Azərbaycanda maaşlar 15 faiz, qiymətlər isə 30 faiz artıb. Ekspert şərhi
Natiq Cəfərli nəqliyyat problemləri haqda
Azərbaycanda minimum əməkhaqqı və pensiyaların artırılmasından bir ay keçməmiş şəhərdaxili və şəhərlərarası nəqliyyatın demək olar ki, bütün növləri üzrə gedişhaqqı bahalaşıb. Üstəlik, maaş artımı 15 faiz səviyyəsində olduğu halda, gedişhaqqı 30 faiz artıb. Gedişhaqlarının əsassız artımının səbəbi dövlətə məxsus nəqliyyat şirkətlərinin idarə olunmasındakı pərakəndəlik, həmçinin ictimai nəqliyyatda gedişin maya dəyərinin hesablanması anlayışının olmamasıdır – müxalif siyasətçi və iqtisadçı Natiq Cəfərli belə hesab edir.
- Azərbaycan və İran: müharibə astanasında?
- Ceyranova işi: Gürcüstanda gənc qadını linç edənlərdən biri də günahkar bilindi
- Azərbaycanlı jurnalistlər “Media haqqında” Qanuna və Media Reyestrinə etiraz edir
2023-cü il fevralın 3-dən Bakı metrosunda və şəhərdaxili avtobuslarda bir gedişin qiyməti 0,4 manat olacaq. Əvvəllər gediş haqqı 30 qəpik idi. Yəni qiymət artımı 30 faiz təşkil edib. Bu qərarı Tarif Şurası yanvarın 31-də qəbul edib.
Yanvarın 1-dən isə ölkədə minimum əməkhaqqının və pensiyaların səviyyəsi artırıb. Ötən ilin göstəriciləri ilə müqayisədə artım 15 faiz təşkil edib ki, bu da rəsmilərin fikrincə, Azərbaycanda illik inflyasiyaya uyğundur.
Real inflyasiya 40 faizdən yuxarıdır
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ictimai nəqliyyatda gedişhaqqının qalxması heç də təəccüblü deyil:
“Ötən il nəqliyyat şirkətlərinin, Bakı metrosunun rəhbərliyi dəfələrlə açıqlama vermişdilər ki, sərnişin daşınmasında maya dəyəri yüksəkdir və qazancları xərcləri kompensasiya etmir. Buna görə də, bu il nəqliyyatda gedişhaqqının artırılması gözlənilən idi.
Minimum əməkhaqqının və pensiyaların artırılması isə birbaşa Azərbaycanda inflyasiya ilə əlaqədar idi. Ötən il ölkədə 2016-cı ildən bəri ən yüksək inflyasiya göstəriciləri qeydə alındı. Rəsmi rəqəmlərə görə, ümumi inflyasiya 14, ərzaq məhsullarında isə 20 faiz təşkil etdi. Lakin bu rəsmi rəqəmlər idi.
Əgər beynəlxalq metodologiya üzrə, 30 ən çox istifadə olunan ərzaq qiymətlərinin dəyişməsinə görə inflyasiya hesablansaydı, məlum olacaqdı ki, Azərbaycanda qiymət artımı 40%-dən də yüksəkdir.
Azərbaycanda inflyasiya, səbəbləri və nəticələri
Buna görə də, məcbur idilər, qanunvericilik də bunu tələb edirdi ki, müəyyən indeksləşdirmə aparılsın. Ortalama maaşlar və pensiyalar, müavinətlər 15 faiz artırıldı.
Minimum əməkhaqqının artırılması əsasən özəl şirkətlərdə çalışan vətəndaşlara təsir etdi. Çünki bu cür müəssisələrin rəhbərləri az vergi ödəmək və sosial ödənişlər etmək məqsədilə işçilərin əməkhaqqını minimum rəsmi sənədlərdə əməkhaqqına yaxın göstərirlər. Bu da, şübhəsiz, işçilərin pensiya yığımlarının həcminə təsir edir. Ötən il minimum əməkhaqqı 300 manat idisə, bu il artıq 345 manatdır və rəsmi əməkhaqları da 350-360 manat kimi göstərilir.
