Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir
COVID-19 virusuna yoluxanların sayı artmaqdadır, hökumət belə qərara gəlib ki, insanlar həftə sonu, yəni cümə günündən bazar ertəsinə qədər evdən çıxmasın.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində bütün iş, xidmət və ticarət sahələrinin fəaliyyəti, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. Buna baxmayaraq, xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinə məhdudiyyət qoyulmur.
6 iyun saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda insanların yaşayış yerlərini tərk etməsi qadağan edilir.
Ölkə sakinləri yaşadıqları yeri ancaq tibbi yardıma ehtiyac duyduqda, həyati təhlükə olduğu zaman və yaxud yaxın qohumların cənazəsində iştirak etmək üçün tərk edə bilərlər. Bunun üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 nömrəsinə zəng etməlidirlər.
2020-ci il 6 iyundan 8 iyunadək yalnız bu qurum və xidmətlər çalışır:
• Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanları və təşkilatlar
• xəstəxanalar, təcili tibbi yardım müəssisələri
• sosial xidmət müəssisələri, əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
• kommunal xidmətlər, su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası
• elektrik enerjisinin istehsalı və təchizatı
• meliorasiya və su təsərrüfatı
• rabitə xidmətləri
• teleradio yayımçılarının, televiziya və radio kanalları, kabel televiziyaları
• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımalar
• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi
• fasiləsiz istehsalat fəaliyyəti istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr
• neft və qaz hasilatı, emalı, saxlanması və satışı
• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.