Azərbaycan cəmiyyətində narkomaniya - mühakimə, yoxsa mərhəmət hədəfi?
B
akı Narkoloji Mərkəzində 25 nəfər diri-diri yandı. Yanmış meyitlərin fotoları internetdə yayıldı. Xəstələrin çoxunun çarpayıya bağlandığı və buna görə də qaçıb canlarını qurtara bilmədikləri haqda söz-söhbət dolaşdı. Sosial şəbəkələrdə kimin günahkar olduğu və xilasedicilərin hər şeyi doğru eləyib-etmədiyi ətrafında mübahisələr getdi. Amma başqa bir sual da vardı: narkomanlara mərhəmət duymaq lazımdırmı? Bəzi Facebook istifadəçilərinin yazdığı kimi, “axı onlar onsuz da şərəf və ləyaqət hissi olmayan bitmiş insanlardır”.
Psixoloqlar deyirlər ki, narkomanlar heç də “yaradılışdan qüsurlu deyil”, onlar adi problemləri olan, həyatda bəxtləri gətirməmiş adi insanlardır. Yaxınlarımızın narkotikə “otura” biləcəyini qəbul edə bilməməyimiz isə zamanında problemi görməyə və onlara yardım etməyə mane olur.
“Hər şey alkoqoldan başladı. Sonra mənim artıq 16 yaşım olanda düşündüm ki, otun da dadına baxmaq lazımdır. Dostumdan xahiş etdim, mənə nəşə gətirdi. Baxdım, xoşuma gəldi. Və başladı.
Nərgiz Əhmədovanın [ad etik səbəblərdən dəyişdirilib – müəllif qeydi] 27 yaşı var. Narkotikdən (əvvəl yüngül) 16 yaşında istifadə etməyə başlayıb. 20 yaşında artıq heroində oturub. Hazırda isə narkotik asılılığından müalicə olunur.
“Bu adamların arasına düşəndə, orada mütləq daha ağır narkotikdən istifadə edən adam olur. Və əgər əvvəl bütün bunları şənlənmək üçün edirdimsə, yavaş-yavaş narkotik bütün fikirlərimə hakim kəsildi.
Beləliklə “dostları Nərgizi əvvəlcə əzələyə, sonra da damara iynə vurması üçün dilə tutublar.
“Hər dəfə də etdiklərimə bəraət qazandırırdım. Toz getdikcə azalırdı, “lomka” başladı. Və elə bir məqam yarandı ki, gəlib dostlarımdan damarıma iynə vurmağı xahiş edirdim. İynə vurandan sonra da başa düşürdüm ki, mənə lazım olan elə bu imiş”, – Nərgiz danışır.
Azərbaycanda narkomanların sayı ildən-ilə stabil olaraq artır. 2010-cu ildə onların sayı 25 min nəfər idi. 2017-ci ildə isə artıq 30 minə yaxındı.
Hələ 2006-cı ildə bu rəqəm 6 mindən çox deyildi. Əlbəttə ki, statistika narkotik aludəçilərinin real sayını əks etdirmir. BMT-nin məlumatına görə, ölkədə narkomanların real sayını müəyyən etmək üçün qeydiyyatda olan narkomanların sayını dördə vurmaq lazımdır.
Azərbaycanda narkomanların sayı sürətlə artır. Həm də narkomaniya ildən ilə cavanlaşır. Azərbaycanın baş narkoloqu Lyudmila Cəfərovanın sözlərinə görə, bu gün narkotiklər məktəbə də girir. Və bu heç də tək-tək hallar deyil. Statistikaya görə, narkomanların 70%-i ilk dəfə narkotikdən 15 yaşında istifadə etməyə başlayıblar.
Hər il gənc narkoman qadınların da sayı artır. Təkcə son bir il ərzində onların sayı 5,4% artıb.
Nərgizin bəxti gətirib. Qohumları onu Moskvadakı narkoloji klinikaya göndəriblər, burada narkotik və alkoqoldan asılılıq problemlərinin kompleks həllinə yönələn “12 addım proqramı üzrə iş aparılır.
