqəsinin nəticələrinin ləğv edilməsinə baxmayaraq, bu, parlament seçkilərinin ümumi nəticələrinə təsir etməyib.
Xatırladaq ki, “Yeni Azərbaycan” iqtidar partiyası 68 mandatla Milli Məclisdə yenidən mütləq çoxluğu əldə edib. Daha 44 mandat isə əksəriyyəti hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərə çatıb.
Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə üç, Ədalət, Hüquq və Demokratiya Partiyası iki, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Demokratik İslahatlar Partiyası, Vətən Partiyası, Böyük Quruluş Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Cəbhə Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasının hər biri bir deputatla təmsil olunacaq.
Daha sonra MSK üzvləri yeddinci çağırış Milli Məclisə seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilərək təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar. Komissiya üzvləri yekun seçki protokolunu təsdiq edərək imzalayıblar.
Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın yekun protokolu müvafiq sənədlərlə birlikdə əlavə təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim olunacaq.
Konstitusiya Məhkəməsi bütün sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin nəticələrini təsdiq etməlidir.