Yay və domofonlar: Azərbaycanda deputatlığa namizədlərin problemləri haqda
Azərbaycanda parlament seçkiləri
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərə ay yarım qalıb. Majoritar sistemlə seçiləcək deputatlığa namizədlərin seçki kampaniyasına start verilib. Bu günlərdə deputatlığa namizədliyə namizədlər və onların komandaları namizəd kimi təsdiq olunmaq üçün imza toplamaq və adlarını səsvermə bülleteninə salmaqla məşğuldur.
Amma potensial parlament üzvləri gözlənilməz problemlərlə üzləşiblər. Respublikaçı Alternativ (ReAl) Partiyasının liderlərinin sözlərinə görə, yay mövsümü və evlərin girişində quraşdırılan domofonlar seçicilərlə iş prosesində çətinliklər yaradır.
- CPJ Azərbaycanda jurnalistlərin həbs müddətinin uzadılmasını pisləyib
- Aİ Gürcüstana 30 milyon avroluq yardımı dayandırıb. Səfir başqa tədbirlərin olacağı haqda da xəbərdarlıq edib
- “Əhalinin gəliri xərclərini qarşılamır”. Azərbaycanda bahalaşma
AXCP yenidən boykot yolunu seçib
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərini boykot etməyə çağırıb.
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərini boykot etməyə çağırıb.
“Ölkədə 300 nəfərdən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan edildiyini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən minitorinqinə imkan verilmədiyini, azad rəqabət və seçki mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr 2024 -cü il tarixinə təyin olunmuş Milli Məclisə növbədənkənar seçki boykot edilsin”, – AXCP Ali Məclisinin qərarında deyilir.
Bəyanatda daha sonra qeyd edilir ki, AXCP “xalqın bu seçkilərlə bağlı laqeyd mövqeyini anlayır və dəstəkləyir, xalqı kütləvi şəkildə onun iradəsini əks etdirməyən seçki şousunda iştirakdan imtina etməyə çağırır”.
Yay və domofonlar
Respublikaçı Alternativ (ReAl) Partiyasının liderlərindən biri Natiq Cəfərlinin sözlərinə görə, o, növbədənkənar parlament seçkilərində 33 saylı Xətai birinci dairəsindən namizədliyini irəli sürüb və artıq tələb olunan 450 seçici imzasından 150 seçici imzasını toplaya bilib:
“Komandamızın üzvlərinin dairə ərazisində qarşılaşdığı ən böyük problemləri sıralamaq istərdim:
– Hər beş nəfərdən üçü seçkinin elan edildiyini bilmir;
– Yeni tikilən binalara daxil olmaq çətindir, qapılarda kodlar var, bəzən isə binanın mühafizəsi daxil olmağa, imza toplamağa imkan vermir;
– Yay fəslidir, insanların çoxu bağda, rayonlardadır, bəzi mənzillərdə yaşayan yoxdur;
– Çoxsaylı kirayədə yaşayanlar var, yəni, qeydiyyat ünvanları Xətai rayonunda deyil;
– Havalar isti olduğundan və səhər-günorta saatlarında evlərdə vətəndaşlar olmadığından, uşaqlar axşam saatlarında imza toplamağa çalışırlar, bu zaman isə vətəndaşların bəziləri narazılıq edir ki, axşam qapımızı döyməyin;
– Sırf 33 saylı Xətai birinci dairəsinə xas problem odur ki, bu insanların Konstitusiya hüququ 4 ildən çox pozulub. 2020-ci il seçkilərində dairənin nəticələri ləğv edilsə də, təkrar seçkilər keçirilməyib. Vətəndaşların bir qismi bundan narazıdır. Təmsilçilərinin olmadığının günahını imza toplayanlarda görürlər, halbuki, biz indi onları layiqincə təmsil etmək üçün çalışırıq”.
Seçkilərə maraq üç dəfə azalıb
Keçmiş siyasi məhbus, Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sosial şəbəkədəki səhifəsində Azərbaycanda insanların seçki prosesinə marağının azalması haqda yazıb:
“Bu seçkiyə maraq 2020 seçkisinə olan maraqdan 3 dəfə azdır. Gəlin müqayisə edək. O seçki elan olunandan sonrakı 19 gün ərzində 1320 namizəd irəli sürülmüşdüsə, indiki seçki elan olunandan 17 gün sonra cəmi 401 namizəd ortaya çıxıb.
Bundan başqa, həmin vaxt bütün dairələr əhatə olunmuşdu, indi isə təxminən 20 dairə boşdur, yəni hələ bir namizəd də irəli sürülməyib”.