Azərbaycanda kuir media
Azərbaycanda LGBTQİ+ vətəndaşların üzləşdiyi problemlərə mediada yer verilməməsi, mənfi yöndə işıqlandırılması, daim nifrət nitqinin tirajlanmasına cavab olaraq kuirlər özlərini ifadə etmək üçün müxtəlif onlayn media və platformalar yaradıblar.
Bununla belə, maddi və psixoloji səbəblərdən həmin layihələrin çoxu fəaliyyətini yarımçıq saxlamağa məcbur qalıb. Digər layihələr fasilə ilə olsa da, aktivliyini qoruyub, lakin dayanıqlı fəaliyyətə əminlik yoxdur.
- Azərbaycan Ermənistanla sərhəddə niyə ATƏT missiyasına qarşıdır? Bakıdan şərh
- Gürcüstan parlamentinin spikeri: “Rusiyanın Ukraynaya hücumunu pisləyirik”
- Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır? İstanbuldan icmal
Maddi problemlər
Bu layihələrdən biri 2021-ci ildə Vüsalə Hacıyeva tərəfindən yaradılan “Transvisionary”dir. Hacıyevanın sözlərinə görə, Azərbaycan dilində transgenderlər üçün məlumatlandırıcı layihə olmayıb. Elə bu səbəbdən də o, transgenderlərin problemlərini əhatə edən audio-vizual məlumat bazası “Transvisionary”ni yaratmaq qərarına gəlib.
“Translar üçün, ümumiyyətlə, informasiya ala biləcəyin heç bir baza yox idi. Məsələn, transgenderlər kimlərdir, keçidə necə başlamalısan və s. Elə bizim də məqsəd o idi ki, hər hansı bir məlumat bazası olsun”, – o deyir.
Davamlı olaraq izləyiciləri “Instagram” və “YouTube” kanalı üzərindən “Əvəzləyici hormonal terapiyaya başlamazdan əvvəl nələri etsək, bizə daha faydalı olar? Misgenderinq nədir?” və s. sualları ətrafında məlumatlandıran “Transvisionary” maliyyə probleminə görə mart ayından fəaliyyətini dayandırıb.
Vüsalə deyir ki, layihəni başqa formatda – sırf translara dair hadisələrlə bağlı podkastlar hazırlamaqla davam etmək istəyir.
Lakin bunun üçün maliyyənin davamlı olması vacib amildir. Çünki layihədə işlərin 80%-ni özü təkbaşına görür.
“Bu isə həddən çox vaxt aparır. Mən ya bu işlə məşğul olmalıyam, ən azı nəsə əldə etməliyəm ki, işi davam elətdirə bilim, yaxud da gərək bu işi dayandırıb, öz həyatımı təmin etmək üçün başqa işlə məşğul olum, – deyərək, o əlavə edir ki, vaxtının çox hissəsini könüllülüyə sərf edə bilməz. – Biz işləyirik ki, ac qalmayaq. O imtiyaz bizdə yoxdur ki, könüllü iş görək, çünki biz də yaşamalıyıq”.
Kuirlərin özləri arasında anlaşılmazlıqlar
2020-ci ildə Qürur Ayını qeyd etmək məqsədi ilə yaradılan digər platforma isə “İDAHOT” adlanır.
“İdahot”a başlayanda etdiyimiz ilk şey o idi ki, qonşu ölkələrdə olan qürur yürüşlərinin videolarını düzəldirdik. Məsələn, Rusiyada və Türkiyədə olan yürüşlər. Bunu könüllü şəkildə edirdik. Biz buna hər hansı maddi dəstək almamışdıq”, – layihə qurucularından biri Lili Nəzərov deyir.
Elə həmin ilin 17 May – Homofobiya və Transfobiyaya Qarşı Mübarizə Günündə Lili Nəzərov komanda yoldaşı ilə Bakının mərkəzi küçələrində “Bərabərlik Dəyərdir” yazılan şarlar və LGBTQİ+ bayraqları ilə dolaşaraq qeyd ediblər.
“Bu gün bir ilkə imza atmaq üçün bir neçə LGBTQİ+ fəalı tərəfindən bu stereotipi qırmağa cəhd oldu, həmişə kimi psixoloji təzyiqlərin olmasına baxmayaraq, gənclərimiz Qürur Bayrağını dalğalandırmağa nail oldular!”, – “İDAHOT” özünün “Instagram” postunda bildirib.
Lakin bir müddət sonra onlar fəaliyyətlərini dayandırıblar.
Nəzərovun sözlərinə görə, Azərbaycanda kuir cəmiyyət içində fəallar fəallarla, yaxud kuir vətəndaşlar fəallarla yola gedə bilmir və belə təşəbbüslər də davam etmir.
