Yeni ildən Azərbaycanda minimum əməkhaqqı 16 faiz qaldırılır
Azərbaycanda minimum əməkhaqqı artımı
Yeni ildən etibarən Azərbaycanda minimum əməkhaqqı 65 manat artaraq 400 manat təşkil edəcək. Bu artım bir yandan sevindirsə də, bəzi iqtisadçılar yeni məbləği ölkədəki mövcud qiymətlərə görə yetərsiz sayır.
- Tramp dövründə ABŞ və Cənubi Qafqaz. Bakıdan şərh
- Gürcüstan prezidenti: “İvanişvili yeni seçkilərlə bağlı danışıqlara gəlsin, axı hər şeyə nəzarət edən odur”
- “Card-to-card” edən ticarət və iaşə obyektlərinə böyük cərimələr Azərbaycan iqtisadiyyatını kölgədən çıxaracaqmı?
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 23-də “sosial rifahın yaxşılaşdırılmasına” dair sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının yeni minimum əməkhaqqına uyğunlaşdırılması da Nazirlər Kabinetinə tapşırılıb. Bu proses bir ay ərzində tamamlanmalı və sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı təkliflər üç ay ərzində prezidentə təqdim edilməlidir.
Sərəncamda həmçinin Nazirlər Kabinetinə islahatlardan irəli gələn digər məsələlərin həlli ilə bağlı tədbirlər görmək tapşırılıb.
“Dövlət sektorunda çalışan 300-400 min insanın maaşı artacaq”
İqtisadi məslələr üzrə təhlilçi Rəşad Həsənov “Amerikanın Səsi”nə bildirib ki, yeni büdcə ilində minimum əmək haqqının 400 manata çatdırılması 16 faiz artım deməkdir.
“Bu, dövlət sektorunda çalışan təxminən 300-400 min insanın əmək haqqının artmasına səbəb olacaq. Çünki dövlət sektorunda əmək haqqının hesablanması metodologiyası fərqlidir. Burada bir sıra qeyri-ixtisaslı ştatlar üzrə hesablamalar minimum əməkhaqqı əsas götürülməsi nisbətində müəyyən edilir. Bu göstərici dəyişəndə digər göstəricilər də dəyişir”, – deyə o bildirib.
Həsənovun dediyinə görə, 2025-ci il üçün təsdiq edilən ehtiyac meyarında 285 manat nəzərdə tutulub.
“Minumum pensiya indiyədək 280 manat idi. Bu minimum ehtiyac meyarından azdır və minimum penisyanın 320 manata qaldırılması zəruri addımdır”.
2024-cü il noyabrın 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773.3 min nəfərdir. Onlardan 881.7 min nəfəri iqtisadiyyatın dövlət, 891.6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Ölkədə əməkqabiliyyətli insanların isə bundan təqribən üç dəfə çox olduğu bildirilir.
Minimum əmək haqqındakı artım kimlərin maaşlarını artıracaq?
İqtisadçı deputat Vüqar Bayramovun Facebook səhifəsində yazdığına görə, minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artıralacaq:
Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq”, – deyə deputat yazıb.
“Əməkhaqqı artımları vahid tarif cədvəlinin bütün dərəcələri üzrə baş verəcək”
Vüqar Bayramov qeyd edir ki, əməkhaqqı artımları vahid tarif cədvəlinin bütün dərəcələri üzrə baş verəcək:
“Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid tarif cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqları 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması paraktiki olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Müəllim və həkimlərin maaşları artacaqmı?
“Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr vahid tarif cədvəli ilə tənzimləndiyi üçün onların əmək haqqılarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. Vahid tarif cədvəli üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”, – deyə iqtisadçı deputat qeyd edib.
“Artım yetərli deyil”
Azərbaycanda hələ bu ilin ortalarından minimum əməkhaqqının artırılacağı gözlənilirdi. Müzakirələr zamanı bir çox müstəqil iqtisadçılar deyirdilər ki, Azərbaycanda minimum əməkhaqqı azı 500 manata çatdırılmalıdır. Onlar bu fikirlərini inflyasiya və mövcud qiymətlərlə izah edirdilər.
İqtisadçı Zöhrab İsmayıl da “Azadlıq Radiosu”na deyib ki, hazırkı artım yetərli deyil:
“Azərbaycanın indiki durumu üçün bu, pozitiv görünə bilər. Ancaq, ümumiyyətlə, biz ölkədəki pensiya və əmək haqlarını Baltikyanı ölkələrlə, Türkiyə kimi başqa ölkələrdəki maaşlarla, pensiyalarla müqayisə etsək, bu, çox azdır. Belə templərlə bizim onların maaşlarının indiki səviyyəsinə çatmağımız üçün on illər lazımdır”.
İqtisadçı vurğulayıb ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri Avropadakına yaxındır, əməkhaqqı isə dəfələrlə azdır.