Azərbaycanda illik inflyasiya 12,5%-ə çatıb. Qeyri-rəsmi isə iki dəfə daha çoxdur
Azərbaycanda 2022-ci ilin yanvarında 2021-ci ilin yanvarı ilə müqayisədə inflyasiya 12,5 faiz təşkil edib. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Ekspertlər bildirirlər ki, əslində inflyasiya iki dəfə daha yüksəkdir və 25 faizə çatır.
- Azərbaycanda pensiyaçılara pul paylanacaq
- Türkiyə lirəsinin ucuzlaşması: səbəblər iqtisadidir, yoxsa siyasi?
- Ermənistanda həyat bahalaşır: statistika komitəsinin hesablamaları
Azərbaycanın Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvarına aid əsas iqtisadi göstəriciləri açıqlayıb. Beləliklə, hökumətin bildirdiyinə görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə ötən ay ölkədə inflyasiya 12,5 faiz təşkil edib. Başqa sözlə, 2021-ci ildə 100 manata alınan mallara və xidmətlərə görə 2022-ci ilin yanvarında artıq 112,5 manat ödəmək lazım gəlir. Dövlət Komitəsinin açıqlamasına görə, ərzaq mallarının, içkilərin və tütün məhsullarının qiyməti 17,1 faiz artıb, qeyri-ərzaq malları 5,9, xidmətlər isə 11,1 faiz bahalaşıb.
İllik inflyasiya ilə bağlı rəsmi göstəriciləri nəzərə alaraq, son altı ildə, yəni milli valyutanın son devalvasiyasından sonra manat alıcılıq dəyərini 50 faiz itirib.
Müstəqil ekspertlər bildirirlər ki, əslində inflyasiya rəsmi rəqəmlərdən iki dəfə artıqdır.
Ekspert rəyi
“Yanvar ayında rəsmi inflyasiya 12,5%, ərqaz inflyasiyası isə 17,1% olub, bu hələ rəsmi rəqəmlərdir.
Bahalıq insanları əzir, hər gün vətəndaş bunu öz güzəranında hiss edir, hökumət papağını qarşısına qoyub düşünməlidir – qiymət artımı, inflyasiya həyatı dözülməz edir”, – dövlət komitəsinin açıqlamasını şərh edən iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bildirib.
“Belə yüksək inflyasiyanın başqa fəsadları da var – banklarda vətəndaşlardan qəbul edilən depozitlərin faizləri 8-10%-dir, inflyasiya isə 12,5%, bu rəsmən vətəndaşları dolamaq, banklar vasitəsilə də ciblərinə girməkdir.
Əgər inflyasiya səngiməsə, vətəndaşlar depozitlərini banklardan çəkib, dəyərsizləşdirməkdən qorumaq üçün başqa yollar axtarmağa başlayacaq, ölkədən kapitalı çıxarmağa çalışacaq, Türkiyə və Gürcüstanın əmlak bazarına yatırımlar artacaq.
2021-ci ildə Türkiyədə əmlak qiymətləri dollar ifadəsində 5-6%-ə yaxın artıb. Azərbaycan vətəndaşının ölkədə Banklara manatla 8-9%-lə depozit qoyub, onu da inflyasiyanın yeminə çevirməsindənsə, sabit məzənnə rejimindən istifadə edib, manatını dollara çevirib Türkiyədən daşınmaz əmlak alması daha məntiqli olacaq.
Yəni, hökumətin inflyasiyanı cilovlaya bilməməsi həm vətəndaşları yoxsullaşdırır, həm də bank sisteminə ciddi stress yaradır”, – ekspert qeyd edib.