“Bizdə kuir mədəniyyəti hələ ilk addımlarını atır. Bu mədəniyyət formalaşmadığı üçün insanlar arasında iş və şəxsi münasibətlər bir-birindən tam ayrılmayıb. Əsas məqsədimiz kimi kuir hüquqları üzrə işə fokuslanmaqdansa, şəxsi münaqişələrə fokuslanırıq”, – o bildirir.
Nəzərov düşünür ki, fəallar iş və şəxsi münasibətləri bir-birindən ayırmağı bacarmalı və həmrəy olmalıdırlar. Çünki yalnız bu halda onların yükü azala bilər.
“Deyirik ki, ağır xəbərləri işləsək, daha çox paylaşaraq müzakirə olunacaq.
Bizim gücümüz çatmır ki, birləşib məsələni aktuallaşdıraq. Sistemin də istədiyi budur onsuz. Sistem səni güclüzləşdirir və deyir ki, görürsən sən heç nə edə bilmirsən. Biz də tükənirik, gücümüz çatmır, işlər yarımçıq qalır”, – o vurğulayır.
Reytinqlərdə acınacaqlı vəziyyət
Azərbaycanda olan LGBTQİ+ların hüquqlarının pozulması və ümumiyyətlə, müdafiənin olmaması xarici və yerli hesabatlarla öz əksini tapır. Məsələn, İLGA-Avropa təşkilatı “hüquqi müdafiənin, demək olar ki, olmaması” səbəbi ilə illərdir Azərbaycanı 49 ölkə arasında sonuncu yerdə sıralayır. Təşkilat bu reytinqi tərtib edərkən hüquq bərabərliyini, nifrət əsaslı cinayətlər və düşmən ritorikanı, diskriminasiyanı, gender müxtəlifliyinin hüquqi cəhətdən tanınması kimi məsələləri nəzərdən keçirir.
Dünya üzrə siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı “Freedom House”un 2022-ci ilə dair hesabatında da Azərbaycan “azad olmayan” ölkələr sırasında yer alıb. “Sərhədsiz Reportyorlar” təşkilatının 2022-ci ilin Mətbuat Azadlığı İndeksi hesabatında isə Azərbaycan 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb.
Azərbaycanda ilk kuir media
Kuir medianın Azərbaycandakı tarixi 2011-ci ildən başlayır. Ölkədə ilk dəfə LGBTQİ+a dair sualları cavablandıran, problemlərini işıqlandıran, kuir vətəndaşların hüquqları barədə məlumat verən media “Gay.az” həmin il LGBTQİ+ fəalı Ruslan Baluxin tərəfindən təsis edilib. Eyni zamanda, tolerantlıq ideyalarının yayılması və geylərin, lesbiyanların, biseksual və transgenderlərin ölkənin ictimai həyatında fəal iştirakını təşviq etmək üçün yaradılan “Gay.az”ın saytı üç dildə – rusca, ingiliscə və azərbaycanca fəaliyyət göstərsə də, sosial media fəaliyyətləri əsasən rus dilindədir.
Azərbaycan dilində ilk LGBTQİ+ jurnalı “Minority” isə 2015-ci ildə təsis olunub. İlk 3 il ərzində 9 sayı işıq görən jurnal daha sonra fəaliyyətini onlayn informasiya portalı olaraq davam etdirməyə başlayıb.
Jurnalın qurucularından biri Səməd İsmayılov deyir ki, nəşr ilk 3-4 ilini heç bir maliyyə yardımı olmadan işləyib. Daha sonra isə saytlarını yeniləməyə və komandaya peşəkar üzvlər dəvət etməyə başlayıblar:
“Mən gördüm ki, bizə geridönüşlər daha çox LGBTQİ+lardan gəlir. Onlar bizə təşəkkür edir. Onda başa düşdüm ki, əslində məqsədimiz maarifləndirmək deyil, LGBTQİ+ların görünürlüyünü yaratmaq, onlara “siz tək deyilsiniz, biz varıq, sizə aid olan bir media var” deməkdir”.
Buna baxmayaraq, Səməd bir müddət əvvəl layihəni tərk etmək qərarına gəlib. Onun sözlərinə görə, buna səbəb LGBTQİ+lara qarşı təqib və təzyiqlər haqqında xəbərləri davamlı olaraq paylaşmasının ona yaratdığı psixoloji təzyiq olub. Hadisələr gündəlik həyatına da təsir etməyə başlayıb:
“İş yoldaşım link göndərir, onu paylaşmağa əlim gəlmir. Yenə kimisə qətlə yetiriblər, yenə haradasa kimisə döyüblər, haradasa bir qanun çıxdı və s. “Minority”nin saytında başlıqlara göz gəzdirsəniz, başa düşərsiniz ki, hər şey həddən artıq neqativdir”.
