Azərbaycanda iki müxalif partiya dövlət qeydiyyatından keçib
Azərbaycanın Ədliyyə Nazirliyi iki müxalif partiyanı – Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (ReAl) Partiyasını rəsmi qeydiyyatdan keçirib. Parlamentdə bu partiyaların hərəsinin bir deputatı var.
• Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək
Milli Cəbhə Partiyasının rəhbəri, Milli Məclisin deputatı Razi Nurullayev rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı haqda şəhadətnamə aldığını bildirib.
“Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”, – Razi Nurullayev partiyasının qeydiyyat şəhadətnaməsinin fotosunu Facebook-da paylaşaraq bu sözləri yazıb.
Razi Nurullayev 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilib.
Dövlət qeydiyyatından keçən növbəti partiya keçmiş siyasi məhbus İlqar Məmmədovun rəhbərlik etdiyi Respublikaçı Alternativ (ReAl) Partiyası olub. Bu partiyanın idarə heyətinin üzvü Erkin Qədirli də 2020-ci ilin fevralında parlament deputatı seçilib.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda “kütləvi iğtişaşların təşkili” ittihamı ilə həbs olunmuş və 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə müxalifətçi şərti azadlığa buraxılıb. Cəza müddəti şərti davam etdiyi üçün İlqar Məmmədov 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində öz namizədliyini irəli sürə bilməyib.
Avropa İnsan Haqları Məhkəməsi konstitusion hüquqlarının pozulmasına və dəyən mənəvi ziyana görə Azərbaycan hökumətinin Məmmədova 20 min avro ödəməsi haqda qərar çıxarıb.