Nərgizin sözlərinə görə, onun əvvəlcə müalicə aldığı yerli Azərbaycan Respublika Narkoloji Mərkəzinin iş prinsipi dünyada mövcud olan reabilitasiya mərkəzlərinin işindən çox fərqlidir. Orada ehtiyac olduğu halda detoksikasiya aparılır. Bu, metadon terapiyası, absistent sindromun yüngülləşdirilməsidir.
“Mahiyyətcə bu, bir asılılığın başqası ilə əvəz olunmasıdır. Mənəvi dəyərlər, nizam-intizam, sosial həyatla bağlı heç bir iş aparılmır. Bu da narkotikdən imtina etmək istəyən adam üçün yəqin ki, ən vacib olanıdır.
Düşünürdüm ki, elə bu cür də olacam, bilirdim ki, keçmiş narkomanlar olmur, mən artıq bitmişəm, hamı məndən üz döndərib, həyatım alt-üst olub. Eşitmişdim ki, hardasa asılılıqdan azad edən narkoloji klinikalar var. Amma onu da bilirdim ki, məni heç kim bu kinikaya göndərməyəcək, çünki çox bahadır.
Nərgizin narkotik istifadə etdiyini ancaq nənəsi bilirmiş, o da nəvəsinin borclarını qaytarır, yazığı gəldiyi üçün ona pul verirmiş.
“Onunla açıq danışırdım, amma həmişə də əmin edirdim ki, özüm öhdəsindən gələcəm. Bu, asılı adamların əsas minusudur: onlar hər şeyə nəzarət etdiklərinə əmindirlər.
Son ana qədər özümü aldadırdım. Bu, olmasaydı, ola bilsin, kömək üçün daha tez müraciət edərdim. Həyatımda bu qədər səhvə də yol verməzdim, – Nərgiz deyir.
Ən dəhşətlisi
Narkotik istifadə etdiyi müddətdə o, çox peşman olduğu addımlar atıb.
“Reabilitasiya mərkəzinə düşəndən iki ay əvvəl anama əl qaldırdım. Səhər oyanıb gördüm ki, pasport, açar, pul və narkotik yoxdur. Şokdayam, “lomkam başlayıb və bunu anamın etdiyini anlayıram. Məni hər şeydən təcrid etmək istəyir. Çünki həmin vaxt çox pis vəziyyətdə idim.
Otağa girib, əşyalarını eşələməyə, “Ver mənə! deyə qışqırmağa başladım. Anam da əl ağacını götürüb, məni vurdu, mən də onun əlindən ağacı alıb, üzünə çırpdım. Ona dəhşətli şeylər dedim, sonra da dönüb getdim. İki ay danışmadıq. Onunla münasibətlərimi bərpa etməyə çalışdım, soruşdum ki, məni heç vaxt bağışlamayacaqsan? O, susdu. Anam sanki o vaxt mənim üstümdən xətt çəkdi.
Amma ən dəhşətli hərəkəti Nərgiz dostuna qarşı etdiyini düşünür.
“Yol verdiyim ən pis hərəkət dostumu polisə verməyim olub. İndi də bu haqda danışanda özümü çox pis hiss edirəm. Onda belə bir vəziyyət idi ki, ya mən həbs olunmalıydım, ya da o. 18 yaşım vardı, düşündüm ki, həbsxanaya düşsəm, ömrüm bitəcək. Onda da onu satdım.
O da həbsxanada narkotiki atdı, namaz qılmağa başladı, mənsə daha pis vəziyyətə düşdüm. Mənə həbsxanadan zəng edir, ad günümü təbrik edirdi. Deyirdi ki, məndən incimir, hər şeyi başa düşür. Hər cür dəstək olurdu mənə. Amma mən yenə də onunla görüşməkdən qorxurdum. Çıxandan sonra görüşdü mənimlə. Onunla ailə qurmağı təklif etdi. Ərə getmədim ona, amma ünsiyyətimizi davam etdiririk, mənə çox dəstək olur, – Nərgiz danışır.
