Azərbaycanda COVID-19-dan daha bir nəfər ölüb, yoluxanların yarıdan çoxu sağalıb, karantin rejimi isə daha iki həftə uzadılıb
Azərbaycanda aprelin 20-də müddəti başa çatmalı olan karantin rejimi mayın 4-nə qədər uzadılıb. Bütün qaydalar, qadağalar və məhdudiyyətlər qüvvəsində qalır. Bunların sonradan sərtləşdiriləcəyi, yaxud da yumşaldılması ölkədə sanitar-epidemioloji vəziyyətin analizindən asılı olacaq – Nazirlər Kabineti yanında operativ qərargah məlumat verib. Bununla birlikdə, gələn həftə ərzində qərargah uzadılmış karantin rejimindən mərhələli çıxış planını hazırlayıb açıqlamağı düşünür.
- Bostandan tərəvəz, qəribə cərimələr və pulsuzluq
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Karantin dövründə Bakı necə görünür? Video
Aprelin 19-u axşama olan rəsmi məlumatlara görə, ötən sutka ərzində Azərbaycanda 25 yeni COVID-19-a yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb, 122 nəfər sağalıb və xəstəxanadan evə yazılıb.
On doqquzuncu vəfat etmiş şəxs haqqında bu məlumdur ki, onun 80 yaşı olub və koronavirusdan savayı, ürəyin işemik xəstəliyindən, arterial hipertenziyadan və postinfarkt kardiosklerozdan əziyyət çəkib.
Beləliklə, yoluxanların ümumi sayı 1398 nəfər təşkil edir ki, bunlardan 19 nəfəri ölüb, 712-si isə sağalıb. Başqa sözlə, yoluxanların yarıdan çoxu sağalıb.
Hazırda Azərbaycanda praktiki olaraq bütün müəssisələrin, təşkilatların və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Metro, parklar, bağlar bağlıdır. Küçəyə çıxmaq üçün iş yerindən arayış olmalı (işləməyə davam edən azsaylı şəxslər üçün), yaxud da gündə bir dəfə iki saat olmaq şərtilə sms-lə icazə almaq lazımdır. Pozucular Azərbaycanda kifayət qədər böyük məbləğdə – 100 manat cərimə edilirlər.

Karantinin uzadılması ehtimalı barədə hakimiyyət bir həftədir ki, danışırdı, buna görə də, bu, kifayət qədər gözlənilən xəbər idi və bir çoxları bu qərarı dəstəklədi. Lakin əhalinin heç də az olmayan hissəsi bunun əksinə çıxış edir və sosial şəbəkələrdə öz məyusluğunu və etimadsızlığını ifadə edir.
Bəzi şərhlər:
«Xəstəlik halları azalır, iki gündən sonra hakimiyyət yenidən rəqəmləri şişirdəcək ki, insanları həbsdə saxlasın! Bəsdir artıq, ətrafda hər şeyi bağlayıblar, heç olmasa imkan verin, insan kimi gəzək və hava alaq!»;
«Deyəsən, bu karantinə ancaq Bakının mərkəzində riayət olunur. Ətraflarda hər şey əvvəllər olduğu kimidir – həyətlərdə insanlar da çoxdur, uşaqlar futbol da oynayır, heç kim maska da taxmır»;
«Nə mərhələli plan? Bu vəziyyətdə kim daha çox cərimələməkdən başqa nəyisə düşüncəli şəkildə planlaşdıra bilər?».
«Yeni, deyəsən, işsiz oturacağıq. Heç olmasa, kreditləri dondurun!»