Azərbaycanda mitinq iştirakçılarına polisdən zəng vurub “nömrə və ünvan dəqiqləşdirirlər”
Müxalifətin siyasi məhbuslara dəstək məqsədilə yanvarın 19-da Bakıda keçirdiyi mitinqin iştirakçıları polisin onlarla maraqlanmasından şikayətlənirlər. Onları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət ediblər. Bəzilərinə isə telefonda bir neçə sual veriblər. Suallar əsasən pasport məlumatları ilə bağlı olub – ad, soyad, ünvan və telefonlar dəqiqləşdirilib. Bəzilərindən məşğuliyyəti və siyasi mənsubiyyəti haqda soruşublar. Hansısa xüsusi şöbədən yox, yaşayış yeri üzrə yerli şöbələrdən zəng vurublar.
Bu durumda qeyri-adi nə var?
Azərbaycan polisinin etiraz hərəkatının iştirakçıları ilə maraqlanmasında qeyri-adi heç nə yoxdur. Amma indi bu maraq qeyri-adi miqyas və qeyri-adi dəqiqlikdə ifadə olunur – yalnız tanınmış fəallara yox, həm də jurnalistlərə, fotoqraflara və mitinqə ömründə ilk dəfə qatılan, hətta oraya təsadüfən gəlib çıxanlara da zəng vurublar. Mitinqdə azı 7 min nəfər iştirak edib.
• Müxalifətin 19 yanvar mitinqi haqda hər şey
Polis əməkdaşları çox vaxt mitinqlə əlaqədar zəng vurduqlarını inkar edib, maraqlarını “telefon nömrəsi ilə bağlı problemlə” və ya başqa “yoxlama” ilə izah ediblər.
Polislə bu cür ünsiyyəti haqda jurnalist Ramin Deko yazıb. Ona birbaşa mitinqlə bağlı suallar verilib:
“Qeydiyyatda olduğum ünvanın polis rəisi çox adamın bilmədiyi nömrəmə zəng etmişdi. 19 yanvar mitinqində iştirak edib-etmədiyini soruşdu. Təsdiqlədim, səbəbin soruşmamış dedim ki, mitinq icazəliydi və mən jurnalist kimi iştirak edib işimi görmüşəm. Mitinqlə bağlı sualları dayandırdı və harada yaşadığımı soruşub sağollaşdı. İlk dəfədi bu baş verir…”
Facebook-dan şərhlər:
“Yalnız jurnalistlərə zəng vurmurlar. Yaxınlıqda olan və ya oradan keçən hər kəsə zəng vurublar”;
“Hətta nənəmə də zəng vurublar”.
Sosial şəbəkələrdə polisin mitinqdə iştirak edənləri necə müəyyən etdiyi ilə bağlı fərziyyələr müzakirə olunur.
Rəsmi şəxslər bu durumu heç cür şərh etməyiblər.