Jurnalın digər qurucusu Gülnara Mehdiyeva isə deyir ki, əgər LGBTQİ+ döyüldüyü zaman heç yerə şikayət etmirsə, bunu ölkədə media işıqlandırmır.
“Amma “Minority”yə onlar müraciət edə bilir və biz anonim dərc edə bilirik, ya da qeyd edə bilirik ki, sırf LGBTİQ+a fokuslandığımızdan, bizim üçün onun polisə gedib-getməməsi vacib deyil”, – deyərək, o əlavə edir ki, bu yolla xəbərlər arxivləşir və data olaraq qalır.
“Biz daha sonra illik icmallar dərc edəndə, ölkənin vəziyyətinə baxanda, hansısa beynəlxalq hesabatlar yazanda və yaxud danışanda əlimizdə arxivləşmiş linklər, xəbərlər, sübutlar olur, sadəcə “Facebook” statusu yox”, – Mehdiyeva deyir.
Gülnara Mehdiyevanın fəaliyyətinə görə dəfələrlə sosial media hesabları ələ keçirilib. 2020-ci ildə “8 marş” aksiyasından sonra təşkilatçıların “Facebook” səhifələri sındırılanda bu, “Minority”dən də yan keçməyib.
“Minority”də bizim 5 il ərzində paylaşdıqlarımızı, abunəçiləri – hər şeyi silmişdilər. Səhifə də silinmişdi, onu “Facebook” ilə danışıqlar nəticəsində qaytara bildik. Abunəçiləri isə yox. Burada mən özümü çox günahkar hiss etmişdim, çünki bizim 5 illik əziyyətimiz getmişdi. Bu, mənim üçün ciddi sarsıntı idi”, – deyən Mehdiyeva “Minority” layihəsinin də bir müddət maddi problemlərə görə fəaliyyətini dondurmaq məcburiyyətində olduğunu bildirib.
Yeni, amma tanınan kuir media
“Bəzən dəstəyimiz olmayanda iş dayanır. Həm icma üzvləri nigaran qalır, həm də çoxlu hadisələr baş verir, onları işıqlandırmaqda problem yaranır”. O düşünür ki, gələcəkdə media olmağa namizədlər sırasına “Qıy Vaar” və “Femkulis” platformaları da daxil ola bilər.
2021-ci ildə LGBTQİ+ fəalı Əli Məlikov tərəfindən yaradılan “Qıy Vaar” qısa müddətdə özünə müəyyən auditoriya toplaya bilib. Layihə “LGBTQİ+ material yaradır və sənə danışmaq üçün platforma vermək istəyir” şüarı altında podkastlar hazırlayır və sosial media hesablarında LGBTQİ+lara qarşı baş verən təqib və təzyiqlərlə bağlı xəbərlər paylaşır.
Kuir media kimə lazımdır?
Həm Məlikov, həm də digər feminist fəal Sənay Yağmur tərəfindən 2020-ci ildə yaradılan “Femkulis” platforması isə sosial şəbəkələr üzərindən fəaliyyət göstərir və feminizm mövzusunda məlumatlılığı artırmaq, qadın və LGBTQİ+ların üzləşdiyi ədalətsizliyi ictimailəşdirməyə fokuslanır.
Gender tədqiqatçısı Leyla Həsənovanın sözlərinə görə, kuir platformaların olması və bu cür platformalara vətəndaş cəmiyyəti, fəallar və digər insanlar tərəfindən maddi və mənəvi dəstək çox vacibdir, çünki bu yolla Azərbaycanda kuir vətəndaşlara qarşı törədilən cinayətlər və zorakılıqlar, siyasi və hüquqi pozuntular işıqlandırılır və sənədləşdirilir:
“Çünki ənənəvi mediada və mövcud siyasi rejimdə kuir vətəndaşların reallığı təhrif edilir və bu cür platformalar kuir vətəndaşların reallıqları barədə məlumat almaq, problemlərini işıqlandırmaq üçün məhdud resurslardandır”.
Lili Nəzərov deyir ki, LGBTQİ+ media insanlarda göz yaddaşı olması üçün çox vacibdir:
“Əvvəllər kuirlər barədə danışılmırdı, indi isə danışılır, onlar açıq şəkildə kimliklərini ifadə edirlər. Buna görə də, insanlar üçün bunu qəbul etmək daha rahatdır”.
Səməd İsmayılov isə düşünür ki, Azərbaycan kimi keçid yaşayan ölkələrdə belə media mütləq olmalıdır:
“Əgər ideal dünyada yaşasaydıq, sözsüz ki, bu cür platformalara ehtiyac olmazdı”.
Məqalə JAMnews üçün “QueeRadar”ın mentorluq proqramı çərçivəsində hazırlanıb.