Azərbaycanda Kür çayı o qədər dayazlaşıb ki, dibi görünür. Kimdir günahkar - fermerlər, yoxsa hakimiyyət?
Azərbaycanın Neftçala rayonu ərazisində ölkənin əsas çaylarından biri olan və Cənubi Qafqazın ekosistemində mühüm rol oynayan Kür xeyli dayazlaşıb.
Ekspertlərdən bir qismi bu həyəcanlı vəziyyəti yerli fermerlərin məsuliyyətsiz münasibəti ilə əlaqələndirirlər. Digərləri isə Migəçevir su anbarının ölkənin su ehtiyatları üçün yaratdığı risk haqda xəbərdarlıq edirlər.
Foto: oxu.az
Neftçala rayon sakinlərinin sözlərinə görə, çayda su o qədər azdır ki, suyun dibi görünür. Onlar mal-qaraya vermək, bağları və bostanları suvarmaq üçün suyu pulla almalı olurlar.
Rayonda içməli su ilə bağlı da problem yaranıb. Yerli sakinlər bildirirlər ki, içməli su onlara qonşu Salyan rayonundan gətirilir.
• Azərbaycanda balıqların kütləvi tələf olması ilə bağlı video sosial şəbəkələrdə qalmaqal yaradıb
Kür çayı sahilində yerləşən Neftçala şəhərinin sakini Fərman Hüseynov “BBC Azərbaycanca”ya bildirib ki, Kürün səviyyəsi həddən artıq azalıb və Xəzərin duzlu suyu çay suyuna qarışıb, nəticədə içməli su problemi yaranıb:
“Son yüz il ərzində belə hala rast gəlinməyib ki, Kürə duzlu su gəlsin. Çayın səviyyəsi son illər ərzində azaldığı halda hakimiyyət tərəfindən burada qabaqlayıcı işlər görülməyib”, – Fərman Hüseynov deyib.
Fermerlərin etinasızlığı problemin əsas səbəblərindən biridir
“Çayda suyun səviyyəsi o qədər azalıb ki, orada ekosistem məhv olmaq təhlükəsi ilə üzləşib”, – Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyir.
Onun fikrincə, əsas səbəblərdən biri yerli fermerlərin ekologiyaya etinasız münasibəti ilə bağlıdır.
“Kənd Təsərrüfatının və fərdi təsərrüfatların inkişafı o qədər artıb ki, suyun istehlakı çoxalıb. Burada söhbət suyun israfından və düzgün istifadə olunmamasından gedir”, – Ramiz Məmmədov deyib.
O, misal olaraq bildirib ki, Bankə qəsəbəsindən Xəzər dənizinə kimi olan 50-60 kilometr ərazidə Kür çayından çox sayda fərdi təsərrüfata su çəkilib, motorlar quraşdırılıb.
“Çoxlu süni gölməçələrdə balıq təsərrüfatları yaradılıb və istehlak çoxalıb”, – Ramiz Məmmədov deyib.
Bununla yanaşı alim bütün dünyanın ekosisteminə təsir edən iqlim dəyişikliklərini də problemin səbəbləri sırasında qeyd edib.
Problemi necə həll etməli?
Hələ aprelin 15-i 2020-ci ildə prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqda” sərəncam imzalayıb. Həmçinin problemi öyrənmək və Kürdə su ehtiyatlarının bərpası üçün proqram hazırlamaq üçün xüsusi komissiya da yaradılıb.
Lakin yerli ekspertlər komissiyanın vaxtında hərəkətə keçməməsindən narahatdılar.
Ekoloq Telman Zeynalov bildirir ki, Kürün qurumasına qlobal iqlim dəyişikliyi və yağıntıların azalması səbəb kimi göstərilsə də, bu belə deyil:
“Kürün quruması ancaq Mingəçevir su anbarından asılıdır. Ola bilər ki, Mingəçevir su anbarı həddən artıq çox suyu götürüb”, – Zeynalov deyir.
Əgər prezidentin yaratdığı komissiya həqiqətən də vəziyyəti aydınlaşdırmaq istəyirsə, onlar yerlərə gəlib, burada baş verənləri öyrənməlidirlər – ekoloq hesab edir.
“Bəziləri deyir ki, Kür ilə Arazın birləşdiyi yerdə bəzi məmurların obyektləri var, onlar suyu götürür deyə Kür quruyur, mən istəyirəm, bununla da komissiya maraqlansın.
Mən bütün günü dövlət televiziyalarına baxıram, hələ bu problemlə bağlı bir addım da görmürəm. Deməli, bu ciddi problem onları maraqlandırmır”.