Azərbaycanda jurnalistlərin və həkimlərin koronavirusdan ölməsinə “qadağa qoyulub”
Azərbaycanda kütləvi informasiya vasitələrinə jurnalistlərin və həkimlərin koronavirusdan ölməsi ilə bağlı xəbərlərin verilməsinə qadağa qoyulub.
Dünən bu xəbər özünü bir daha doğruldub və sosial şəbəkələrdə böyük səs-küyə səsbəb olub. Belə ki, dünən səhər İctimai Televiziya (İTV) həmin telekanalda baş redaktor olan Əmrah Fəqanoğlunun “Yeni klinika”da koronavirusdan ölməsi barədə məlumat yayıb.
Bundan sonra bir çox saytlar həmin xəbəri dərc etsələr də, bir müddət keçmiş məlumatı siliblər. Bu fakt sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. “Əmrah Fəqanoğlunun ölüm xəbərinin saytlardan silinməsi medianın iç üzünü bir daha göstərdi. Əslində heç təəccüblənmədim. Çünki jurnalistikanı öz mənafeyi üçün məhv edən sayt rəhbərləri öz həmkarını niyə dəfn etməsin ki?”
“Deməli? İctimai televiziyanın baş redaktoru Əmrah Fəqanoğlu koronavirusdan dünyanı dəyişib. Məlumatı bu gün APA yayıb. Çox keçmədən xəbəri bəzi hakimiyyətin sür-sümüyü ilə qidalanan saytlara sildiriblər”.
Adının çəkilməsini istəməyən jurnalistlərdən biri JAMnews-a bildirib ki, redaksiyaların daxilində yayılmış təlimata əsasən, jurnalistlərin və həkimlərin koronavirusdan ölməsi xəbərlərini yayan saytlar cəzalandırılacaq. Cəzanın məhz nədən ibarət olması hələlik məlum deyil.