Azərbaycanda milli valyutanın devalvasiyası haqda danışmağa başlayıblar
Azərbaycanın milli valyutası manat üçün ucuzlaşma ili olan 2015-ci ildən beş il sonra yenidən devalvasiya haqda danışmağa başlayıblar. Mərkəzi Bank rəhbərinin bu deyimləri yalanlayan bəyanatı isə daha da alovu körükləyib.
Azərbaycanın Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov “Report” agentliyinə müsahibəsində ölkədə qaçılmaz devalvasiya haqda deyilənləri “boş söhbət” adlandırıb.
Respublika bankirinin ilk baxışdan sakitləşdirici bu bəyanatı manat üçün “qara günlərin” yaxınlaşması ilə bağlı ekspertlərin ehtimalını daha da gücləndirib.
“Elman müəllim dəqiq bilir ki, onun devalvasiya ilə bağlı dedikləri 180 dərəcə əksinə başa düşülür. Ona görə də məsələyə bu yöndən baxıb sözləri ilə açıq, gülüşü ilə isə sublimativ mesaj verir”, — müxalif “Respublikaçı Alternativ” partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində yazıb.
Cəfərli onu da xatırladıb ki, 2015-ci ildə devalvasiya elan ediləndən cəmi dörd gün əvvəl Elman Rüstəmov yenə də bu, naxoş prosesin mümkünsüzlüyünü bildirmişdi.
2015-ci ilə qədər Azərbaycan manatı uzun müddət postsovet məkanında ən stabil valyutalardan biri hesab olunurdu və 1 ABŞ dolları cəmi 0,78 manat təşkil edirdi. Amma 2015-ci ildə ölkə hökuməti iki dəfə devalvasiyaya gedib, nəticədə 1 Amerika dollarının dəyəri 1,70 manata qədər yüksəlib. Bu məzənnə hələ də qalır.
Manatın devalvasiyasının iqtisadi cəhətdən qaçılmaz olduğunu “Respublikaçı Alternativ” partiyasının lideri, keçmiş siyasi məhbus İlqar Məmmədov Facebook səhifəsində belə əsaslandırıb.
“Devalvasiyanın mümkünlüyünə dair artıq daha konkret ehtimal qurmaq mümkündür. Bugün dərc olunan büdcə layihəsi buna imkan verir.
2018-ci il avqustun 24-də Prezidentin təsdiq etdiyi “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya əsasən, həm 2020, həm də 2021-ci ildə xarici borcun ödənilməsinə dövlət ildə 1.2 milyard dollar xərcləməlidir.
2020 və 2021-ci ilin büdcələrində bu məqsəd üçün müvafiq olaraq 1.6 milyard və 2.2 milyard manat nəzərdə tutulur.
Aydındır ki, 2020-ci ildə 1.2 miyard dolları ödəmək üçün hökumətə 1.6 milyard manat lazım idisə, amma 2021-ci ildə buna 2.2 milyard manat lazım olacaqsa, deməli, manatın məzənnəsinin ucuzlaşdırılacağı haqda çox ciddi və rəqəmlərə əsaslanan ehtimal qurmaq olar.
İndi hökumətin izahatına ehtiyac var. Ya 2018`ci ildə təsdiq olunmuş borc strategiyası icra olunmur, ya başqa cür icra olunur (məsələn, cari ilin xarici borc ödənişləri ertələnib), ya da devalvasiya nəzərdə tutulur. “Eyni miqdarda dolları geri ödəmək üçün büdcədə daha çox manat nədən tələb olunsun?” sualına hökumət aydın cavab verməlidir”, – o qeyd edib.