Azərbaycanda “İran casusu” ovu davam edir
Azərbaycanda İran casusları
Mayın 16-da Azərbaycan hüquq-mühafizə orqanları daha bir “İran meyilli” qrupun həbs edildiyini elan edib. 8 nəfərdən ibarət qrup üzvləri İran xüsusi-xidmət orqanlarının tapşırığı ilə Azərbaycan “Kərimə” şəriət dövləti yaratmaq cəhdində ittiham edilirlər. Oxşar ittihamlarla həbs edilən Azərbaycan vətəndaşlarının sayı artıq onlarladır.
- Paşinyan-Əliyev-Mişel görüşünə dair Bakı və Yerevandan dəyərləndirmə
- Amerikalı müəllimənin “Azərbaycan corabları”
- “Ya azadlıq, ya ölüm”. Müxalifətçi həbsdə 3 aydır aclıq edir
Nə baş verib?
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir:
“İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb”.
Rəsmi məlumata görə, adı çəkilən şəxslər həyatlarına sui-qəsd təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər.
“Bu məqsədlə o, odlu silah əldə etmək və “Molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 7 nəfər üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev saxlanılaraq istintaqa təqdim ediliblər”, – məlumatda deyilir.
Ötən ilin sonundan başlayan “ifşalar”
Azərbaycanda “İran casusları”nın ovu ötən ilin sonundan başlayıb. İlk “casus şəbəkəsinin ifşası” 2022-ci ilin noyabrına təsadüf edib. Həmin vaxt həbs edilən beş nəfər İran xüsusi-xidmət orqanları ilə əməkdaşlığa görə “vətənə xəyanət”də ittiham olunmuşdular.
Rəsmi ittihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın xüsusi xidmət orqanlarının tapşırığı ilə xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb və mobil telefon vasitəsilə, eləcə də İrana səfəriləri zamanı bilavasitə təqdim edib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Əsgərovla eyni zamanda casusluqda ittiham olunan digər dörd nəfər də müxtəlif növ informasiyalar toplayaraq İrana ötürüblər.
Mediada yayılan xəbərlərə görə, “İranın Azərbaycandakı casus şəbəkəsinin ifşası” ilə bağlı bu ilin martında iki, aprelində bir əməliyyat həyata keçirilib. Hazırda eyni ittihamla həbs edilən Azərbaycan vətəndaşlarının sayı onlarladır.
Bütün bu həbslər İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. İrana məxsus yük maşınlarının qanunsuz olaraq Ermənistan ərazisindən keçərək, Qarabağın erməni əhalisi yaşayan hissəsinə gedib-gəlməsi səbəbilə başlayan gərginlik bu ilin əvvəlində Tehranda Azərbaycan səfirliyinə terror hücumundan sonra kulminasiyaya çatdı və artıq aylardır ki səngimir.
Hətta martda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücumla bağlı həbs edilən 4 nəfər şübhəlinin İrandan idarə olunduğu ittihamı da səsləndirildi.
“Hakimiyyət mümkün risk qruplarını sıradan çıxarır”
Dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu hesab edir ki, həbslər Azərbaycanda İranın dini mərkəzlərinin təsiri altında olan dindarlara qarşı həyata keçirilir. “Daha doğrusu, hakimiyyət mümkün risk qruplarını sıradan çıxarmağa çalışır”.
“Azərbaycan hüquq-mühafizə orqanları xarici ölkələrin dini təsiri və bu təsirin yaradacağı riskləri neytrallaşdırmaq üçün zaman-zaman bu cür “profilaktik” tədbirlər həyata keçirir. Nəticədə, təbii olaraq, çoxlu sayda günahsız insanlar da güdaza gedir, həbs olunur, əziyyət görür və son olaraq dövlətdən küsür, özünü incidilmiş hesab edir. Əlbəttə, sirr deyil ki, Azərbaycanda İranın və ya belə demək olarsa, İrandakı dini mərkəzin təsiri altında olan şəxslər var. Amma bu cür şəxslərin böyük sayda olduğunu düşünmürəm”, – Kənan Rövşənoğlu “Turan” informasiya agentliyinə bildirib.
O deyir ki, dindarların bəlli dini mərkəzlərlə dini-mənəvi bağları var və onları hansısa inzibati vasitələrlə qoparmaq mümkün deyil. “İranla bağlı məsələdə bu özünü daha problematik göstərir. Çünki İran rəsmi olaraq islam dövlətidir və dini təbliğatı dövlət siyasətinin tərkib hissəsi olaraq aparır. Bu, əhalisinin böyük bir hissəsinin şiə olduğu və İranla qonşu olan ölkə olaraq bizim üçün daha çox həssaslıq təşkil edir. Üstəlik, iki ölkə hakimiyyətləri arasında münasibətlərin pisləşdiyi dövrdə bu soyuqluq dindarlar üzərində təzyiq formasında özünü hiss etdirir”.