Azərbaycanda metro və avtobuslarda gediş haqqı 50 faiz bahalaşır
Avqustun 1-dən Azərbaycanda avtobus və metroda gedişhaqqı əlli faiz bahalaşacaq – əgər əvvəl sərnişinlər şəhər daxilində bir gediş üçün 20 qəpik (11 sent) ödəyirdilərsə, indi 30 qəpik (17 sent) ödəyəcəklər. Şəhər kənarına və ya qəsəbələrarası getmək üçün isə 30-90 qəpik (17-50 sent) ödəmək lazım olacaq, şəhərlərarası gedişhaqqı isə bir kilometr üçün 2,4 qəpik (1,4 sent) təşkil edəcək.
APA agentliyinin yazdığı kimi, bu, son illərdə sərnişindaşıma ilə bağlı xərclərin artması ilə əlaqədardır – xarici avtobusların alınmasından tutmuş, “stabil olaraq xidmət səviyyəsinin yüksəldilməsinə” qədər. Bütün bunların nə qədər baha başa gəldiyini hesablayandan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, “BakuBus” ASC Tarif Şurasına müraciət edərək, tariflərə yenidən baxılmasını xahiş ediblər. Müraciət qəbul olunub.
Avtobus tarifləri 2007-ci ildən dəyişməyib, metro tarifləri isə 2011-ci ildən.
Sosial şəbəkələr bu xəbərə narazılıq və sarkazm dalğası ilə cavab verib:
“Bizim metroya minmək mümkün deyil. Havasızlıq, köhnə vaqonlar… Avtobusların əksəriyyəti də heç yaxşı deyil. Nəyə görə qiymətləri qaldırırlar görən? Üstəlik də ictimai müzakirəsiz”.
“Bizə bu da azdır. Belə getsə, gedişhaqqı bir manat olacaq”.
“Əgər qiymətlər iki dəfə də bahalaşsa, bu xalq susacaq…”
Bəzi şərhlərdə isə müəllifin ironiya etdiyini, yoxsa ciddi olduğunu belə anlamaq çətindir.
“Qiymət artımını tam dəstəkləyirəm! Qoy ümumiyyətlə 50 qəpik eləsinlər. Əvəzində indi nəqliyyatda basabas olmayacaq, insanlar da asanlıqla 10 dəqiqəyə piyada gedə biləcəkləri məsafədən ötrü avtobus və ya metroya minməyəcəklər. Kənar kafelər üçün də bu sərfəlidir – yerli avaralar şəhərə getməyəcəklər, vaxtlarını orada keçirəcəklər”.
Bir çox Facebook istifadəçiləri bir-biri ilə razılaşdırmadan eyni zamanda dinc etiraz aksiyası keçirməyi – mümkün olduğu qədər metro və avtobuslara minməməyi təklif ediblər.
Tarif Şurası həmçinin diqqəti ona cəlb edir ki, hətta bahalaşmadan sonra da Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı region ölkələri arasında yenə də ən ucuz olaraq qalır.
Sərnişinlər isə bunun cavabında bildirirlər ki, Bakıdaki nəqliyyat xərcini məsələn, Rusiya və Türkiyə ilə müqayisə etmək doğru deyil, çünki bu ölkələrdə orta aylıq əmək haqqı da, göstərilən xidmətin səviyyəsi də daha yüksəkdir – avtoparklar yenidir, bəzi avtobuslarda yox, bütün nəqliyyat vasitələrində kondisioner işləyir.