Mayın 18-dən Azərbaycandakarantin rejimi xeyli yumşaldılıb. Ölkə sakinlərinin indi evdən çıxması üçün işdən arayışa və ya sms-lə icazə almağa ehtiyac yoxdur. Kafelərə, restoranlara getmək, parklarda gəzmək də olar. Son ay yarımda ölkə sakinləri bu imkanlardan məhrum olmuşdular, odur ki, qadağaların aradan qaldırılmasını çoxları “azadlığın ilk günü” adlandırıb.
Bununla belə, yenə də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron yarımadasına giriş və çıxışlar bağlıdır. Toy və yas mərasimləri, mədəni və əyləncəli tədbirlər hələ də qadağandır, idman zalları və ticarət mərkəzləri də açılmayıb. Ölkədə yeni yoluxma hallarının sayı isə yüksək olaraq qalır.
Şəhər nəqliyyatına gəlincə, Bakı metrosu mayın 4-dən işləməyə başlayıb, avtobusların hərəkəti isə bütün karantin boyu dayandırılmayıb.
Kafe və restoranların açılması bakılılar üçün ən böyük sevincə səbəb olub. Hərçənd onlar hələlik səhər saat 8:00-dan 18:00-a qədər işləyəcəklər. Müəssisələrin çoxu açılış ərəfəsində sosial şəbəkələr vasitəsilə daimi müştərilərinin diqqətinə çatdırıblar ki, onların yolunu səbrsizliklə gözləyirlər. Dəvətə reaksiya verənlər də çox olub.
“Heç bir sms göndərmədən evdən çıxmaq və çox darıxdığım qəhvəxanaya gedə bilmək o qədər xoşdur ki. Düzdür, ora çatanda gördüm ki, yer yoxdur. Hər yan dolu idi. Üstəlik də günorda saat birdə! Yaxşı ki, heç olmasa terrasda boş masa tapıldı, hava da küçədə oturmağa imkan verir”, – Bakı sakini Ayla təəssüratlarını bölüşüb.
Amma bütün kafelər belə dolu deyil. Bu da Ramazan ayı olduğu üçün gündüzlər çoxlarının oruc tutması ilə bağlıdır.
65 yaşdan yuxarı insanlar da çox sevinclidir, nəhayət, onlar da evdən çıxa bilirlər. İki aya yaxındır ki, onlara ümumiyyətlə küçəyə çıxmaq qadağan olunmuşdu.
“Anam səhərdən qohum evlərinə turneyə çıxıb. Yaxşı ki, hamısı qonşuluqda yaşayır”, – Bakı kənarındakı qəsəbələrdən birinin sakini Şamil deyir.
Azərbaycan hakimiyyəti ikinci yoluxma dalğası təhlükəsinə baxmayaraq, ölkəni karantindən çıxarır.
Hazırda hər gün 100 civarında yeni yoluxma halı qeydə alınır. Amma hakimiyyət vətəndaşları daha məsuliyyətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
Karantinin mayın 31-də tam aradan qaldırılacağı nəzərdə tutulub.