Arxamca polisdən gəldilər
Seymur Rzayevin 27 yaşı var. Artıq 6 ildir ki, narkotik istifadə etmir.
“14 yaşım olanda şəhərin mərkəzindən qırağa, atamın yanına köçdüm. Həyətdə oğlanlarla tanış oldum, dostluq etməyə başladım. Bir yerdə siqaret çəkir, bəzən pivə içirdik. Demək olar ki, məktəbin başını buraxdım. Bir gün böyük uşaqlardan biri nəşə doldurulmuş “Kazbek çəkdi. Mən də dadına baxdım. Xoşuma gəldi.
Seymurun atası təzə ailəsi, balaca oğlu ilə məşğul idi, xanımı oğulluğuna diqqət yetirmirdi, oğlan da tamamilə “yeni həyatına qapılıb getdi.
“Evdən verilən bütün pulu siqaret, alkoqol və “plana” xərcləyirdim. 16 yaşımda artıq hər gün nəşələnirdik, amma özümü əlbəttə ki, narkoman hesab etmirdim. Mənə elə gəlirdi ki, bu zordu, özümü çox rahat və şən hiss edirdim. Bəzən bir neçə həb tsiklodol, fenazepam ata bilərdim, bundan da çox xoşum gəlirdi, – Seymur danışır.
Sonra da ilk heroin inyeksiyasının növbəsi çatdı:
“Elə bir yüngüllük, enerji, kayf hiss etdim ki, növbəti dəfə heç bir şübhəm qalmamışdı.
Evdə ilk qalmaqal atası Seymurun əllərində iynə izləri görəndə olub:
“Özümə bəraət qazandırmağa çalışırdım, deyirdim ki, narkoman deyiləm, hələ indi başlamışam. Atam qışqırdı, məni döyməyə başladı. Evdən buraxmırdılar məni. Bir-iki dəfə qaçdım. Həmin dəfələrdən birində atamın arvadının sırğalarını da özümlə götürdüm, onları da satıb, narkotik aldım.
Atam məni tapır, evə gətirib, bağlayırdı. Usta çağırıb, bütün pəncərələrə dəmir şəbəkə qoydurdu ki, qaça bilməyim. Dəhşətli “lomka vardı. Dalaşır, qışqırır, onları təhqir edir, hönkür-hönkür ağlayır, xahiş edir, yalvarırdım, – Seymur danışır.
Amma ev dustaqlığı xeyir eləmədi.
“Bir neçə ay keçdi, təmizləndim, atam az qala hər gün mənimlə tərbiyəedici söhbətlər aparır, narkotikin pisliyi, həyatımı uçuruma sürükləyəcəyi barədə danışırdı, mən də onunla razılaşırdım. Amma içimdə əminiydim ki, narkoman deyiləm, bütün bu söhbətlər boş şeydir. Yenidən iynə vurmağı arzulayırdım.
Məni evdən buraxmağa başladılar, amma bir şərtlə ki, hər ay sidik analizindən keçəcəm. Evdən çıxan kimi, dərhal köhnə dostlarımın yanına gedib, elə həmin gün iynə vurdum. Bu dəfə ayağıma vurdum ki, görən olmasın. Analizlərlə bağlı da problem olmurdu – kiçik qardaşımdan bankaya işəməyi xahiş edib, hər ay atama verirdim, – Seymur danışır.
Atası Seymura demək olar ki, pul vermirmiş, o da dostu ilə birlikdə qonşunun evini yarıb.
“Evin zəngi elə həmin günün səhərisi basıldı. Arxamca polis gəldi. Məni dindirir, döyür, işgəncə verirdilər. Bir saat sonra hər şeyi boynuma aldım.
Dostumu tutdular. Mənsə atamın sayəsində azad ola bildim. Pul verdi ki, məni buraxsınlar, – Seymur deyir.
Seymur Qazaxıstandakı narkoloji mərkəzdə 7 ay qalıb.
