Azərbaycanda keçmiş siyasi məhbus zorakılıq tətbiq etməkdə günahlandırılır. Bu, onun üçüncü həbsidir
Azərbaycanlı müxalifətçi və keçmiş siyasi məhbus Tofiq Yaqublu zorakılıq tətbiq etməkdə ittiham olunur. O özü və onun yaxınları bildirirlər ki, ittiham saxtadır. Bu, artıq Yaqublunun üçüncü həbsidir.
Tofiq Yaqublu müxalif “Müsavat” partiyasının və müxalif Demokratik Qüvvələrin Milli Şuranın üzvüdür. 2013-cü ildə o, kütləvi iğtişaş təşkil etmək ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə digər tanınmış siyasi məhbus İlqr Məmmədov da məhkum edilmişdi. Yaqublu 2016-cı ildə əfv edilib. 2019-cu ilin oktyabrında o, yenidən bir ay müddətinə həbs edilib – bu dəfə müxalifətin mitinqindən sonra.
Tofiq Yaqublu martın 22-də həbs edilib. Buna qədər o, sosial şəbəkələrdə yol kənarında saxladığı maşınında oturmuşkən başqa bir maşının qəsdən ona çırpıldığını, həmin maşından bir kişi və bir qadının düşərək ona hücum etdiklərini danışıb.
Polisin versiyasına görə, Yaqublu onun maşını ilə toqquşan maşının sahibləri olan evli cütlüyə hücum edib, onlar da Yaqubludan şikayətçi olublar.
Tofiq Yaqublu, onun yaxınları və müxalifətçi yoldaşları hesab edirlər ki, bu hadisə provokasiya, şikayətçilər isə öyrədilmiş insanlardır.
Elə həmin günlərdə başqa bir müxalifətçi – Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Anar Məlikov karantin qaydalarını pozmaqda ittiham olunaraq 10 sutka inzibati həbs cəzası alıb.