Dəfn üçün icazə - Azərbaycanda koronavirus fonunda yeni hüquq pozuntusu
Aprelin 5-də Azərbaycanda vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq ediləndən sonra yeni qayda pozuntusu yaranıb – insanlar karantin qadağalarından yan ötmək üçün müxtəlif variantlar fikirləşirlər.
Bu variantlardan ən populyarları uydurma dəfn mərasimi və saxta sms-icazədir.
Hər gün buna görə onlarla insan saxlanılır.
Aprelin 14-ü səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 1148 COVID-19 koronavirusuna yoluxma halı qeqdə alınıb. 12 nəfər ölüb, 289 nəfər sağalıb.
Mağazaya və geri!
Yeni qaydalara müvafiq olaraq evdən çıxmaq üçün Azərbaycan əhalisinin əksəriyyəti əvvəlcə şəxsiyyət vəsiqəsinin nömrəsini və evdən çıxma səbəbini xüsusi indekslə göstərərək “8103” nömrəsinə sms göndərməlidir. İcazə verilən məqsədlər cəmi üçdür: həkim müayinəsi, mağazaya/aptekə/banka/poçta və ya yaxın qohumun dəfninə getmək. Cavabında icazə sms-i gəlir ki, küçədə polis saxladığı zaman həmin sms-i göstərmək lazımdır.
Qayda pozuntusuna görə cərimə və ya hətta həbs cəzası tətbiq edilir.
Gün ərzində yalnız bir dəfə icazə almaq mümkündür. Üstəlik həm həkim müayinəsinə, həm də mağazaya getmək üçün iki saat vaxt verilir, dəfnə qatılmaq halında isə vaxt məhdudiyyəti göstərilməyib.
Hakimiyyət əmin edir ki, bu tədbirlər koronavirusla mübarizə üçün çox vacibdir və başqa heç cür insanları evdə oturmağa məcbur etmək mümkün deyil.
Amma ölkə sakinlərinin çoxu hesab edir ki, onları həddən artıq sərt çərçivəyə salıblar.
- Bakı karantin zamanı necə görünür? Video
- Ermənistanda koronavirus: üç uşaqlı jurnalistin karantin gündəliyi
- Koronavirus haqda hər şey
Şübhəli dərəcədə çox dəfn mərsimi
Yeni məhdudiyyətlər qüvvəyə minəndən artıq 3 minə yaxın insan yaxın qhumun dəfni üçün icazə alıb. Müvafiq dövlət orqanlarında burada yalanın olduğundan şübhələniblər.
Yoxlamalar göstərib ki, çox vaxt ya heç bir dəfn yoxdur, ya da bu, yaxın qohumun dəfni deyil.
Yalnız ötən sutka ərzində bu yalana görə 50 nəfər saxlanılıb. Onların hər biri 100 manat [59 dollara yaxın] cərimələnib.
Özünü öyən saxtakar
Qadağalardan yan ötməyin ikinci yayılmış variantı sms-icazələrin saxtalaşdırılmasıdır. Bu yola adətən iki saatlıq sutkalıq limitdən artıq istifadə etdikdən sonra yenə də küçəyə çıxmaq istədikləri zaman yararlanırlar.
Belə saxtakarlardan biri Nail Yaqubov adlı cavan oğlandır – o nəinki xüsusi kompüter proqramı ilə icazəni saxtalaşdırmağı öyrənib, həm də sosial şəbəkələrdə və WhatsApp qruplarında bununla bağlı özünü öyüb. Yaqubov 25 sutka həbs cəzası alıb, sosial şəbəkə istifadəçiləri isə onun niyə belə axmaqca özünü ələ verdiyini anlamaqda çətinlik çəkirlər.
Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi tətbiq olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilat və müəssisələr bağlıdır.
65 yaşdan yuxarı insanlara ümumiyyətə evdən çıxmağa icazə verilmir.
Bununla belə ölkədə hələ də rəsmi şəkildə fövqəladə vəziyyət rejimi elan olunmayıb.