Azərbaycanda vəzifəlilərin maaşı 4 dəfə artdı: gəlir bərabərsizliyi göstəriciləri nə deyir?
Azərbaycanda məmur maaşları
19 martda imzalanan və bu ilin 1 yanvarından tətbiq edilən Prezident fərmanı Azərbaycanda yüksək vəzifəli məmurların əməkhaqqı sistemində kəskin sıçrayış yaradıb.
Rəsmi sənədlərə görə, Baş nazir, nazirlər və bir sıra icra hakimiyyəti rəhbərləri üzrə yeni aylıq vəzifə maaşları müəyyənləşdirilib. Eyni paketdə prokurorluq və seçki administrasiyası kimi qurumların rəhbər postları üzrə də maaşlar yüksəldilib.
Ən çox müzakirə doğuran məqam isə Milli Məclis sədrinin və bəzi yüksək postların artım dinamikası olub.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişikliklə Milli Məclis sədrinin aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata qaldırılıb. Həmin dəyişiklik sıravi deputatların aylıq vəzifə maaşı ilə bağlı yeni məbləği də təxminən 9 000 manat səviyyəsində göstərir.
Bu kontekstdə rəsmi şəkildə açıqlanan əsas rəqəmlər belədir:
- Milli Məclis sədri – 17 000 manat,
- Baş nazir – 17 160 manat,
- Nazirlər – 13 750 manat,
- Sıravi deputatlar – təxminən 9 000 manat;
- Minimum əməkhaqqı – 400 manat (2025-ci il yanvarın 1-dən qüvvədədir və 2026-cı ilin əvvəlində də əsas baza kimi qalır);
- Ölkə üzrə orta aylıq nominal əməkhaqqı – 1 102,9 manat (2025-ci il üzrə rəsmi məlumat)
Bu rəqəmlər arasındakı nisbət müzakirələrin əsasını təşkil edir. Spikerin maaşı orta aylıq əməkhaqqından təxminən 15,4 dəfə, minimum əməkhaqqından isə 42,5 dəfə çoxdur.
Bərabərsizlik konteksti də tez-tez xatırladılır. Dünya Bərabərsizliyi Hesabatında (World Inequality Report) Azərbaycanda əhalinin 10%-nin ümumi sərvətin təxminən 56%-nə sahib olduğu qeyd olunur.
Qərar və onunla paralel gedən müzakirələr bir tərəfdən “daha vahid və sabit əməkhaqqı modelinə keçid” arqumenti, digər tərəfdən “gəlir fərqinin kəskin böyüməsi” narahatlığı gündəmə gətirib.
Artımdan əvvəl və sonra maaşlar
| Vəzifə | Əvvəl (manat/ay) | Sonra (manat/ay) | Artımın xarakteri | Sonra / orta maaş | Sonra / minimum əmək haqqı |
|---|---|---|---|---|---|
| Milli Məclis sədri | 3 550 | 17 000 | ~4,8 dəfə | ~15,4 dəfə | 42,5 dəfə |
| Baş nazir | 11 070 | 17 160 | ~1,6 dəfə | ~15,6 dəfə | 42,9 dəfə |
| Nazir | 7 650 | 13 750 | ~1,8 dəfə | ~12,5 dəfə | 34,4 dəfə |
| Sıravi deputat | 2 485 | ~9 000 | ~3,62 dəfə | ~8,2 dəfə | 22,5 dəfə |
| Yerli icra hakimiyyəti başçısı | 3 387,5 – 7 650 | 8 800 – 13 500 | ~2,6 – ~1,76 | ~8 – ~12,3 | 7,3 – 12,3 dəfə |
| Baş prokuror | 3 260 | 13 750 | ~4,2 dəfə | ~12,5 dəfə | 34,4 dəfə |
“Sistem vahidləşir” arqumenti
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov dövlət qulluğunda maaşların əvvəl “əməkhaqqı + əlavələr + mükafatlar” kimi formalaşdığını, yeni yanaşmanın isə bu mexanizmləri dəyişdirdiyini bildirir. O, bunu daha “şəffaf və stimullaşdırıcı” yanaşma kimi təqdim edir.
“Əlavələr də əsasən staja və səlahiyyətlərə görə idi ki, o da bütün dövlət qulluqçularına deyil, yalnız dövlət səlahiyyətlilərinə aid edilirdi. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə bəzi boşluqlar aradan qaldırılır, əməkhaqları daha da optimallaşdırılır, sabit əməkhaqqı sisteminə keçilir.
Düzəlişə əsasən dövlət qulluqçularına mükafatlar və əlavələr əvəzinə əməkhaqqına artımlar əlavə olunur. Bundan sonra bütün dövlət qulluqçuları sabit əməkhaqqı alacaq. Maaşların optimallaşdırılmasında əsas məqsəd odur ki, gələcəkdə baş verəcək maaş artımı bütün dövlət qulluqçularına şamil edilsin. Bu da ədalətli yanaşmadır. Çünki yeni işə qəbul olunanlarda staj az olurdu.
Artıq bundan sonra bu ziddiyyət aradan qalxacaq. Bu da gənc nəslin dövlət qulluğuna həvəsini stimullaşdıracaq. Çünki elə sahələr var ki, orada əməkhaqqı azdır. Məsələn, məhkəmə katiblərinin, hakim köməkçiləri digər dövlət qulluqçularından daha az əmək haqqı alırdı. Artıq bu fərq aradan qalxacaq”.
Bu mövqe adətən belə çərçivələnir: yüksək vəzifədə çalışanların maaşları rəqabətədavamlı olmalıdır ki, dövlət idarəçiliyinə peşəkarlar cəlb edilsin və “gizli motivasiyalar” (qeyri-rəsmi gəlir kanalları) zəifləsin.
