Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə ödənişləri verilmir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev TƏBİBin (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) həkimlərə ayrılan əlavə ödənişi verməməsini tənqid edib.
Rüfət Quliyev Lənkərandakı həkimlərin əlavə almalı olduqları pulu ala bilmədiklərini bildirib. Deputat deyir ki, həkimlər şəxsən onun qəbulunda olublar:
“Yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”.
Rüfət Quliyev deyir ki, TƏBİB hələ də onun müraciətinə cavab verməyib.
Rüfət Quliyev söyləyir ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib, lakin ona cavab verən olmayıb.
“TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib”.