“Bu, məni, təfəkkürümü, həyata münasibətimi dəyişdi. 7 il narkotik istifadə etmişəm. Bu gün artıq 6 ildir ki, ayığam.
Hesab edirəm ki, həyatımda möcüzə baş verib. 4 il əvvəl evləndim, balaca qızım, sevdiyim xanımım, yaxşı işim var. Hər gün də Allaha yalvarıram ki, məni yenidən alkoqol və narkotikdən asılı vəziyyətə düşməkdən saxlasın.
Kim narkoman olmaq riski ilə üzləşir?
Psixoterapevt Ellada Qorina danışır ki, narkotikdən asılılıq təsadüfi olmur.
“Necə müəyyən etmək olar ki, siz və ya sizin övladınız narkotikdən asılı vəziyyətə düşə bilər?
Ondan başlayaq ki, risk qrupları mövcuddur.
İlk növbədə. Bioloji və fizioloji amillərə diqqət yetirmək lazımdır:
- valideynlərdə narkomaniya və ya alkoqolizm;
- ananın hamiləlik vaxtı alkoqol, narkotikdən istifadəsi və ya siqaret çəkməsi;
- orqanizmdə endorfin çatışmazlığı;
- kəskin və ya xroniki xəstəliklər, uzun müddət ağrıkəsicilərin qəbulu;
- baş beyin travması;
- hamiləlik vaxtı ananın toksikozu;
- hamiləlik vaxtı dərman preparatlarının qəbulu, doğuş vaxtı dərman və ya anesteziyanın istifadəsi.
Psixoloji amillərə də diqqət yetirək:
- uşaqdayeniyetmədə qıcıqlanma, əhvalının tez-tez dəyişməsi;
- nümayişkəranəlik, yəni teatr effektlərinə meyllik və “özünü göstərmək istəyi;
- valideyn tərəfindən diqqət çatışmazlığı;
- əksinə diqqət çoxluğu və hiper qayğı;
- ailədə pis ab-hava;
- bəzi hallarda hətta tam olmayan ailə və ya valideynlərdən birinin uşaqla məşğul olmaq istəməməsi amili də rol oynayır.
Əksər hallarda məhz uşağın təmin olunmamış mənəvi tələbatları onu narkomana çevirə bilər, xüsusən də bu, bioloji və fizioloji amillərin üstünə gəlirsə. Amma çox az valideyn bu haqda ciddi şəkildə düşünür.
Mühit də çox mühüm rol oynayır: insanın ailəsi və dostları, cəmiyyətin mədəniyyət səviyyəsi. Hətta yaşayış yerinin də təsiri var. Misal üçün, iri şəhərlərdə böyük narkotik alveri şəbəkələri var, kənd yerlərində isə alkoqolizm lider mövqeni tutur.
Uşaqlarımızı necə qoruyaq?
“Ən düzgün yol bütün mənalarda sağlam həyat tərzidir. Özü də sözdə yox, işdə: düzgün həyat barədə danışmaq əvəzinə, özünüz həmin o həyat rejiminə keçməlisiz.
Evinizdə baş verənlərə bir nəzər yetirin və hamiləlik, övladınızın dünyaya gəldiyi və həyatının ilk illərinin ab-havasını xatırlayın. Bu ab-hava nə dərəcədə sağlam idi? Ən əsas vəzifə uşağı izləmək və cəzalandırmaq deyil, bu ab-havanı sağlamlaşdırmaqdır.
Unutmayın ki, adi məktəbdə də, ən elitar gimnaziyada da çox pis mühit ola bilər. Paralel sinifdə bir narkomanın olması kifayət edir. Unutmaq olmaz ki, əksər yeniyetmələr üçün həmyaşıdının və istənilən gənc adamın nüfuzu valideynlərinin nüfuzundan xeyli artıqdır.
Ailə daxili tədbirlər – birgə iş, səfərlər, macəralar, psixoloqun qəbuluna getmək çox faydalıdır. Narkotik istifadəsi ilə bağlı ilk şübhələr yaranan kimi mütləq mütəxəssisə müraciət edin!