“Talant cəlb etmək üçün yüksək maaş” – Sinqapur analogiyası
Hüquqşünas Əkrəm Həsənovun hələ 2022-ci ildəki artımlar zamanı bildirdiyi mövqeyində “Sinqapur modeli”nə istinad edir. Yəni, rüşvət və qeyri-şəffaflığın yüksək olduğu dövrdən çıxış üçün məmurlara yüksək maaş verilməsi və paralel olaraq sərt nəzarət mexanizmlərinin qurulması ideyası. Onun məntiqinə görə, yüksək maaş “dövlət işinə ən savadlıların gəlməsini” təşviq edə bilər.
“Azərbayacanda məmurların, deputatların, hakimlərin, ümumiyyətlə, dövlət orqanlarında çalışan insanların maaşları yüksək olmalıdır. Belə olan halda, ölkədə korrupsiya olmaz.
Ancaq təbii ki, maaş artımı ilə paralel olaraq başqa addımlar da atılmalıdır. Bütün dövlət qulluqçuları, yəni məmurlar, deputatlar və digərlərinin gəlir və xərc bəyannamələri olmaldır. Onlar ailə üzvləri daxil il ərzində nə qazandıqlarını və nə xərclədiklərini bəyan etməlidirlər. Hər hansı bir dövlət orqanının saytında bütün məmurlarımızın maliyyə göstəriciləri, nə qədər xərclədikləri, nə aldıqları, göstərilməlidir.
Qoy deputatların maaşı 15 min, lap 20 min olsun, amma biz də görək ki, bu adam nə xərcləyir… Yoxsa sabah görəcəyik ki, onların əmlakları var və xərcləri heç o gəlirlərə uyğun deyil. Deməli, ya korrupsiya, ya da qanunsuz sahibkarlıqla məşğuldurlar və bu yollarla da gəlir əldə edirlər. Bu yalnız deputatlara deyil, digər dövlət məmurlarına da aiddir.
Hamı bilir ki, məmurların, dövlət işçilərinin 99 faizi maaşla dolanmır. Onların elə əynindəki kostyumlarının qiyməti bəzən illik rəsmi gəlirdən daha çoxdur. Hələ onların avtomobillərindən, evlərindən, bağlarından, ailələrinin əmlakından, xaricə səfər etmələrindən danışmıram. Haradandır, oralara necə gedirsiniz?
Başa düşülür ki, ya rüşvət alır, ya da qanunsuz sahibkarlıqla məşğuldurlar. Bu, ölkədə həm də inhisarçılıq yaradır. Dövlət məmuru niyə sahibkarlıqla məşğul olmalıdır ki? O öz vəzifəsindən sui-istifadə edərək ölkədə inhisarçılıq yaradır. Ona görə də qoy maaşları çox olsun ki, gözləri tox olsun. Hesab edirəm ki, bu məslədə həm də məsuliyyət sərt olmalıdır. Azərbaycanda korrupsiyaya görə ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir”.
Problem hansı nöqtədə kəskinləşir?
İctimai narazılığın ən çox toplandığı məqam məbləğin özündən çox, nisbətin böyüklüyü və gündəlik həyat fonunda görünən ədalətsizlikdir. Orta aylıq əməkhaqqının 1 102,9 manat olduğu ölkədə 17 000 manatlıq spiker maaşı, minimum əməkhaqqı ilə müqayisədə dəfələrlə yüksəkdir.
Bəs beynəlxalq müqayisə etsək, Azərbaycanın “analogu varmı?”
Məsələn, 2025-ci ilin fevralında yayımlanmış “Members’ Pay: An International Comparison” araşdırması müxtəlif parlamentlərdə deputat maaşlarını təqdim edir. Həmin cədvəldə:
- Bundestaq (Almaniya) üçün illik deputat maaşı 134 726 avro göstərilir.
- Stortinq (Norveç) üçün illik deputat maaşı 1 171 000 NOK kimi verilir.
Bu rəqəmlər bir daha göstərir ki, yüksək maaş bəzi ölkələrdə normaldır; fərqi yaradan əsas elementlər isə adətən vergi yükü, gəlir bəyannaməsi, maraqların toqquşması qaydaları və ictimai nəzarətin işləkliyidir.
Bəs Azərbaycanın əsas fərqi nədir?
Azərbaycanın fərqi daha çox nisbətlərdə görünür:
| Ölkə | Maaş (nümunə) | Orta maaş göstəricisi | Nisbət |
|---|---|---|---|
| Azərbaycan | Spiker: 17 000 manat/ay | Orta: 1 102,9 manat/ay | ~15,4 dəfə |
| Almaniya | Deputat: 134 726 avro/il | 55 000 avro/il | ~2,45 dəfə |
| Norveç | Deputat: 1 171 000 NOK/il | 800 000 NOK/il | ~1,46 dəfə |
Azərbaycandakı rəqəmin “dünya standartlarına uyğun olub-olmaması” bir yana, onun ölkə daxilində sosial-iqtisadi tarazlığı necə dəyişdirdiyi əsas müzakirə mövzusudur.
Dünya Bərabərsizliyi Hesabatı isə məmur və deputatların maaş artımı ilə bağlı müzakirəni daha da həssas edir.
Sonda bir sual açıq qalır: Azərbaycanda yüksək maaşlar həqiqətən “talant saxlamaq” və idarəetməni yaxşılaşdırmaq üçün alətdirsə, bu addım niyə paralel şəkildə gəlir bəyannaməsi, müstəqil audit və ictimai hesabatlılıq kimi mexanizmlərlə tamamlanmır?
Azərbaycanda məmur maaşları