Azərbaycanda işsizlər avqust ayında da 190 manat alacaqlar
Karantin müddəti avqustun 31-nə qədər davam etdiyinə görə Prezident Ilham Əliyev işsiz qalmış şəxslərə avqust ayında da 190 manat yardım verilməsini tapşırıb. Ekspertlər bu məbləğin az olduğunu və pandemiyadan zərər çəkmiş insanlara kifayət etmədiyini deyirlər.
Prezident İlham Əliyev bildirib ki, 600 000 işsiz insana, həm də qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq işini itirən, aztəminatlı təbəqəyə aid olan insana dövlət tərəfindən yardım göstərilib. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev isə deyib ki, 190 manat verilməmişdən öncə yenə də yoxlama prosesi olacaq. Ola bilər ki, kimsə işə düzəlib, ola bilər kimsə aztəminatlılıqdan çıxıb.
Bu məsələ də sosial şəbəkədə müzakirə olunub.
Bəzi şərhlər:
“Nəhayət, bir vicdanlı deputata rast gəldik- Deputat Elnur Allahverdiyev: “Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manat almasına ehtiyac var”
Azərbaycan dövlətinin indiki maliyyə imkanları baxımından elə də böyük məbləğ deyil – Neft Fondundan cəmi 1 milyard ayrılsa, 3 ay 2 milyon insana 190 manat yardım etmək olar!””
“13 rayonda 190 manat veriləcək. Digər rayonlarda yaşayan toy musiqiçiləri, şadlıq saraylarının personalı yığışıb gitaranı, sintezatoru yeyib dolansınlar”.
“Cəlilabad rayonunda işsiz olduğunu düşünən sakin Nəsir Hüseynov özünün də xəbəri olmadan artıq üçüncü aydır ki, işə götürülüb. Adına gəlmiş əməkhaqqı kartını da alıb, amma balansda pul yoxdur, fırladıblar. Sizcə kimin işidir? Bəli, çirkin ünsürlər, “beşinci kolon”un nümayəndələri, AXCP üzvləri”.