Bu artımdan ən çox uduzanlar isə fərdi sahibkarlar oldu. Onların vergi yükü artdı. Ölkədə 800 min nəfərə yaxın VÖİN-lə çalışan var. Bakı şəhərində işləyənlər əvvəllər hər ay sosial müdafiə fonduna azı 75 manat ödəyirdilərsə, indi bu rəqəm 86,2 manata yüksəlib. Burada fərdi sahibkarın qazancı heç bir rol oynamır”.
Maya dəyərini necə hesabladıqları aydın deyil
“Nəqliyyata gəlincə, burada incə bir məsələ var”, – Natiq Cəfərli qeyd edir. O vurğulayır ki, nə Bakı metropoliteni, nə də dövlətin balansında olan digər nəqliyyat şirkətləri sərnişindaşımanın maya dəyərinin hansı yolla hesablanması haqqında indiyə qədər heç bir açıqlama verməyiblər:
“Klassik biznes nəzəriyyələrinə görə, məntiqə görə, tutaq ki, belədir, onlar düz deyirlər. Bu cür hallarda ilk addım kimi həmişə xərclər azaldılır. İqtisadi nəzəriyyəyə görə, gəlirlər xərclərdən azdırsa, xərclər optimallaşdırılır. Bizdə bununla bağlı heç vaxt heç bir addım atılmayıb. Maya dəyirinin bahalığı bizdə bir yük olaraq həmişə vətəndaşın çiyninin üstünə qoyulur.
Sosial şəbəkələrdə insanlar 10 qəpik artım barədə daha çox yumoristik, satirik tonda fikir bildirsələr də, əslində, il ərzində vətəndaşın cibindən 200 milyon manata yaxın pul çıxacaq. Yalnız bu artıma görə.
Bir də təkrar edirəm ki, sərnişindaşımada maya dəyərinin hesablanma qaydası elan edilmədiyinə görə, dövlətə məxsus bu şirkətlərin gətirdikləri bəhanələr doğru deyil.
Mən konsaltinq şirkətlərinin Bakı metropoliteni haqda qeydləri ilə tanış olmuşam və görmüşəm ki, xaricdən alınan vaqonların qiymətləri də maya dəyərinə daxil edilir. Lakin bu cür alışlar üçün metropolitenə dövlət büdcəsindən vəsait ayrılır. Dövlət büdcəsi vergilərdən formalaşdırıldığı üçün vətəndaş olaraq biz bu pulu onsuz da ödəmişik. Həmin xərclərin maya dəyərinə daxil edilməsi düzgün deyil”.
Səbəblər və dalandan çıxmaq yolları
Natiq Cəfərli hesab edir ki, bütün bunların səbəbi bakıda və digər şəhərlərdə nəqliyyat sisteminin pərakəndə şəkildə idarə edilməsidir:
“Əgər böyük şəhərlərdə bələdiyyələr, seçkili orqanlar formalaşdırılarsa və bu səlahiytətlər onlara verilərsə, təbii ki, hesabatlar da olacaq. Ankarada, istanbulda, Tbilisidə necədirsə, Bakıda və Azərbaycanın digər şəhərlərində də elə olmalıdır”.
Ekspert həmçinin ictimai nəqliyyatda ödənişlər məsələsinə də toxunub:
“Digər bir problem Azərbaycanda nəqliyyat ödənişlərinin birdəfəlik olmasıdır. Bu sistem artıq dünyanın inkişaf etmiş ölkələrinin, hətta qonşu ölkələrin heç birində işləmir. Bəli, hansısa turist İstanbula gəlirsə, o, birdəfəlik ödəniş edir, çünki iki gündən sonra şəhəri tərk edəcəyini düşünür. Yerli sakinlər isə həftəlik, aylıq biletlər alır və nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır.
Azərbaycanda belə deyil. Tələbələr də, pensiyaçılar da adi vətəndaşlar kimi hər dəfə nəqliyyatdan istifadə etdikdə birdəfəlik gediş üçün ödəniş edirlər. Heç bir kateqoriya üçün heç bir güzəşt nəzərdə tutulmayıb”.